Futbol üzrə dünya çempionatında bu gün 1/8 final mərhələsinin daha 2 oyunu keçiriləcək.
Azarkeşləri daha çox 5 qat dünya çempionu Braziliya millisinin oyunu maraqlandırır. Onlar Cənubi Koreya komandası ilə görüşəcək.
Bizim.Media xəbər verir ki, oyun öncəsi “pentakampeonlar”ın düşərgəsindən yenə həyəcanlı xəbərlər gəlir. Hələ ilk matçda dabanı zədələnən Neymar artıq sağalsa da Gabriel Jesus, Telleş, Gabriel Martinelli kimi futbolçuların zədələnməsi baş məşqçi Titeni narahat etməyə başlayıb. Jesusun vəziyyəti daha pisdir. O, 3 aylıq sıradan çıxıb. Heyət nə qədər geniş olsa da, Tite yəqin ki, zədəlilərin artmasından narahat olmağa başlayıb. Problemlərə baxmayaraq, Braziliya yığması Cənubi Koreya millisi ilə görüşdə aşkar favorit sayılır.
Koreyalılara gəldikdə isə onların play-off mərhələsinə adlaması artıq ciddi bir uğur kimi qəbul edilməlidir. Komanda hazırda heç bir psixoloji təzyiq altında deyil. Onlar həmişə olduğu kimi öz oyunlarını oynamağa, əzmkar müqavimət göstərməyə çalışacaqlar. Əsas silahları isə heç şübhəsiz, lider Son Hun Min olacaq.
Qeyd edək ki, bu oyun Bakı vaxtı ilə saat 23-də başlayacaq.
Günün digər oyunu isə Yaponiya ilə Xorvatiya arasında olacaq. Yaponiya millisi dünya çempionatının sürpriz komandalarından sayılır. Heç kimin gözləmədiyi halda iki futbol nəhəngi sayılan İspaniya və Almaniya yığmalarına qalib gələn “gündoğar ölkə” təmsilçilərinin son mundialın finalçıları ilə görüşdə də sensasiya edəcəyi istisna deyil. Ona görə də, Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç ehtiyatı əldən verməməlidir.
Nəzərə alaq ki, xorvatların da mundialda çətin oyunları oldu. Komandada Modriç kimi ulduz olsa da heyət xeyli yaşlı oyunçulardan ibarətdir və hətta Modriç kimi yorulmaq bilməyən futbolçu belə fiziki cəhətdən tükənə bilər. Yaponiyanın isə əsas silahı ruhdan düşməmək və fiziki cəhətdən yaxşı vəziyyətdə olmalarıdır. Saat 19-da başlayacaq oyunda futbolsevərləri maraqlı və dinamik bir mübarizə gözləyir.
Bizim.Media