Maşallah Əhmədovdan AĞIR İTTİHAM: “Niyə komandanı bu günə qoymusuz?”

Hazırda oxunan: Maşallah Əhmədovdan AĞIR İTTİHAM: “Niyə komandanı bu günə qoymusuz?”

105893

Bir zamanların populyar və sevilən futbol komandası “Kəpəz” ağır günlərini yaşayır. Komanda Premyer Liqa oyunlarına getmək üçün avtobus belə tapa bilmir. Avtobus probleminin həlli üçün Futbolun İnkişaf Fondu "Kəpəz 100k" adlı layihəyə start verdi. Lazım olan 100 min manatı toplamaq üçün sentyabrın 7-dən başlanan aksiya istənilən uğuru qazana bilməyib. Çox təəssüf ki, ötən 3 aya yaxın müddətdə 7140 pikseldən cəmi 742 piksel alınıb ki, bu da 11 min 130 manat edib.

Mənzərə olduqaca acınacaqlı və düşündürücüdür. 3 ay müddətində 100 min manat toplamaq doğrudanmı bu qədər müşküldür? Halbuki, Zaur Baxşəliyev öz verilişində 3 günə 1.5, Xoşqədəmsə 3 günə 1 milyon vəsait toplayır. Rəşad Dağlı üçün vəsait toplamaq istəyən “könüllülər”sə bir ayrı söhbətdir. Hələ müğənnilərə yarım milyonluq ev və avtomobil alan “həci”ləri demirik. Deməli, burda problem nəsə başqadır. 

Ona görə məsələyə bir neçə tanınmış gəncəlinin mövqeyini öyrəndik. 

Bizim.Media ilə söhbətində Millət vəkili Naqif Həmzəyev “Kəpəz” azarkeşi kimi kampaniyaya ilk gündən qoşulduöunu söylədi:

“Müəyyən qədər piksel almışam. Amma bildiyim qədər kampaniya uğurla getmir. Bunun da səbəbi odur ki, kampaniya düzgün təşkil olunmayıb. Təbliğat çox zəifdir. Mən çoxlu sayda imkanlı gəncəli tanıyıram ki, soruşmuşam, deyiblər ki, ”xəbərimiz yoxdur”. Aksiya düzgün təşkil olunsaydı yarım milyonluq şəhərdə bu vəsait çoxdan toplanmışdı. Layihə belədir ki, klubun futbol meydançasının içərisi piksellərə bölünüb. Hər pikselin də müəyyən qiyməti var. Bunun da pis tərəfi də odur ki, bir adam bütün və yaxud böyük ölçüdə pikselləri ala bilməz. Çünki, alınan pikselin sahibinin şəkili ora yerləşdirilir”.

Millət vəkili hesab edir ki, piksel alanların şəklinin orada qalmaması daha yaxşı olardı:

“Üstəlik də ianəçilərə 5-6 oyunun bileti hədiyyə də oluna bilər. Hansısa televiziyayla əməkdaşlıq edərək bu layihənin çox yaxşı piarını aparmaq olardı. İzləyicilərlə yaxşı işlənilsə əminəm ki, 100 min yox, daha çox vəsait toplanar.

Bütün dünyada futbolçu formalarının satışı kampaniyası keçirilir. Və milyonlarla vəsait toplanır.

Xatırlayıram ki, “Ərzurumspor”un ciddi maliyyə problemi var idi. Acun İlacının təşkil etdiyi 1-2 saatlıq kampaniyada çoxlu sayda forma satıldı və nəzərdə tutulduğundan xeyli çox vəsait toplandı. Orda həm də ianələr oldu. Yaxşı olar ki, layihənin təşkilatçıları məsələyə yenidən baxaydılar. Layihə təkcə sosial media üzərində qurulmalı deyil. Təkcə Facebook üzərindən bu layihəni aparmaq effektiv ola bilməz. Reallıqlardan çıxış edərək bunu Azərbaycan və Gəncə reallıqlarına uyğunlaşdırmaq lazımdır”.

Bir zamanların məşhur futbolçusu Maşallah Əhmədovsa kampaniyadan xəbərsiz olduğunu bildirdi:

“Məni dəvət də eləməyiblər, ona görə də bu kampaniyaya qoşulmamışam. Kampaniyanın zəif getməsinin səbəbini yaxşı olardı ki, klubun rəhbərlərindən - İlqardan, Mehmandan soruşardınız ki, niyə kampaniyanı apara bilmirsiniz? Niyə klubu bu günə qoymusunuz? Komandanın problemi təkcə avtobus deyil, axı”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin