“Heydər Əliyev kuboku”nun finalçıları müəyyənləşdi

Hazırda oxunan: “Heydər Əliyev kuboku”nun finalçıları müəyyənləşdi

133201

Kişi voleybolçular arasında “Heydər Əliyev kuboku”nun finalçıları bəlli olub.  

Bizim.Media xəbər verir ki, bu gün Voleybol Mərkəzində turnirin yarımfinal oyunları keçirilib.

Yarımfinalın ilk qarşılaşması “Xarı bülbül Şuşa” və “Neftçi” komandaları arasında baş tutub.

Gərginliyi ilə yadda qalan oyuna “Xarı bülbül Şuşa” daha yaxşı başlayıb və ilk hissədə 25:19 hesabı ilə qalib gəlib.  

İkinci setdə 25:20 hesabı ilə üstün olan “Neftçi” ümumi hesaba tarazlıq gətirib. Lakin Şuşa təmsilçisi təşəbbüsü yenidən ələ alaraq sonrakı setləri 25:12 və 25:20 hesabları ilə bitirib.

Beləliklə, 3:1 hesabı ilə qələbə qazanan “Xarı bülbül Şuşa” turnirin ilk finalçısı olub. Günün növbəti matçında “Murov” və MOİK kollektivləri üz-üzə gəliblər. Görüş ehtimal olunduğu kimi Fərid Cəlalovun yetirmələrinin üstünlüyü ilə keçib.  

MOİK rəqibinə müqavimət göstərsə də ölkə çempionatının son qalibi ilə bacara bilməyib. Meydandan 3:0 (25:14, 25:21, 25:12) hesablı qələbə ilə ayrılan “Murov” adını kubokun finalına yazdırıb.  

Beləliklə, “Heydər Əliyev kuboku”nun həm qadınlarda, həm də kişilərdə finalçıları bəlli olub. Həlledici qarşılaşmalar aprelin 28-də Voleybol Mərkəzində təşkil olunacaq. Həmin gün ilk olaraq meydana qadın voleybolçular çıxacaqlar.  

Saat 16:00-da başlanacaq final matçında “Abşeron” və “Azərreyl” kollektivləri çempionu müəyyən edəcəklər. İki saat sonra isə kişi voleybolçuların final görüşündə “Xarı bülbül Şuşa” və “Murov” komandaları üz-üzə gələcəklər. Bu qarşılaşmalardan dərhal sonra qaliblərin mükafatlandırma mərasimi və kubokun rəsmi bağlanış mərasimi keçiriləcək. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin