Karateçilərimiz 22-26 mart tarixlərində İspaniyanın Qvadalahara şəhərində Avropa çempionatında 8 medal qazanıb.
Bizim.Media xəbər verir ki, mükafatların biri qızıl, dördü gümüş, üçü isə bürüncdür. 8 medaldan 1 qızıl, 2 gümüş və 1 bürünc medala para-karateçilər sahib olub.
Fərdi kumite yarışlarında İrina Zaretska (-68 kq) və Fəridə Əliyeva (68+ kq) Avropa ikincisi olub. Tural Ağalarzadə (-67 kq) və Fərid Ağayev (-75 kq) isə bürünc medal qazanıb.
Bu nəticə ilə Azərbaycan medal qazanan ölkələr arasında Xorvatiya ilə 9-10-cu yerləri bölüşüb.
5 gün davam edən qitə çempionatında 48 ölkədən 468 idmançı iştirak edib. Para-Karateçilərin Avropa çempionatında Emiliya Mitlinova birinci yeri, Eldar Əhmədov ikinci pilləni, Nihat Məmmədzadə və Ariyana Mitlinova isə üçüncü sıranı tutub. Para-karateçilərimiz medal sıralamasında ikinci olub.
Rəşad Rafiqoğlu, Bizim.Media