Bünyamin Qəmbərli: “Bağımsızlıq ona görəÂxa0lazımdırÂxa0ki, vədəndaş öz sərvətinə sahib çıxsın”x9d

Hazırda oxunan: Bünyamin Qəmbərli: “Bağımsızlıq ona görəÂxa0lazımdırÂxa0ki, vədəndaş öz sərvətinə sahib çıxsın”x9d

92464

 BAXCP-nin Təşkilat katibi Bünyamin Qəmbərli və Ədalət partiyasının sədr müavini Heydər Oğuzun iştirakı ilə təşkil etdiyimiz həftəlik Dəyirmi masanın budəfəki mövzusu dövlət müstəqilliyidir:

 

Bünyamin bəy, ötən Dəyirmi masada Azərbaycanın bağımsızlığından danışmışdınız. Maraqlıdır ki, tərəf-müqabiliniz facebook səhifəsində “bəzi dostların bağımsızlıqla baxımsızlığı səhv saldığ”x9dını bildirən status paylaşmışdı. Necə hesab edirsiniz, biz baxımsızıq, yoxsa bağımsız?

Bünyamin Qəmbərli:- Heydər bəyin bu statusunu oxuyanda dodağım qaçdı. Hər halda Heydər bəy mənim hər sözü, ifadəni dəqiq seçərək işlətdiyimi yaxşı bilir. İkinci, son vaxtlar Heydər bəyin belə atmacaları çox olur. Sizə bildirim ki, Heydər bəylə tanışlığımız və dostluğumuz 40 ilə yaxındı yaranıb və davam edir. Yaşıma uyğun biraz böyüklük etsəm, deyə bilərəm ki, Heydər bəy bizim yanımızda, əhatəmizdə böyüyüb (bu sözdən hər ikisi gülür). Heydər bəydə əvvəllər belə keyfiyyətlər yox idi. Çox sakit, biraz utancaq, ifallı və dözümlü idi. Amma son vaxtlar çox dəyişib...  Deyəsən, aclıq partizanları şəhərə yenməyə vadar etdiyi”x9d kimi, son dövrlərdə vəziyyətin ağırlığı, çətinlik və sıxıntıların çoxluğu, idarəetmədəki boşluq və yarıtmazlıqların, başverən haqsızlıqların artması da Heydər bəyi sərtliyə və çılpaqlığa vadar edib.

Sizin sualınıza gəlincə isə deyə bilərəm ki, biz 1991-ci ilin oktyabrından hüquqi, 1992-ci ilin iyunundan isə həm hüquqi, həm də real olaraq bağımsızıq. Bunu tam mənasında deyirəm ki, hər bir soydaşımız, vətəndaşımız qürur duymalıdır ki,  bu gün hər yönü ilə bağımsız Azərbaycan Respublikasının vətəndaşıdır. Dünyada çox az dövlət var ki, Azərbaycan dövləti kimi heç bir beynəlxalq gücün qoltuğuna qısılmadan milli və dövlət maraqlarını əsas tutan siyasət yeridir. Hələ bizim kimi ərazisinin onda doqquzu müxtəlif dövlətlərin işğalı altında olan ölkənin beynəlxalq güclərin təsirinə düşməməsi faktı isə, demək olar ki, yoxdur.

