Macarıstanın paytaxtı Budapeşt şəhərində cüdo üzrə "Böyük Dəbilqə" turnirinin ikinci günü də Azərbaycan millisi üçün uğurlu olub.
Bizim.Media “Report”a istinadən xəbər verir ki, Tokio Olimpiya Oyunlarına lisenziya xalları verən nüfuzlu yarışda 73 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan cüdoçusu Rüstəm Orucov bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. Cüdoçumuz nüfuzlu yarışda Monqolustan, Bolqarıstan, Rusiya, İsveç təmsilçilərinə qalib gələrək finala çıxıb.
R.Orucov qızıl medal uğrunda qarşılaşmada İsveçrə nümayəndəsi Nils Stampı məğlub edərək əsgər salamı verib. Beləliklə, cüdoçumuz Macarıstan yarışını fəxri kürsünün ən yüksək pilləsində başa vurub.
Xatırladaq ki, turnirin ilk günü Orxan Səfərov millimizə bürünc medal qazandırıb. 61 ölkədən 409 cüdoçunun mübarizə apardığı mötəbər yarışa oktyabrın 25-i yekun vurulacaq.
Bizim.Media