Polşanın Krakov şəhərində III Avropa Oyunlarının təntənəli açılış mərasimi keçirilib.
Bizim.Media xəbər verir ki, tədbir Krakovdakı “Henik Reyman” stadionunda təşkil olunub.
1953-cü ildə inşa olunan bu arenada “Visla” futbol klubu öz oyunlarını keçirir. Ümumilikdə 33 min 326 tamaşaçı tutumuna malik stadiondakı açılış mərasimi dolu tribunalar önündə gerçəkləşib. Tədbirin bütün biletləri bir ay öncədən satılıb.
Açılış mərasimində Avropa Olimpiya komitələri, təşkilatçı ölkə Polşanın rəhbər şəxsləri, həmçinin digər ölkələrdən olan qonaqlar, o cümlədən Azərbaycan Gənclər və İdman Nazirliyinin və Milli Olimpiya Komitəsinin rəsmiləri iştirak ediblər.
Tədbirin bədii hissəsi xoreoqrafiyası ilə göz oxşayıb. Musiqi və rəqslərin sintezindən qurulmuş ssenaridə polşalı müğənnilər Trbos və Roksi Vengel, Ukraynanın “Kaluş” hip-hop qrupu kimi tanınmışlar da iştirak edib. Həmçinin Kşiştof Çuqovski, Qoleç və Orkestr, Zakopover, Darya je Şląsk, Kamil Bednarek, Munyek və Prjyaasiele də açılış mərasiminin ulduz qonaqları sırasında yer alıblar.
Açılış mərasimində idmançıların paradı da olub. Azərbaycan millisi paraddan keçib.
Bayrağımızı qılıncoynadan Barat Quliyev və oxatan Yaylagül Ramazanova daşıdığı halda, onu yığmamızın şef-de-missionu, Gənclər və İdman Nazirliyinin şöbə müdiri Elnur Məmmədov, idmançılar və rəsmi şəxslər müşayiət ediblər. Azərbaycan millisi paraddan 6-cı keçib.
Azərbaycan idmançıları üçüncü Avropa Oyunları zamanı Polşanın 5 müxtəlif şəhərində mübarizə aparacaqlar. Rəsmi keçidə yalnız Krakovdakı yarışlarda iştirak edəcək idmançılar qatılıblar.
Açılış mərasimində yarışın məşəli də alovlandırılıb. Krakovdakı stadionda bu vəzifəni üç yerli atlet yerinə yetirib.
Sonda möhtəşəm atəşfəşanlıq olub.
İyulun 2-dək davam edəcək III Avropa Oyunlarında 48 ölkədən 7 minə yaxın idmançı mübarizə aparacaq. İdmançılar 29 növ üzrə 253 dəst medalın sahibini müəyyənləşdirəcək. Azərbaycan Krakov-2023-də 14 növ üzrə 101 idmançı ilə təmsil olunur.
Qeyd edək ki, tarixdə ilk Avropa Oyunları 2015-ci ildə Bakıda, ikinci multiidman tədbiri 2019-cu ildə Minskdə baş tutub. Azərbaycan millisi bu yarışlarda 84 medal qazanıb. İdmançılarımız 26 qızıl, 25 gümüş və 33 bürünc mükafat əldə edib. Komandamız medal sıralamasında Bakı-2015-də 2-ci, Minsk-2019-da 10-cu yeri tutub.
Bizim.Media