Premyer Liqada qalmaq məsələsini həll etsə də “Kəpəz”in düşərgəsində sular durulmaq bilmir ki, bilmir. Hazırda komandanın baş məşqçisi Tərlan Əhmədovla klub rəhbərliyi arasında gərgin münasibətlər qalmaqdadır.
Təsadüfi deyil ki, Gəncəyə gələndən bəri klub rəsmiləri ilə ulduzu barışmayan Əhmədov son mətbuat konfranslarından birində mövsümün sonunda komandadan gedəcəyini açıqlayıb.
Əlbəttə bu məsələnin görünən tərəfidir. Əslində isə baş məşqçi “Kəpəz”dən getmək istəmir. Hər halda komandanın düşərgəsindən gələn son xəbərlər belə deməyə əsas verir.
Bəs, görəsən Tərlan Əhmədovla gəncəli futbol veteranlarını üz-üzə qoyan nədir?
Hər şey baş məşqçinin Gəncəyə gəlişindən sonra əslən bu şəhərdən olan klub rəsmiləri ilə, futbolçularla yola getməməsindən başlayıb. Həmin vaxt Gəncə futbolunun mogikanı Mehman Allahverdiyevin qardaşı Füzuli Allahverdiyevin klubdan uzaqlaşdırılmasına nail olan Əhmədov bəzi yerli oyunçulara qarşı da bu addımı atdı.
Misal üçün gəncəli futbol azarkeşləri hələ də keçmiş kapitan Əli Səmədov və Zahid Mərdanovun “Kəpəz”dən göndərilməsində əsas günahkar kimi məhz baş məşqçini görürlər.
Amma Tərlan Əhmədovun “Gəncəfobiya”sını azarkeşlər tək bu hərəkətlərlə məhdudlaşdırmır. Yerli futbol fanatları, həmçinin veteranlar onu yerli futbolçuları heyətdə az oynatmaqda da günahlandırır.
Bu mənada Tural Rzayevin heyətə demək olar düşməməsini, 21 yaşlılardan ibarət milliyə dəvət olunan Mahir Əliyevin əvəzinə qış fasiləsində İdris İnqillablını gətirərək bu futbolçunun mövqeyində oynadılmasını, birinci divizionda əla oyun nümayiş etdirən Ruslan Süleymanov kimi istedadın əsas heyətə dəvət olunmamasını yerlilər məhz baş məşqçinin “xidməti”nin nəticəsi kimi dəyərləndirir.
Son turlar ərəfəsində isə Tərlan Əhmədovun “siyasət”ini dəyişəcəyi gözlənilir. Belə ki, baş məşqçinin “Neftçi” və “Qəbələ”yə qarşı oyunlarda daha çox yerli oyunçulara, xüsusən də gəncəlilərə yer verəcəyi gözlənilir ki, şəhərin çılğın azarkeşləri bunu da səmimi addım saymır. Bir çoxları bunu Əhmədovun postunu itirməmək üçün həmin futbolçuların dəstəyini qazanmaq və “mən gəncəli oyunçuları sıxışdırmıram” aurasını yaratmaq, həmçinin bu görüşlərdə uğursuzluq yaşanacağı halda bütün günahları həmin futbolçuların üzərinə atmaq məqsədi güddüyünü iddia edir.
Ancaq “Kəpəz”dəki qarşıdurmada insafən, Tərlan Əhmədovun xeyrinə olan amillər də var. Əvvəla o, çətin bir vəziyyətdə, maliyyə imkanları məhdud, ehtiyat skamyası çox kasad olan bir klubu Premyer Liqada saxlamağı bacardı.
İkincisi, baş məşqçi növbəti mövsüm üçün rəhbərlik qarşısında bəzi şərtlər qoyub ki, bu da normal sayılmalıdır. O, transferlərlə bağlı bütün məsələlərin onun səlahiyyətində olmasını istəyir ki, bu da peşəkar futbol qaydalarına zidd olan bir şey deyil. Yəni məşqçi futbolçuları özü seçməli, növbəti mövsüm üçün heyəti özü qurmalıdır.
Son xəbərlərə görə “Kəpəz” rəhbərliyi Əhmədovun şərtləri ilə razılaşmayıb və məntiqlə baş məşqçinin mövsümün sonunda istefası labüd görünür.
Ancaq yazının əvvəlində toxunduğumuz hadisələr onu göstərir ki, tərəflər güzəştə gedən deyil. Çünki yerli futbol elitasının “Tərlançılar”adlandırdığı azarkeş qrupunun klub rəhbərliyinin üzərinə göndərilməsi yeni qalmqalların başlanğıcı idi. Xoşbəxtlikdən klubun aşağı yaş qruplarında işləyən bəzi məşqçilər eləcə də bir sıra veteranlar həmin vaxt stadionda olub və mübahisənin böyüməsinə imkan verməyiblər.
Belə gedişlə necə deyərlər “bu xəmir hələ çox su aparacaq”. Sonda tərəflərdən kimin qalib, kimin isə məğlub olacağından asılı olmayaraq burada uduzan hələ ki, Gəncə futboludur.
Hadisələrin inkişafını diqqətdə saxlayacağıq...
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
08:30 / 20.05.2023
Baş məşqçi ilə gəncəli veteranlar ÜZ-ÜZƏ – “Kəpəz”də nələr baş verir?
Hazırda oxunan: Baş məşqçi ilə gəncəli veteranlar ÜZ-ÜZƏ – “Kəpəz”də nələr baş verir?
Hazırda oxunan: Baş məşqçi ilə gəncəli veteranlar ÜZ-ÜZƏ – “Kəpəz”də nələr baş verir?
136889
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.