Baxımsızlığa gəlincə, Heydər bəy nə qədər cığallıq etsə də, bu sözü atmaca olaraq desə də, müəyyən qədər haqlıdır. Siz baxın ki, iki aya yaxındır, AZAL haqqında, ordakı qanunsuzluqlar, təkəllik, korrupsiya, Azərbaycan qanunlarına, dövlətçiliyinə , dilinə və vətəndaşlarına qarşı yolverilməz hərəkətlər haqqında hər gün yazılıb deyilsə də, heç bir nəticə yoxdur. Yaxud  Nəqliyyat Nazirliyi haqqında da eyni fikirləri demək olar. 4-5 ildi, Nəqliyyat Nazirliyi siyasi hakimiyyəti də, Azərbaycan xalqını da aldadır, büdcə vəsaitini dağıdır. 4-5 ildi, Nəqliyyat Nazirliyi gah nəqliyatın intelektual idarə edilməsi adıyla avtobuslara monitor qoymaqla milyonlarla vəsaiti göyə sovurur, gah hər ilin axırında yeni ilin ortalarında, ilin ortasında isə ilin axırında nəqliyyatda vahid kart sisteminə keçiləcəyini deməklə əhalidə hakimiyyətə inamsızlıq yaradır. Hətta bunun üçün 2 ildir ki, avtobuslarda  müəyyən avadanlıq da quraşdırıldı. İndi, siz baxın, nəqliyyatın intelektual idarə edilməsi məqsədi ilə milyonlar xərclənib alınan və avtobuslara quraşdırılan monitorların yüzdə yetmişi sökülüb dağıdılıb, qalanları isə işləmir. Amma heç kim məsuliyyətə cəlb olunmayıb. Həmçinin vahid kart sisteminə keçid üçün quraşdırılan avadanlıqlar da avtobuslardan sökülməyə başlanılıb. Digər tərəfdən Avropa oyunları ilə bağlı qısaldılan marşurutlar hələ də bərpa olunmayıb. Bu müəyyən ərazilərdə gediş haqqının Nəqliyyat Nazirliyi tərəfindən artırılması, vətəndaşların aldadılması və narazı salınması deməkdir. Heydər bəyin sözü ilə baxımsızlıqdır.

Yaxud ölkə başçısının dəfələrlə məmur özbaşınılığı, qudurğanlığı ilə bağlı deməsinə, xəbərdarlıq etməsinə baxmayaraq, heç nə dəyişməyib. Elə həmin özbaşınalıq, həmin qudurğanlıq davam edir. Beynəlxalq Bankla bağlı ortaya çıxan son hadisələr də, Mingəçevirdə baş verənlər də Heydər bəyin sözlərinin atmaca olsa da, həqiqət payının çox olduğunu göstərir.  

Heydər Oğuz: - Haqq verdiyiniz üçün təşəkkür edirəm, Bünyamin bəy. Özünün də qeyd etdiyi kimi, Bünyamin bəylə münasibətlərimiz uşaqlıq illərindən başlayır. İkimiz də çox sevdiyimiz bir müəllimin yetirmələriyik. Bünyamin bəy məndən 5 yaş böyükdür. Ona həmişə böyük qardaşım kimi sayqı duymuşam, duyuram da. Mənim atmacam da ona ünvanlanmayıb. Mən ümumiyyətlə, fərdləri yox, prinsipləri müzakirə etməyin tərəfdarıyam və həmişə də etirazım, yaxud təqdirim prinsiplərlə əlaqədar olub. O ki qaldı bağımsızmı, yoxsa baxımsızmı olmağımız məsələsinə, mən açıq şəkildə deyirəm: Biz SSRİ-dən ayrılmaqla bağımsız olmadıq. Hətta daha çox baxımsız olduq. Yenə sovet dövründə bizim məmurların canında Moskva qorxusu var idi. Hər özbaşınalığı edə bilmirdilər. Sadə bir vətəndaşın kiçik bir məktubu hamısının kürkünə birə salırdı. İndisə heç kim heç bir beynəlxalq qınaqdan qorxmur. Nə yazıq ki, cəmiyyətimizdə bəzi kimsələr özbaşınalığa, heç kim qarşısında məsuliyyət hissi daşımamağa, millətin var-dövlətini talamağa, özlərinə gün-güzaran qurmağa bağımsızlıq deyirlər. Halbuki keçmiş sovet dönəmindən bu günə müsbət mənada dəyişən çox az şey var. Mənfi mənada dəyişilənlər isə xirtdəyə qədərdir. Bu gün millətin əmlakını talayanların tikdikləri dəbdəbəli evlərin, villaların, ofislərin bu xalqa nə dəxli var? Dünən Azərbaycanın var-dövlətini rus aparırdı, amma əvəzində bizə nəsə qoyurdu və xalq da hər kəs kimi bundan faydalanırdı. Müstəqillikdən sonra Allahın millətə bəxş etdiyi dənizlərə belə çəpərlər çəkildi. Ən təmiz çimərliklər bir neçə ailənin istifadəsinə verildi. Xalq isə üfunət qoxan, kanalizasiyaların axıb murdarladığı sularda çimməli oldu. Bumu bağımsızlıq? Dünən neftimizi rus aparırdı, indi ingilis, yəhudi aparır. Neftimiz rusa axanda bağımlı, ingilisə və ya yəhudiyə axanda bağımsızmı oluruq?  Dünən bizim neftçilərlə eyni buruqda işləyən rus bizimlə eyni maaşı alırdı. Bu gün ingilis eyni xidmətə görə 30 min dollar, bizim zavallı neftçimiz isə 300-500 manat alır. Bumu bağımsızlıq? Bu gün bu millətə çatan 5-10 quruşun bir neçə nəfər tərəfindən talanmasına bağımsızlıq deyirsinizsə, belə müstəqillik heç kimə lazım deyil. Hüquqsuzluq, necəgəldi idarəçilik nə vaxtdan müstəqillik sayılıb? Bunları açıq demək lazımdır. Açıq demək lazımdır ki, müasir anlamda bir dövlətin bir nömrəli vəzifəsi öz vətəndaşının hüquqlarını qorumaqdır, onun sosial həyatını, ən minimum yaşayışını təmin etməkdir. Bu gün Azərbaycanda vətəndaş hüququndan danışmaq mümkün deyil. Vətəndaş adi bir bələdiyyə üzvünü özü seçə bilmir. Müəllim ayda aldığı 200-250 manatla şagirdin əlinə baxır. Oğru məmurlar isə milyarderlərə çevrilir. Belə haqsızlıqların hökm sürdüyü cəmiyyətə dövlət demək olmaz. Bu olsa-olsa dərəbəylikdir. Dövlətin olmadığı yerin bağımsızlığından da söhbət gedə bilməz. Azərbaycan hələ özünə layiq dövlətini qura biməyib.

