Milli Qvardiyanı Surətçilərə satan adam necə komandan oldu...?

Hazırda oxunan: Milli Qvardiyanı Surətçilərə satan adam necə komandan oldu...?

50689
Milli Qvardiyanın keçmiş komandiri polkovnik Əzizağa Süleymanov Moderator.az-a aşağıdakı məzmunlu girişlə bir yazı göndərib:

Surət Hüseynova yaxın şəxs kimi tanınan 709 saylı hərbi hissənin keçmiş qərargah rəisi Nazim Bayramovun bir müddət öncə saytınızda getmiş yazısıyla bir qədər gec tanış olmuşam və onun iddiaların həqiqəti əks etdirmədiyini görüb Gəncə hadisələrinin həmin epizodunun xronologiyasını ardıcıl təqdim etmək zorunda qalmışam. Ümid edirəm ki, buna şərait yaradacaqsınız.


...15 iyun tarixində qonşu kamerada olan qvardiyanın sıravi əsgərləri yenidən aclıq etmişdilər. Qvardiyanın sıravi 
əsgərləri  onsuz da  gün ərzində bir dəfə verilən günorta yeməyindən imtina edib, yenidən türmə rəisinin onların kamerasına gəlməsini tələb edirdilər. Gəncə türmənin rəisi Ramazan Ukalayev bir müddət keçəndən sonra Qvardiyaçı əsgərlərin tələbi ilə kameraya gəlmişdi.  Kamerada uşaqlarla  yarım saat söhbət edəndən sonra bizim kameramıza yaxınlaşıb kameranın qapısın açdırıb içəri keçmişdi. Bizimlə salamlaşıb görüşmüşdü. Mən ondan qonşu kamerada nə baş verdiyin soruşmuşdum. O gülərək bildirirdi ki, guya sən bilmirsən nə istəyirlər. Prokuroru tələb edirlər, səninlə döyüşə getmək istəyirlər. Mən ona səmimi bildirmişdim ki, mənim bu məsələdən xəbərim yoxdur. Ramazan Ukalayev demişdi ki, bu gün onların şikayət məktubunu prokurora verəcək. Mən onlarla razıyam. Cəbhə bölgəsində ermənilərlə qanlı döyüşlər gedir. Döyüşdə iştirak etməli adamlar burada günahsız yatırlar. Məndən olsa bu saat sizləri buraxaram.
  16 iyun 1993 cü il tarixində Gəncə türməsinə bizdən izahat almaq üçün hərbi prokurorluğun bir müstəntiqi gəlmişdi. Həmin günü o dörd-beş nəfərdən izahat alıb çıxıb getmişdi. 17 iyun tarixində Gəncə türməsi rəisi tərəfindən bizə xəbərdarlıq edilmişdi ki, bu gün Gəncə şəhər hərbi prokurorluğunun prokurorları və bir neçə müstəntiqi türməyə gəlib sizin hamınızdan  yenidən izahat alacaqlar. 
     Hərbi prokurorluğun işçiləri izahat almaq üçün bizi bir-bir türmə kamerasından çıxartdırıb türmə rəisinin otağına aparıb, orada quraşdırılmış kameranın qarşısında dindirib izahat alırdılar. Türmə rəisinin otağında üzdən tanıdığım bir neçə mülki adamlar var idi. Onların əksəriyyəti  Ali Sovetin deputatları idi. Respublikanın baş prokurornun müavini, deputat Mətləb Mütəllimov, AXC-nin idarə heyətinin üzvü, deputat Mirmahmud Fəttayev,  keçmiş daxili işlər naziri, deputat Tahir Əliyev və deputat Şirin Hacıkərimov. Türmə rəisinin dediyinə görə onlar Gəncə hadisələrini təhlil edən deputat istintaq komissiyasının üzvləri idi. Gəncə türməsinin rəisi deputatları bizə təqdim edəndə Şirin Hacıkərimovun  deputat istintaq qrupunun sədri olduğunu bildirmişdi. Rəisin otağında bura gələn deputatların arasında  bizi dindirənlər arasında bir cavan arıq uzun adam da var idi. Onu birinci dəfə idi ki, görürdüm. "Aslan müəllim" (Tanınmış hüquqşünas Aslan İsmayılovdan söhbət gedir-Red.) adlandırdıqları bu şəxsi Ali Sovetdə görməmişdim. Aslan müəllim dedikləri bu şəxs televiziya kamerasından bir qədər aralı bir stol qoyaraq oturub, kamera qarşısında müstəntiqlərin sualları əsasında izahat verən əsirlərə diqqətlə qulaq asırdı. Hərdən də müstəntiqlərin hərbi əsirlərə verdikləri suallara müdaxilə edir, əsirlərə sərbəst danışmağa imkan yaradırdı. Onlara məsləhət görürdü ki özlərini ələ alıb fikirlərini cəmləsinlər.  