“Azad Azərbaycan” telekanalında jurnalist Turan İbrahimovun müəllifliyi ilə aparılan “ATV Səhər” proqramında aparıcı böyük yanlışlığa yol verib. Moderator.az-ın xəbərinə görə, Turan bu gün səhər aparıcısı olduğu proqramda son zamanlar İspaniya ilə İngiltərə arasında yaranmış “Cəbəllütariq gərginliyi”nə toxunmaq istəyib.
Ancaq jurnalist canlı efirdə bu gərginliyin Fransa ilə İngiltərə arasında olduğunu deyib. Fransa ilə İngiltərənin adını bir neçə dəfə çəkən Turan özünün “şərhlərini”də verib. O bildirib ki, Fransa ilə İngiltərə arasındakı gərginlik böyüyür. Halbuki, yaranmış “Cəbbəlütariq gərginliyi” İngiltərə ilə İspaniya arasında davam edir.
Xatırladaq ki, İspaniyanın Cəbəllütariqin giriş və çıxışında 50 avro haqq alınacağını bəyan etməsindən sonra Madrid və London arasında vəziyyət gərginləşib. İspaniya balıqçıların hüquqlarının pozulmasını irəli sürməsindən sonra Cəbəllütariq sərhəd qapılarında təhlükəsizliyi daha da artırıb.
Onu da qeyd edək ki, Turanin bu tipli yanlışlıqları dəfələrlə efirdə ortalığa çıxıb.
Moderator.az

































































