 

 -Bağımsızlığımızın əlamətləri nədir? Ümumiyyətlə, bir dövlət necə bağımsız olur?

Bünyamin Qəmbərli:- Dövlətin bağımsızlığı çoxyönlü bir məsələdir. Məncə bunun hüquqi, faktiki və real tərəfləri var. Bir dövlətin faktiki bağımsızlığı onun ərazisi, sərhədləri, dövlət və hakimiyyət orqanları, ordusu, dövlət rəmzləri-himni, gerbi, bayrağı və pulunun olması ilə, hüquqi bağımsızlığı onun Konstitusiyası, qəbul etdiyi qanunlar, bağladığı müqavilələr, üzvü olduğu beynəlxalq və regional təşkilatlardakı imzası ilə təsdiqlənir. Xatırladım ki, 1918-ci ildə Azərbaycanın şimalında qurulan Azərbaycan Xalq Cümhuriyyəti beynəlxalq güclər tərəfindən hüquqi yox, faktiki dövlət kimi tanınırdı. Bağısızlığın real tərəfi isə hüquqi və faktiki baxımdan var olan bu dövlətin verdiyi qərarlarda, yürütdüyü daxili və xarici siyasətdə, bir sözlə, siyasi, iqtisadi, hüquqi və hərbi baxımdan nə dərəcədə bağımsızlığıdır. Azərbaycan Respublikasının 1992-ci ildən bu günə qədər olan bütün fəaliyyətini nəzərdən keçirdikdə deyə bilərəm ki, Azərbaycan həm faktiki, həm hüquqi, həm də real olaraq bağımsız dövlətdir. Amma Heydər bəyin dedikləri isə bağımsızlıqdan çox, məmurların qudurğanlığı, harınlığı, qanunsuzluq və cinayətləridi.

