İrəvan stadionunda Türkiyə millisini nə gözləyir? – Qorumaların SAYI ARTIRILDI 

Hazırda oxunan: İrəvan stadionunda Türkiyə millisini nə gözləyir? – Qorumaların SAYI ARTIRILDI 

127171

Bu günlər futbol bayramıdır. Sabah sevimli “Qarabağ” Olimpia stadionunda İstanbul nəhəngi “Qalatasaray”la yoldaşlıq oyunu oynayacaq. 

Bu gün isə İrəvanda qardaş Türkiyə millisi AVRO-2024-üç seçmə oyunları çərçivəsində Ermənistanla ilk oyununa çıxacaq. Ona görə də bu gün hər kəsin ürəyi İrəvandakı qarşılaşmayla döyünəcək. 

Çünki, İrəvandakı görüş türk dünyası üçün final qarşılasması qədər əhəmiyyətlidir.

Məlum olduğu ki, Qarabağ münaqişəsinə görə uzun illər idi ki, həm Azərbaycan, həm də Türkiyə komandaları futbol üzrə beynəlxalq yarışlarda eyni qrupa salınmırdı. Amma AVRO-2024-ün seçmə mərhələsində Türkiyə ilə Ermənistan eyni qrupa düşüb. Bununla da Beynəlxalq futbol cameəsi bu iki ölkə arasında buzları əritməyə çalışır. Bu və digər səbəblərə görə Türkiyə millisinin bütün azarkeşləri bu oyunu həyəcanla gözləyirlər. 

Amma bir neçə saat sonra başlayacaq matça erməni mətbuatı çox qısqanclıqla yer ayırır.

“Armenpress” kimi rəsmi orqanla yanaşı, “Sputnik Armeniya”, “Hraparak”, “Politika.am”, “Aysor.am” və digər xəbər portallarında iki gün apardığımız monitorinq nəticəsində qarşılaşma barədə bir-iki xəbərə rast gəldik. O da ötən gün keçirilən mətbuat konfransında səsləndirilən fikirlər idi. Ümumiyyətlə erməni mediası bu qarşılaşmaya çox az yer ayırır. Nəinki, qarşılaşma, hətta siyasi münasibətlərlə bağlı fikir söylənilmir. 

Erməni mətbuatından öyrəndiyimiz bu oldu ki, matç Bakı vaxtilə saat 21:00-da İrəvanın Respublika stadionunda baş tutacaq. Qarşılaşmada iştirak edəcək Türkiyəli futbolçuları və texniki heyət dünən səhər saatlarında İrəvana gəliblər. Onlar “DoubleTree by Hilton” otelində yerləşdiriliblər. Türklərin təhlükəsizliyini təmin etmək üçün əraziyə əlavə polis qüvvələri gətirilib.

Lakin, komandaların oyunöncəsi məşqlərə çıxması və digər hazırlıq işləri ilə bağlı heç bir informasiya sərgilənmir. 

Ermənistan höküməti matç ərəfəsində və sonra hər hansı bir insidentin yaşanmaması üçün əlindən gələni edir. Çünki, oyun öncəsi və sonrası baş verə biləcək istənilən xoşagəlməz hadisə rəsmi İrəvana yaxşı heç nə vəd etmir. 

Bugün matçın baş tutacağı Respublika stadionunda da qorumaların sayı 3 dəfə artırılıb. Stadionda azarkeşlər arasında hər 10 nəfərə bir xüsusi xidmət oraqanlarının işçiləri əyləşəcək.

Bundan başqa ehtimal olunan təxribatların qarşısını vaxtında almaq üçün stadiona girişdə xüsusi yoxlama qaydaları tətbiq ediləcək. Dəmir, şüşə heç bir məmulat stadiona buraxılmayacaq. 
Bütün bu sadaladıqlarımız onu deməyə əsas verir ki, İrəvanda baş tutacaq bu günkü qarşılaşma təkcə qrupdakı komandaların yerinə yox, həm də Türkiyə-Ermənistan münasibətlərinin gələcəyinə aydınlıq gətirəcək.

Xatırladaq ki, AVRO-2024 seçmə oyunları çərçivəsində Ermənistan-Türkiyə matçı bu gün saat 21:00-da start götürəcək. Oyun TRT1 kanalı ilə canlı yayımlanacaq.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin