“Ümummilli lider Heydər Əliyevin sözləri bu gün də qulaqlarımdadır: “Yarış meydanlarında Azərbaycanın bayrağını yüksəltmək dövlət sərhədini qorumaq qədər şərəflidir” – bu gün 75 illik yubileyini qeyd edən SSRİ-nın İdman ustası, Azərbaycanın əməkdar məşqçisi, “Şöhrət” ordenli Elçin Zeynalov Bizim.Media-ya müsahibə verib.
Elçin Zeynalov 1 aprel 1948-ci ildə Gəncə şəhərində anadan olub. Uşaq yaşlarından idmanın sərbəst güləş növü ilə məşğul olmağa başlayıb. 1968-ci ildə Kirov adına Bədən Tərbiyəsi İnstitutunun qiyabi şöbəsinə daxil olub. Hazırda idman müəllimi kimi fəaliyyətini davam etdirən Elçin Zeynalov Gəncə şəhər yığma komandasının baş məşqçisi vəzifəsində çalışır. Bir çox yetirmələri Dünya, Avropa çempionatlarının, Dünya Kubokunun qalibi və mükafatçılarıdır. SSRİ İdman ustası, Azərbaycanın əməkdar məşqçisi, "Əməkdar bədən tərbiyəsi və idman xadimi" fəxri adı, “Şöhrət” ordeni, “Tərəqqi medalı”, "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif olunub.
- Elçin müəllim, idmana gəlişinizi necə xatırlayırsınız?
- Hələ uşaq yaşlarımdan güləş idman növünə böyük həvəsim var idi. Küçədə həmyaşıdlarımla tez-tez imkan düşən kimi güləşirdim. Təxminən 6-cı sinifdə oxuyurdum. O zamanlar Şah Abbas Məscidinin yanında məşqçilər məktəbi var idi. Orada sərbəst güləş üzrə məşqlər keçirdilər. İndiyə kimi yadımdadır. Hər gün gəlib o binanın pəncərəsinin qarşısında dayanıb məşq edən uşaqlara baxırdım. Məşqləri o zaman SSRİ idman ustası, Əməkdar məşqçi Firudin Həsənov keçirdi. Bir gün mərhum Firudin müəllim məni pəncərənin qabağında gördü və zala dəvət elədi. Soruşdu ki, güləşə həvəsin varmı? Mən də bildirdim ki, çox sevirəm bu idmanı. Onda məni bir həmyaşıdımla döşəyə çıxardı. Amma həmin uşağa tapşırmışdı ki, mənə uduzsun. Bunu sonralar bildim. Həmin döşəkdə ilk qələbəm məni güləşə gətirdi.
- İdmançı Elçin Zeynalov sonradan peşəkar bir məşqçi oldu. Yetirmələrinizdən danışaq bir az...
- 1968-ci ildə Kirov adına Bədən Tərbiyəsi İnstitutunun qiyabi şöbəsinə daxil oldum. O zamanlar məşqçilərə və idman müəllimlərinə böyük tələbat var idi. 1-ci kursu bitirdikdən sonra mən Gəncədə məktəblərin birində fiziki tərbiyə müəllimi kimi işə başladım. Təbii ki, həmin məktəbin zalında güləş döşəyi var idi və orada uşaqlara və gənclərə güləş idman növünün sirlərini öyrətməyə başladım. Sonradan Gəncədə Dinamo İdman Cəmiyyətinin idman zalında məşqlər keçməyə, artıq peşəkar şəkildə Azərbaycan, o zamanlar SSRİ və Dünya çempionatları üçün güləşçilər hazırlayırdım. Yetirməm olan Raqif Məmmədov 45 kiloqram çəki dərəcəsində 1989-cu ildə Bakı da keçirilən SSRİ çempionatında yalnız tanınmış ukraynalı idmançı Pervaçuka uduzaraq gümüş medal qazandı. Digər yetirməm Ayazxan Paşayev Spartak cəmiyyətləri arasında keçirilən SSRİ çempionatında qızıl medal qazandı. Məşqçisi olduğum Valeh Qasımov isə MDB dövlətləri arasında keçirilən birincilik də qazandığı gümüş medalla bizi sevindirdi. Yetirmələrindən beynəlxalq arenada Azərbaycan himnini səsləndirən güləşçim Habil İbrahimov olub. O, 1995-ci ildə Macarıstanda keçirilən Yeniyetmələr arasında Dünya birinciliyində ilk dəfə qızıl medal aldı.