Heydər Oğuz: -Bünyamin bəyin zikr etdiyi həmin əlamətlərin hamısı SSRİ dövründə də var idi. Ərazimiz bilinirdi, bayrağımız var idi, gerbimiz də həmçinin. Amma biz bu əlamətlərimizlə bağımsız deyildik. Sadəcə, bayrağımızın rəngini dəyişməklə müstəqil olduğumuzu düşünənlər yanılır. Konstitusiya da müstəqil olmaq üçün əsas deyil. O boyda İngiltərədə konstitusiya deyilən şey yoxdur. İndi o, bizdən daha çoxmu bağımlıdır? Bayaq da qeyd etdiyim kimi, Azərbaycan hələ dövlət olmalıdır-vətəndaşının haqqını qoruyan bir dövlət. Fikrimcə, bağımsızlığımız da burdan başlayacaqdır. İnsan hüququ olmayan yerdə müstəqillik özbaşınalıqdan başqa bir şey deyil.

 

-Adi bir bələdiyyə üzvlərini belə öz azad iradəsi ilə müəyyənləşdirə bilməyən toplumun bağımsızlıqdan danışmağa haqqı varmı? Ümumiyyətlə belə bağımsızlıq kimə və nəyə lazımdır?

Bünyamin Qəmbərli:- Bu, dövlətin bağımsızlığı ilə yox, insan hüquq və azadlıqları ilə bağlı məsələdir. Mən sizinlə razıyam ki, vətəndaşlarımızın mütləq əksəriyyəti bələdiyyə üzvünü belə öz azad iradəsi ilə müəyyənləşdirə bilmir. Burda hakimiyyətin basqı siyasətinin, ölkədə normal siyasi mühitin, güclü müxalifətin və QHT-lərin formalaşmasında maraqlı olmamasının böyük rolu var. Eyni zamanda hakimiyyətdə olanların mütləq əksəriyyətinin milli  və dövlətçilik düşüncəsindən yoxsunluğunun, onların korrupsiyaya qurşanmasının və bunun da nəticəsində ölkədə qanunun aliliyinə və hüququn üstünlüyünə imkan verməmələri də çox böyük rol oynayır. Amma mən düşünürəm ki, bütün bunlarla yanaşı, əhalinin özünün də günahı çoxdur. Sizin də dediyiniz kimi, əhali hər hansı məsələyə öz ağlı ilə azad yanaşmır. Daha çox ona təlqin və diktə olunana gedir, məsələlərə öz marağı baxımından deyil, başqalarının maraq və mənafeyi baxımından, qətiyyət və cəsarətlə deyil, qorxu və ümidsizliklə yanaşır, təbliğatın təsiri ilə küyə düşərək hərəkət edir.

Heydər Oğuz:-Bünyamin bəyin özü də etiraf edir ki, bizdə müasir mənada dövlət yoxdur. Bir yerdə ki, məmur korrupsiyaya qurşanır, amma cəzalanmır, müxalifətin formalaşmasına imkan verilmir, millət ac, məmur harınlayıbdırsa, günahkar yox, günahsızlar cəzalanırsa hansı dövlətçilikdən danışmaq olar? Dövlət yoxdursa, nəyin bağımsızlığını dartışırıq?

Bünyamin Qəmbərli:- Mən qətiyyən dövlət yoxdur fikiri ilə razılaşmıram. Məmurların cinayət əməllərinə bulaşması, hətta bundan da ağır halların olması dövlətin olmaması yox, dövlətdə idarəetmənin düzgün qurulmaması, qanunların işləməməsidir. Məncə günahı günahkarlarda-məmurlarda, idarəedicilərdə görmək əvəzinə dövlətdə axtarmaq yanlışdır.

Heydər Oğuz: - Dövlət mexanizminin vəzifəsi qanunların tətbiqinə nəzarət etmək, insanların hüququnu qorumaqdır. Hətta quldarlıq dövründə belə dövlət bu missiyanı yerinə yetirirdi. İnsanlar qanunlara baxıb addımlarını müəyyənləşdirirdilər. Bizdə isə isə hüquqi nihilizm hökm sürür. Deməli, dövlət öz vəzifəsini yerinə yetirmir. Vəzifəsini icra edə bilməyən dövlət olmayan dövlətdir.

 

-Bünyamin bəy, oppenentiniz deyir ki, Sovet İttifaqı dövründə Azərbaycan sərvətləri imperiya güclərinin cibinə axırdı, indi isə bir neçə məmurun. Öz sərvətinin nəticələrini görə bilməyən, hər sahədə hüququ pozulan vətəndaşa sahib ölkənin bağımsızlığınin mənası nədir? Sizin bu mövqeyə münasibətinizi bilmək maraqlı olardı.

Bünyamin Qəmbərli:- Nədən axı siz bütün günahı bağımsızlıqda və ya dövlətdə görürsüz? Niyə belə düşünürsüz? Bağımsızlıq elə ona görə lazımdır ki, bu sərvətləri başqaları mənimsəməsin. Bağımsızlıq ona görə lazımdır ki, vədəndaş özü öz sərvətinə sahib çıxsın. Bunun da yolu hər bir vətəndaşın hakimiyyətin formalaşmasında öz maraq və mənafeyini düşünərək iştirak etməsidir. Qarşıdan parlament seçkiləri gəlir. Camaat bu seçkidə hamılıqla və ciddi məsuliyyət hissi ilə iştirak etməlidir. Vətəndaşlarımız seçkiyə gedərək su, yol, qaz çəkməklə məşğul olacaqlara, bugünə qədər onu aldadanlara, korrupsiyaya qurşananlara deyil, onun hüquqlarını  qoruyacaq, ölkədə ciddi islahatların aparılmasına şalışacaq, ərazi bütövlüyümüzü, insan hüquq və azadlıqlarını, real hakimiyyət bölgüsünü qarşısına məqsəd qoyan namizədlərə səs versin. Mən burda fürsətdən istifadə edərək demək istəyirəm ki, qoy camaatımız bütün namizədlərin və siyasi qüvvələrin proqram və platformaları ilə dərindən tanış olsun. Mən inanıram ki, bu zaman vətəndaşlarımız daha çox, BAXCP-yə üstünlük verəcəklər.

Heydər Oğuz: - Könül istərdi ki, 125 dairənin hamısında BAXCP qalib gəlsin. Bax, mən də o zaman inanardım ki, Azərbaycan həqiqətən də, Bünyamin bəy demişkən, bağımsızdır. Bu gün hər kəsə bəllidir ki, deputatı xalq seçmir, xalqın əvəzinə iqtidar mənsubları seçir. Xalqın iradəsinin heçə alındığı bir sistem necə bağımsız ola bilər? Olsa belə nə faydası? Bu gün Azərbaycanın sərvətləri, pulları, kürüləri kimlərinsə hakimiyyətdə qalması üçün xaricə axır. Hakimiyyət xalqa çox gördüyünü əcnəbilərin boğazına tökür ki, öz taxt-taclarını, kreslolarını qorusun. Belə çıxır ki, onlar ölkəni hər seçkidən bir icarəyə götürürlər və bunun üçün onun əsl sahibinə kirayə haqqı ödəyirlər. Biz isə bağımsızlığımızı dartışırıq. Qardaş, yenə təkrar edirəm: Azərbaycan bağımsız yox, baxımsız ölkədir. Bizim sahibimiz yoxdur.

Bünyamin Qəmbərli:- Heydər bəy, hirslənmə. Azərbaycanın heç bir sahibə və kənar idarəediciyə ehtiyacı yoxdur. Şükürlər olsin ki, Azərbaycanın şimalında apardığımız 200 illik mübarizənin nəticəsi olaraq bütün çətinlik və sıxıntılara, qanunsuzluq və ədalətsizliklərə baxmayaraq, bağımsız bir dövlətə sahibik.

Heydər Oğuz: -Əziz dostum, mən sahibi xaricdə axtarmıram. Əksinə, hesab edirəm ki, bir ölkənin sahibi vətəndaş hüququ olmalıdır. Hər kəs onun ətəyindən yapışıb həyatını müəyyənləşdirməlidir.  Klassik ifadə ilə desək, qanunlar şah olmalıdır. Bizdə isə bu şahdan, ağadan, sahibdən danışmaq mümkün deyil. Bir də inanın ki, əsəbləşmirəm. Niyə əsəbləşim ki? Qarşımda oturanın məndən daha hüquqlu olduğunu da düşünmürəm. Mən sadəcə bu gözəl məmləkətimizin bu günə qalmasına üzülürəm.

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin