Sabiq millət vəkili Eldar Sabiroğlunun dünənki açıqlaması reaksiyasız qalmadı. Etibarlı mənbələrdən verilən məlumata görə, onun artıq müxalifət düşərgəsinə keçmək barədə fikirləri qətiləşib və hətta bəzi razılaşmalar əldə edilib.
Bununla bağlı Moderator.az -ın sorğusuna E.Sabiroğlu belə aydınlıq gətirdi:
Bu mümkün olan bir iş deyil. Görünür, iki kəlməlik sözümdən belə iyrənc nəticə çıxarıb bu qənaətə gəlirlər. Əgər ulu öndər Heydər Əliyevi və prezident İlham Əliyevi kiminlə və hansı düşərgə ilə qarışıq salıb onların siyasətini dəyişmək fikrinə düşmüşəmsə, deməli, həyat hadisələrini, siyasi prosesləri özüm düzgün qavraya bilmirəm. Bu iki şəxsiyyət həm də mənim sağlamlığım üçün zəhmət çəkmiş, qayğı göstərmiş insanlardır. Bunu itirsəm Allah bağışlamaz. Həmişə belə olub: Siyasi provakatorlar kimisə gözdən salmaq istəyəndə, onu aparıb müxalifətə calayırlar.
Mən daşı kimin bostanına atıramsa, onlar özləri gözəl bilir. Əvvəldən həmin adamlarla mənim işim düz gəlməyib. Çünki şəxsi məqsədlərə xidmət etdiklərini, tam səmimi deyirəm, hər addımbaşı görmüş və hiss etmişəm. Əgər incik düşmüş adamlar varsa, onları da bu yola çəkən həmin adamların ayrı-seçkilik mövqeləri olub. Həmin şəxslər hakimiyyət rəhbərliyinə özlərini elə göstərirlər ki, guya cani-dildən bu dövlətə, bu millətə, xüsusilə, dövlət başçısına əsl xidmət göstərirlər. Açıq danışacağam, hətta əhali arasında bu cür fikirlər dolaşır: guya həmin şəxslər geri çəkilsələr, dünya yerindən qopar, hətta dövləti idarə etmək belə müşgülə çevrilər. Dediyim şər və böhtan deyil, uzaq kənd adamından da soruşsan bunun haradan gəldiyini və arxasında kimin durduğunu adı və soyadı ilə deyər.
Vay sizin halınıza, kökü bilinməyənlər gəlib sözün əsl mənasında nümunəvi bir ailədə dünyaya gəlmiş, örnək sayılan böyük bir atanın, görkəmli elm xadimi olan ananın tərbiyəsini almış və zəngin dünyagörüşü əldə etmiş nəhəng Heydər Əliyevin oğlu qarşısında oyun oynamaq istəyirlər. Yazıqlar olsun sizlərə. Atdığınız şər və böhtanların, əzdiyiniz insanların bu dünyada da olmasa, o dünyada haq-hesabını soruşacaqlar. Bir şeyi də bilin ki, yeriniz cənnət olmayacaq.
Nəhayət, müxalifətə qoşulmam barədə. Hansı müxalifətə! Yaman gündə olan müxalifətə?! Bu mənim düşərgəm deyil. Onlarla əlaltdan iş görənlər sizsiniz...


































































































