3 boksçumuz “Qızıl kəmər” seriyasında finala yüksəldi

Hazırda oxunan: 3 boksçumuz “Qızıl kəmər” seriyasında finala yüksəldi

119380

Mərakeşdə boks üzrə “Qızıl kəmər” seriyası çərçivəsində ilin ilk turnirində yarımfinal mərhələsi başa çatıb. Azərbaycan millisinin 3 üzvü qələbə qazanaraq finala vəsiqə qazanıb.

Bizim.Media xəbər verir ki, 57 kq çəkidə mübarizə aparan Ümid Rüstəmov Jan Kaysedonun (Ekvador) ardınca italiyalı Françesko İozia ilə döyüşüb.

Yarımfinal görüşü həmyerlimizin qələbəsi ilə başa çatıb. O, rəqibini 5:0 (30:27, 29:28, 29:28, 30:27, 30:27) hesabı ilə məğlub edib. Rüstəmov çempionluq uğrunda Eduard Savvinlə (Rusiya) qarşılaşacaq.

Nəbi İsgəndərov (67 kq) ardıcıl üçüncü görüşündə də inamlı qələbə qazanıb. Avropa çempionatının mükafatçısı Atomani Barouf (Komor adaları) və Selbi Dlamini Tabisonun (Esvatini) ardınca Abdulhakim Akramı (Seyşel adaları) da rinqdən məyus yola salıb. Gəncə boks məktəbinin yetirməsi bu dəfə ikinci raundda tam üstünlüklə qalib gəlib. İsgəndərov finalda Tarxan İdiqovla (Rusiya) üz-üzə gələcək.

Alfonso Dominqes (86 kq) də qızıl medal uğrunda döyüşə vəsiqə qazanıb. Dünya çempionumuz yarımfinalda Endi Lesmesdən (İspaniya) üstün olub. O, rəqibini 4:1 (29:28, 29:28, 27:30, 29:27, 29:28) hesabı ilə məğlub edib. Dominqes qızıl medal uğrunda Şarabutdin Atayevlə (Rusiya) döyüşəcək.

Yığmamızın digər boksçuları Məsud Yusifzadə (51 kq) və Sərxan Əliyev (71 kq) isə turniri bürünc medalla başa vurub. Onlar müvafiq olaraq, Martin Molina (İspaniya) və Stiv Kulenqulukla (Konqo Demokratik Respublikası) qarşılaşıblar və rəqib finala yüksəlib.
Qeyd edək ki, 34 ölkədən 201 boksçunun (119 kişi, 82 qadın) qatıldığı yarışda final döyüşləri fevralın 10-da olacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin