Bu günlərdə Qusarda qarlı-şaxtalı hava hökm sürür. Əsl 7 kötük yandırmalı havadır. Niyə 7 kötük? Bunun öz anlamı var, keçək izaha.
Azərbaycan xalqının gözəl adətlərindən birincisi olan Novruz günlərini yaşayırıq. Bu gün novruzun əsil 4 çərşənbəsindən dördüncüsü, Torpaq çərşənbəsi, bəzi bölgələrimizin dili ilə desək, İlaxır çərşənbədir. Hər bölgədə azacıq fərqlə torpağın oyanmasını el-oba xüsusi əhval-ruhiyyədə qeyd etməyə hazırlaşır.
Qusarda da bu çərşənbə özünəməxsus şəkildə qeyd edilir. Onun özünəməxsusluğu həm də burada yaşayan ləzgi qardaşlarımızın bu bayrama öz duzlarını qatmaqları ilə də bağlıdır.
Qusarda Novruz bayramı ləzgi dilində Yaran suvar adlanır. Müxtəlif anlamlarda işlədilən Yaran suvar od bayramı və qırmızı gün mənasını verir.
Qusar tarix-diyarşünaslıq muzeyinin direktoru Xatirə Nağıbəyova ilə bir az ləzgi adətləri ilə bağlı həmsöhbət olduq.
“Qusar ləzgiləri əsasən torpaq çərşənbəsini və Novruz bayramını təntənə ilə qeyd edirlər. Bütün çərşənbələrdə ev-eşik təmizlənir, həyət-baca səliqəyə salınır. Qapılarda tonqal qalanır. Torpaq çərşənbəsi günü və Novruzda xüsusi şirniyyatlar və çərəzlər hazırlanaraq süfrəyə qoyulur”.
Xatirə Nağıbəyova məlumat verdi ki, Qusarda bayrama hazırlıq işlərinə də bir neçə gün öncədən başlanılır. "Günger" adlanan hazırlıqda qədim bayram inancları həyata keçirilir:
“Heyva ağacından 2 sm balaca budaq kəsilir, budağın ortası deşilir və ora qırmızı ip keçirilir. Həmin ip hələ Novruz görməyən bir yaşlı uşağın qoluna bir növ muncuq kimi bağlanır. Bu da uşağın azar-bezardan uzaq olmasına işarədir. Bundan əlavə, ev təsərrüfatında olan Novruz görməyən balaca quzu və buzovların boğazına da qırmızı bağlanılır ki, bu da heyvanların sağlam olmağı üçün edilən qədim inanclardandır.
Novruzdan bir gün əvvəl Qusarda üskük-şem adlanan qədim bir adət də mövcuddur. Qaş qaralandan sonra şaxın başına (məşəl kimi) evdəki köhnə paltarlardan keçirilərək yandırılır. Həmin vaxt bütün həyətlərdə yanan köhnə paltarların ışığı görünür. Hamı bu adəti eyni vaxtda icra edir və buna işıq gecəsi də deyilir.
Bu adət də köhnə ildə olan ağrı və xəstəliklərə son qoymaq kimi yozulur. Qusarda Novruzun ən sevilən yeməyi səməni horrasıdır.
Ləzgicə selema adlanan bu kolorili yemək adından da göründüyü kimi, səmənidən-cücərdilmiş buğdadan hazırlanır. Qaranlıq otaqda qoyulan səməni 2-3 sm uzanandan sonra çıxarılır və səməni horrası çalınır və vedrələrə yığılır. Bəzi bölgələrdə səmənidən halva bişirilir, amma qusarlı qadınların sevimli bayram yeməyi isə səməni horrasıdır”.
Xatirə Nağıbəyova deyir ki, Novruzda mütləq 7 qutab bişirməlisən və 7 kötük yandırmalısan. 7 kötüyün yandırılması əsasən Novruzun gəldiyi günə təsadüf edir.
Torpaq çərşənbəsi günü qusarlılar Novruzu qarla qarşılasalar da bunu bolluq rəmzi hesab edirlər. Yeddi kötük, yeddi qutab, köhnə paltarların yandırılması, səməni horrası və digər adətlərin icrası bizi addım-addım gözəl Novruza aparır.
Yaran suvar mubarakray, iqrami dustar.
Novruz bayramınız mübarək, əziz dostlar.
Aytəkin Alxaslı, Bizim.Media