Bu gün Avropa Liqasındakı təmsilçimiz Ağdamın “Qarabağ” klubu Fransada tarixi görüşə çıxacaq. Fransa təmsilçisi “Nant” ilə qarşılaşacaq köhlən atların tarixində ilk dəfə qrup mərhələsini adlamaq üçün şansı yaranıb. Səfərdə heç-heçə “Qarabağ”ın növbəti mərhələyə çıxması üçün yetərli olacaq.
Görüşlə bağlı Bizim.Media ilə fikirlərini bölüşən “Qol.az” saytının baş redaktoru, ekspert Aydın Bağırov qeyd edib ki, bu gün “Qarabağ” matçın favoriti kimi görünür:
“Çünki Ağdam təmsilçisi ilk görüşdə Bakıda qələbə qazanıb və qrupda “Nant”dan daha yaxşı mövqedə qərarlaşıb. Amma nəticələr aldadıcı olmamalıdır. Bu gün “Qarabağ”ı çətin oyun gözləyir. Düşünürəm ki, “Nant” üçün bu son şans sayıla bilər. Çünki onların da qrup ikincisi kimi növbəti mərhələyə adlamaq şansları var. Ən pis halda isə Konfrans Liqasına gedə bilmək üçün komanda “Olimpiakos”la rəqabət aparır.
MÖVZU İLƏ BAĞLI:
"Qarabağ"ın "Nant"la oyun öncəsi SON HAZIRLIQLARI – VİDEO
Görüş Bakıdakı qədər asan keçməyəcək. Tofiq Bəhramovdakı ağır məğlubiyyət fransızlar üçün dərs olub və bu oyuna final görüşü kimi baxırlar. Rəqibin baş məşqçisi də açıqlamasında bunu qeyd edib”.
Aydın Bağırov bütün bunlara rəğmən “Qarabağ”da ab-havanın yüksək olduğunu da qeyd edib:
“Eyni zamanda komandada zədəli futbolçuların olmaması da əlavə üstünlükdür. Zənnimcə, bu gün ən pis halda bir xal növbəti mərhələni təmin edəcək. Amma qətiyyən arxayınlaşmaq olmaz. Çünki “Nant”ın daxili liqadakı durumu heç də yaxşı deyil və buna görə də, Avropada istər-istəməz uğursuzluğunu sığortalamaq istəyəcək. Və unutmamalıyıq ki, rəqib “böyük beşlik” ölkələrinin təmsilçisidir.
Azərbaycan futbolunun səviyyəsi də o qədər yüksək deyil ki, bu ölkələrin təmsilçilərinə asanlıqla qalib gələcəyimizi düşünək. Lakin “Qarabağ”ın bugünkü səviyyəsi “Nant”dan yüksəkdir”.
Bundan əlavə, qeyd etməliyik ki, “Qarabağ”ın “Nant”la oyunu təkcə idman baxımından yox, siyasi cəhətdən də böyük maraq doğurur.
Birincisi, təmsilçimiz erməni lobbisinin ən güclü olduğu ölkələrdən birində meydana çıxacaq. Bu səbəbdən xoşagəlməz təxribatların və güclü azarkeş təzyiqinin olacağı gözlənilir.
İkincisi, Fransanın son dönəmlər Azərbaycana qarşı sərgilədiyi ermənipərəst mövqe cəmiyyətimizdə bu ölkəyə qarşı haqlı ikrah doğurub. Və bu gün “Qarabağ” üçün hər nə qədər heç-heçə belə yetərli olsa da, qələbə mənəvi baxımdan olduqca böyük önəm daşımaqdadır.
Yəni fransızlara Fransada dərs verməyin əsl vaxtıdır.
Qeyd edək ki, “Nant”-“Qarabağ” görüşü bu gün Bakı vaxtı ilə saat 23.00-da start götürəcək. Təmsilçimiz qrupda 7 xalla ikinci, fransızlar isə 3 xalla 3-cü pillədə qərarlaşıb.
Murad Əhmədov, Bizim.Media