Hərdən də başın bulayıb bəzi hərbçilərə iradını bildirirdi. İzahatı alan komissiya üzvləri Tahir Əliyev, o cümlədən müstəntiqlər ona müraciyət edərək, Aslan müəllim, mane olmayın, qoyun özləri izahat versinlər, deyirdi. Kamera qarşısında izahat verənlərin bəziləri onlara aidiyyatı olmayan məsələlərdən danışır, yersiz çümlələr işlədirdilər. Aslan müəllim də dözməyib ay qardaş, sən konkret iştirak etdiyin məsələdən danış, niyə dolaşdırırsan özünü deyirdi.  Mən də izahat verməyə növbəmi gözləyirdim. İstintaqa rəhbərlik edən Gəncə şəhərinin hərbi prokuroru Rövşən Yusifov rəisin yerində əyləşmişdi. Məni aralıdan görüb yanına çağırmışdı. Bu müddət ərzində bir neçə dəfə idi ki, hərbi prokurorla görüşürdüm. Baxmayaraq ki,  Rövşən Yusifov Gəncənin hərbi prokuroru idi. Onun razılığı ilə bizi türməyə salmışdılar. Heç özüm də bilmədən  Yusifova simpatiyam vardı. Onunla sərbəst danışırdım. Hərdən də atmacalı sözlər deyirdim. Bu dəfə də o məni yanına çağıranda zarafatla  ondan soruşmuşdum ki, yoldaş prokuror, siz ayının qardaşısınız, yoxsa bizim. O mənə “ayə, az danış, keç bura” deyib yer göstərmişdi.   Bununla da orada olan komissiya üzvlərinin diqqəti mənə yönəlmişdi. Qabağıma bir siyahı qoyub demişdi ki,  bu siyahını türmə rəisi verib. Həmin siyahıya imza atan qvardiyaçılar Ağdam cəbhə bölgəsində erməni təcavüzkarlarına qarşı gedən ağır döyüşlərdə iştirak etmək üçün sənin rəhbərliyin altında onları azad etməyi məndən xahiş edirlər. Sən isə düzgün izahat vermirsən. Sən Gəncəyə kimin xüsusi göstərişi ilə gəldiyini izahatında qeyd elə, bu dəqiqə qvardiyaçılarla bərəbər səni azad edib Ağdam cəbhə bölgəsinə göndərək. O əlindəki siyahını mənə uzatmışdı. Hərbi prokurordan qvardiyaçıların bu tələblərini eşidəndə qürur hissi keçirtmişdim. Hiss etmişdim ki, bu günə qədər Milli Qvardiyada çəkdiyim əziyyətlər hədər deyilmiş.  Mən prokurorun yanından durub gəlib kamera qarşısında oturdum. Kamera qarşısında əyləşdirəndən sonra müstəntiqlər deputat Şirin Hacıkərimovun iştirakı ilə məni sual atəşinə tutmuşdular. Müstəntiqlərin  verdikləri bütün suallardan hiss edirdim ki, onlar məndən dövlət rəhbərliyinin əlehinə izahat almaq istəyirlər. Mən bu sualları eşitdikcə hirsimdən özümü güclə saxlayırdım.  Kənarda durub mənə verilən suallara və verdiyim cavablara diqqətlə qulaq asan Aslan müəllim və deputat Mirmahmud Fəttayevin baxışları mənim üzərimə dikilmişdi.  Müstəntiqlər tərəfindən verilən ikibaşlı sualların acı təsirinin  qəhəri məni boğurdu. Bu zaman ataların bir gözəl kəlamı gözümün önünə gəlmişdi. Mərdi qova-qova namərd eləmək sən demə bu imiş. Məndən ilk gündən  ölkə prezidenti ilə hansı əlaqələrimin olduğu soruşulurdu. Cavab verəndə ki, bunun mətləbə nə dəxli var. Siz məni hadisə ilə bağlı suallardan kənarlaşdırırsınız.  Müstəntiqlərin verdiyi suallara verdiyim cavablara diqqətlə qulaq asan  Aslan müəllim bizdən bir qədər aralı başqa kamera qarşısında izahat verə əsir hərbçi zabit yoldaşlarımın birinin  tez-tez Elçibəy sözünü təkrar etdiyini görəndə başını bulayırdı. Mən də buradan dözməyib həmin əsir zabit yoldaşıma qışqırmışdım ki, sən Elçibəyin sifətini görmüsən, orada nə Elçibəy salmısan? Elçibəyi mən görməyəndə sən haradan görə bilərdin. Sənin komandirin kim olub, hansı göstərişi verib onu yaz. Zabit müstəntiqi göstərərək “bu mənə Elçibəy barəsində sual verir, mən heç Elçibəyi televizorda da görsəm tanımaram  komandir” dedi. Hərbi prokuror Yusifov aralıdan “Süleymanov, sən oz izahatını yaz, mane olma” demişdi. 2-3 saat müddətində istədikləri suallara cavab ala bilməyən müstəntiqlər axır ki, məndən əl çəkmişdilər. Hərbi prokuror müstəntiqə “o Elçibəyin Milli Qəhrəmanıdır, ondan başqa cür izahat ala bilməyəcəksiniz, buraxın getsin kamerasına” göstərişini vermişdi.  Bu zaman Aslan müəllim  “dayan” deyib məndən soruşmuşdu  ki, sizə burada necə baxırlar? Söyləmişdim ki, necə baxacaqlar, 28 zabiti doldurublar 4 nəfər erməni yatan kameraya, nəfəs alacağımız deşiyi də bağlayıblar.  Sağ olsun rəis, heç olmasa öz cibinin pulu ilə uşaqlara siqaret də olsa verir. Bunu deyəndən sonra məni aparmışdılar. 
Tutulduğumuz vaxtların ilk günündən verdiyim izahatlarla indi verdiyim izahatın məzmunu eyni idi. Məndən sonra Zakir Ağayarovdan izahat almışdılar. Həmin gün əsas zabit heyətindən izahat alan hərbi prokurorluq işçiləri səhəri günü sıravi heyətdən izahat almışdılar. 18 iyun 1993 cü il tarixində Milli Qvardiyada rabitə rəisi vəzifəsində işləyən, milliyətcə yəhudi olan, hal-hazırda Amerika Birləşmiş Ştatlarında yaşayan baş leytenant İskayev Leonidin yanına türməyə anası görüşə gəlmişdi. Leonid anası ilə görüşüb, göruşdən gələndən sonra biz ondan öyrənə bilmişdik ki, Bakıda Milli Qvardiya komandanı vəzifəsini Taryel Nəsirov icra edir. Elmar Hüseynov isə yenə də alay komandiridir. Bu xəbər mənə çox pis təsir etmişdi. Mən Zakir Ağayarova tərəf dönərək soruşmuşdum  ki, görürsən də Zakir müəllim, sənin komandirlərin bu keçən neçə gün müddət ərzində nə səninlə, nə də ki, burada onlar tərəfindən surətçilərə girov verilən Milli Qvardiyanın şəxsi heyətilə bir dəfə də olsun maraqlanmayıblar. Yəqin ki, biz burada nə qədər çox qalsaq, onlar üçün bir o qədər sərfəlidir. 5 iyun  tarixində Elmar Hüseynovla Tariyel Nəsirov Surət Hüseynovun şəxsi göstərişi ilə bizim yanımızdan zirzəmidən çıxarılıb Surətlə görüşə  aparılandan sona onlar Surət Hüseynovla görüşüb təzədən bizim yanımıza elə-belə gəlməmişdilər. Onlar Surətlə görüşüb qayıdıb gələndən sonra  sonra sizinlə gizli etdikləri söhbəti sizə yaxın məsafədə əyləşən qvardiyaçılar eşidiblər və o söhbətin nədən bəhs edildiyini mənə danışıblar. Sizi özləri ilə aparmamalarının səbəbini də biz yaxşı bilirik. İndi bu söhbətin burada açıb-ağardılmasının yeri deyil, vaxt gələr bunları ayırd edərik. Bu sözləri indi sizə deməkdə məqsədim odur ki, sağlıq olsun sağ-salamat buradan çıxsaq, indi söylədiklərimi onlara çatdırarsınız. Zakir müəllim bu sözlərimdən bərk dolmuşdu...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin