Meksikalı peşəkar boksçu, orta çəki dərəcəsində (76,2 kq) mütləq dünya çempionu Saul Alveres Lionel Messini ittiham edib.
Bizim.Media xəbər verir ki, buna DÇ-2022-də Argentinanın Meksikaya 2:0 hesabı ilə qalib gəldiyi oyundan sonra sosial şəbəkələrdə yayılan video səbəb olub.
Həmin video Argentinanın paltardəyişmə otağında çəkilib. Videodan görünür ki, Messi komanda yoldaşları ilə birgə sevinərkən Meksika komandasının formasını tapdayır.
Bununla əlaqədar Alveres rəsmi sosial media hesabında paylaşım edərək yazıb:
"Siz Messinin bizim forma və bayrağımızla döşəməni sildiyini gördünüz? Argentina Meksikaya necə hörmət edirsə, Meksika da Argentinaya o cür hörmət etməlidir. Mən ölkədən (Argentinadan) deyil, Messidən və onun atdığı addımdan danışıram".
Daha sonra Saul bunları qeyd edib:
"Əgər Meksikanın forması ayaqlar altındadırsa, bu, artıq təhqir deməkdir. Odur ki, özünüzü axmaqlığa qoyub bunun edilib-edilmədiyini müzakirəyə çıxarmayın".
Bizim.Media