Qurban Qurbanov: “Zirə” daha baxımlı futbol oynamağa imkan vermədi”

Hazırda oxunan: Qurban Qurbanov: “Zirə” daha baxımlı futbol oynamağa imkan vermədi”

121383

“Zirə”nin futbolçuları bu gün daha baxımlı futbol oynamağa imkan vermədilər”.

Bizim.Media report.az-a istinadən xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Zirə”ni 1:0 hesabı ilə məğlub etdikləri Azərbaycan Premyer Liqasının XXIII tur oyunundan sonra mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis rəqibin onları yaxşı analiz etdiyini söyləyib:

“Futbolçularımı təbrik edirəm. Çox gərgin oyun oldu. Bərabərlik də pis nəticə olmazdı. Çünki görüş ona doğru gedirdi. Deməzdim ki, qol imkanlarımız çox oldu. “Zirə” bizə qarşı yaxşı hazırlaşmışdı. Bütün futbolçularımızı düzgün təhlil etmişdilər. Amma futbolçularımızın mübarizəsindən xoşum gəldi, sona kimi bir-birlərinə inandılar. Çox vacib 3 xal qazandıq”.

Qurbanov mübarizliyin sayəsində son dəqiqələrdə fərqlənərək, qələbə qazandıqlarını vurğulayıb:

“Təkcə birinci hissədə yox, ümumilikdə 90 dəqiqə ərzində istədiyimiz oyunu sərgiləyə bilmədik. Bunun bir səbəbi var: meydanda öz oyunumuzu rahat keçirməyimizə rəqib imkan vermədi. Sadəcə, mübarizənin hesabına qalibiyyət əldə edə bildik”.

O, start heyətində yer alan yeni transferlərdən razı qalıb:

“Yeni transferlərin çıxışından razı qaldım. Ancaq hələ optimal formalarından uzaqdırlar. Qarşıdakı görüşlərdə də bəzən 45, bəzən 60, bəzən 90 dəqiqə oynayacaqlar. İstədiyimiz həddə gətirib çıxarmaq üçün bizə bir az vaxt lazım olacaq”.

50 yaşlı məşqçi hazırda İngiltərənin “Sauthempton” klubunun baş məşqçisi olan sabiq köməkçisi Ruben Sellesin onun barəsində səsləndirdiyi müsbət fikirlərə münasibət bildirib:

“Rubenin fikirləri ilə bağlı çox dərinə getmək istəmirəm. Buradakı ümumi işimizi dəyərləndirdiyi üçün ona təşəkkür edirəm. Mən tək deyildim, bir yerdə işləyirdik. Ümumi diskusiyalarımız olurdu, futbolçuların fiziki səviyyələrini çox yaxşı vəziyyətə gətirməyi düşünürdük. Məşq proqramını həmişə məsləhətli şəkildə etmişik. Özümə görə yox, “Qarabağ”ın, Azərbaycanın adının çəkilməsi xoşdur. Burada işləmiş mütəxəssis bu gün İngiltərə Premyer Liqasında baş məşqçi funksiyasını yerinə yetirirsə, Azərbaycan adına xoşdur”.

Baş məşqçi UEFA Konfrans Liqasının pley-off mərhələsində “Gent”lə ilk oyundakı heyətdən yalnız hücumçu Musa Qurbanlının “Zirə” ilə görüşdə start heyətində çıxış etməsinə aydınlıq gətirib:

“Gent” qarşısına hansı heyətlə çıxacağımız barədə hələ qəti qərar verməmişəm. Sadəcə, Musa daha az oynayanlardan biri idi. Əvvəlki matçda 90 dəqiqə iştirak etməmişdi. Bu gün də sona kimi oynatmadıq. Oyunun gedişatına görə də belə bir addım atdıq. Ramil Şeydayev çox yorulmuşdu. Son matçların hamısında 90 dəqiqə meydanda olmuşdu. Hücumçu kimi Musanı oynatmağa məcbur idik”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin