Belə ki, Bəhruz Bayramov Qobustan Qapalı Həbsxanasında cəza çəkən müvəkkilinə yaranmış zərurətlə bağlı təcili baş çəkmək üçün orderin surətini və ərizəni Penitensiar Xidmətin baş ofisinə apardığına peşman olub. Ona bildiriblər ki, məktubu şəxsən götürməyə icazələri yoxdur və yeni qaydalara görə vəkilin orderi və ərizəsi ancaq poçtla göndərilə bilər. B. Bayramov Qobustana təcili getməli olduğunu, poçtla bu sənədləşmə prosedurunsa ən azı 1 həftə çəkəcəyini izah etməyə çalışsa da nəticəsi olmayıb. Əksinə, yaxınlıqda məktubu atmağa poçt qutusu tapa bilmədiyindən etiraz əlaməti olaraq orderin surətini və ərizəni elə mühafizəçilərin gözü önündə giriş qapısının arasından içəriyə atan vəkilə az qala hücum edərək fiziki bədən xəsarəti yetirəcəklərmiş. Amma vəziyyətin nəzarətdən çıxa biləcəyini görən vəkil hadisə yerindən aralaşıb...
Başına gələnləri Moderator.az-a danışan B. Bayramov Penitensiar Xidmətə belə bir çağırışda bulundu ki, əgər imkanları yoxdursa o ən müasir poçt qutularından birini alaraq adıçəkilən quruma hədiyyə edə bilər.
Vəkil onu da bildirdi ki, artıq vəkillik fəaliyyəti ilə məşğul olmaq imkanları ötən hər gün daha da qapadıldığından belə getsə bu sahədən gedərək başqa iş axtarmalı olacaq...

































































































