Dünən gecə Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin cavab görüşlərinə start verilib.
Bizim.Media xəbər verir ki, ilk oyunda “Benfika” Lissabonda “Brügge” ilə qarşılaşıb. Səfərdə rəqibinə iki cavabsız qolla qalib gələn lissabonlular bu dəfə daha böyükhesablı qələbəyə seviniblər. “Benfika” futbolçuları rəqib qapısından 5 cavabsız top keçiriblər. “Brügge” futbolçuları bu toplardan yalnız birinin əvəzini çıxa biliblər – 5:1.
Beləliklə, “Benfika” Çempionlar Liqasının dörddəbir final mərhələsinə vəsiqə qazanan ilk kollektiv olub.
Günün ikinci oyununda “Çelsi” öz meydanında “Borussiya Dortmund”u qəbul edib.
İlk oyunda səfərdə minimal hesabla (0:1) məğlub olan “Zadəganlar” Londonda bunun əvəzini artıqlaması ilə çıxıblar. Matç “Çelsi”nin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Matçın 43-cü dəqiqəsində Rahem Sterlinq meydan sahiblərini önə çıxarıb. İkinci hissənin əvvəlində - 53-cü dəqiqədə isə Kay Havertz on bir metrlik cərimə zərbəsi ilə hesabı 2:0 edib.
Beləliklə, “Çelsi” adını dörddəbir finala yazdırıb.
Bizim.Media