- Elçin müəllim, bəs, sizin üçün ən yadda qalan yarış hansı olub?
- Yarışların hamısı yadda qalandır, uğurların hamısı şirindir, qürurvericidir. Amma mənim üçün 1996-ci ildə İran İslam Respublikasında keçirilən Dünya çempionatı yaddaşımda bir iz buraxıb. Bilirsiniz ki, İran güləşin çox inkişaf etdiyi ölkələrdən biridi. Burada keçirilən yarışda nəticə qazanmaq, özü də dünya çempionatı kimi bir titullu yarışda çox çətin məsələ idi. Yarışların birinci günüdə 40 kiloqram çəki dərəcəsində yetirməm Rza Xəlilov finalda iranlı pəhləvanına qalib gələrək, qızıl medal qazandı. Yarışın ikinci günü 48 kiloqram çəki dərəcəsində digər yetirməm Habil İbrahimov o zamanlar İranın ən güclü və titullu pəhləvanı Dərvişiyə qalib gələrək ikinci dəfə dünya çempionu oldu. Təsəvvür edirsinizmi, İranda Azərbaycan himni iki dəfə səsləndi və 10 minlərlə insan ayaq üstə idmançılarımızı alqışladı. O zaman mən İrandan, Azərbaycanın Prezidenti, Ümummilli Lider Heydər Əliyevə teleqram vurdum. Orada yazmışdım:
“Çox hörmətli Heydər Əlirza oğlu Əliyev cənablarına “Azərbaycan himni nəhayət ki, İranda səsləndi və bayrağımız qalxdı. Güləşçilərimiz iki dəfə himnimizlə hamını ayağa qaldırdılar”.
-Elçin müəllim bu teleqramdan sonra Ümummilli Liderlə görüşünüz oldumu?
-Əlbəttə oldu. Mən həm dahi şəxsiyyət Heydər Əliyevlə, həm də onun layiqli davamçısı cənab Prezidentimiz İlham Əliyevlə dəfələrlə görüşmüşəm. Elə 1996-cı ildə İrandakı Dünya çempionatından sonra ümummilli lider məni və İranda Azərbaycan himnini səsləndirən, bayrağını yüksəldən iki güləşçini qəbul etdi. O bizimlə xeyli söhbət edərək Azərbaycanın bütün dünyada tanıdılmasında idmanın böyük rolu olduğunu vurğuladı. Ümummilli lider Heydər Əliyevin sözləri bu gün də qulaqlarımdadır: “ Yarış meydanlarında Azərbaycanın bayrağını yüksəltmək dövlət sərhədini qorumaq qədər şərəflidir”. Mən həmin görüşdə bir daha hiss etdim ki, Azərbaycan üçün, onun idmanını yüksəltmək üçün çalışmalıyıq. Heydər Əliyevlə görüşdə mən söz verdim ki, ömrümün sonuna kimi Azərbaycan idmanın adının yüksəldilməsi naminə yorulmadan çalışacam. Bu gün 75 yaşım tamam olacaq və mən öz sözümün üstündə dururam.
- Elçin müəllim, məşqçi üçün yetirməsinin olimpiya çempionu olması necə bir hissdir?
- Əmək fəaliyyətim dövründə güclü idmançılarım çox olub. Ola bilər bəziləri haqda heç danışmadım. Amma məni ən çox sevindirən, hətta göz yaşlarına qərq edən yetirmələrimdən biri də Toğrul idi. İndiyə kimi yadımdadır. 2005-ci il idi. Mən "Təhsil" İdman Klubunda məşqçi işləyirdim. Toğrulun babası, SSRİ idman ustası Səməndər Hüseynov onu mənim yanıma gətirdi. Ona kimi Toğrul babası kimi sambo ilə məşğul olmuşdu. Səməndər müəllim Toğrulu yaxşı bir idmançı kimi yetişdirməyimi xahiş etdi. Toğrulda çox vacib idmançı keyfiyyətləri var. Çox texnikalı uşaq idi. O hələ ilk günlərdən məşqlərdən yorulmaz, doymazdı. Qarşısına qoyduğu məqsəd uğrunda daim mübarizə aparırdı. Mənə də belə özünə tələbkar idmançı ilə işləmək xoş idi. Birgə əməyimizin nəticəsidir ki, Toğrul Əsgərov az bir zamanda sərbəst güləş aləmində parlamağa başladı. Azərbaycan çempionatında o zaman ki, titullu idmançılara qalib gəldi. Sonrada beynəlxalq yarışlarda dalbadal uğurlar qazandı. 2008-ci ildə yeniyetmələr arasında Avropa Çempionatında qızıl medal, 2010-cu ildə Macarıstanda keçirilən dünya çempionatında gümüş medal, 2011-ci ildə yeniyetmələr arasında Avropa Çempionatında qızıl medal və sairə. Toğrul bu illlərdə 10-larla beynəlxalq yarışların qalibi oldu və 2012-ci ildə Böyük Britaniyada keçirilən 30-cu Yay Olimpiya Oyunlarında bütün Azərbaycanı sevindirdi.
- Həmin final görüşünü necə xatırlayırsınız?
- Həmin gün mən ailəmlə Gəncə şəhər İcra Hakimiyyəti binasının qarşısında quraşdırılan böyük ekrandan final yarışını izləyirdim. Toğrul çempion olanda mən göz yaşlarımı saxlaya bilmədim. Sevincimdən az qalırdım orada olan fəvvarənin içərisinə tullanım. Özümdə deyildim. Çox sevinmişdim onda. Nəhayət ki, yetirmələrimdən olimpiya çempionu da olmuşdu. İllərin əziyyəti öz bəhrəsini vermişdi. Həmin gün həyat tarixçəmə qızıl hərflərlə yazıldı.
- Toğrulun qələbəsindən sonra cənab Prezident Sizi qəbul etdi. Hansı hissləri keçirdiniz?
- Ümumiyyətlə mən Ümummilli Lider Heydər Əliyev və cənab Prezidentlə dəfələrlə görüşmüşəm. Hər görüş bir xatirədir təbii ki... Toğrul Əsgərov olimpiya çempionu olduqdan sonra cənab İlham Əliyev bizi qəbul etdi. Mən həmin görüşdə ümummilli liderə verdiyim sözdən söhbət açdım. Cənab Prezident Azərbaycan idmanın inkişafında əməyimi çox yüksək qiymətləndirərək məni “Şöhrət ordeni” ilə təltif etdi. Bu mənim ən böyük arzum idi.
- Elçin müəllim, bu gün anadan olmağınızın 75 ilini arxada qoyursunuz. Əgər idmançı olmasaydız, hansı peşə sahibi olardınız?
- Mən idmançı və məşqçi olmaqla yanaşı, həm də müəlliməm. Uşaqların fiziki tərbiyəsi və sağlamlığı ilə məşğul oluram. Ümummilli liderimiz də deyirdi ki, “ Mən müəllimdən şərəfli peşə tanımıram”. Yəqin ki, müəllim olardım. Amma idman mənə hər şey verdi. Ad, san, şöhrət, titul, fəxri adlar, ev, maşın, yüksək qonorarlar, yaxşı yaşamaq üçün nə lazımdırsa idman mənə verib. Bu şəraiti mənə və Azərbaycan idmanına yaratdığı üçün ümummilli lider Heydər Əliyevə, onun layiqli davamçısı İlham Əliyevə, 1-ci vitse Prezident Mehriban xanım Əliyevaya dərin minnətdaram.
Məqsəd Rəhimov, Bizim.Media-nın Qərb bürosu
- A-
- A
- A+
İdman
11:45 / 01.04.2023
“Toğrul Əsgərov çempion olanda, sevincimdən az qalırdım fəvvarəyə tullanım” – Elçin Zeynalovla MÜSAHİBƏ
Hazırda oxunan: “Toğrul Əsgərov çempion olanda, sevincimdən az qalırdım fəvvarəyə tullanım” – Elçin Zeynalovla MÜSAHİBƏ
Hazırda oxunan: “Toğrul Əsgərov çempion olanda, sevincimdən az qalırdım fəvvarəyə tullanım” – Elçin Zeynalovla MÜSAHİBƏ
128373
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.