Dəyirmi masamızın bu günkü mövzusu monopoliyadır. Ədalət Partiyasının sədr müavini Heydər Oğuz, BAXCP təşkilat katibi Bünyamin Qəmbərlinin fikirlərini Moderator.az oxucularına təqdim edirik:
-Prezdent İlham
Əliyev gözümüzü neft və qazdan tamamilə çəkməyimizi məsləhət gördü. Bu
açıqlamanı necə başa düşdünüz?
Bünyamin Qəmbərli:- Mən buna iki
baxımdan yanaşmaq istərdim. Birinci bu fikri, bu qərarı çox doğru qəbul edirəm.
Yəni bütün iqtisadiyyatı neftə və qaza bağlamaq bizi çıxılmaz vəziyyətə sala
bilər. İndi hər şey siyasətə xidmət etdiyi
kimi neft-qaz da siyasətin havasından asılıdır. İkinci, BAXCP illərdi ki,
iqtisadi sahədə ciddi islahatlar aparılmasının, qeyri-neft sektorunun inkişaf
etdirilməsinin vacib olduğunu deyir. Mən də düşünürəm ki, bu qərar ən azı on il
bundan öncə verilməliydi və neftdən kənar sahələr şaxələnərək elə inkişaf
etdirilməliydi ki, nevt-qazdan indiki kimi asılı olmayaq.
Heydər Oğuz:- Nə yazıq ki, Azərbaycan
iqtisadiyyatı hal-hazırda neftdən asılı vəziyyətdədir. Ekspertlərin fikrincə,
ixracatımızın 90-95 %-ini neft və neft məhsulları təşkil edir. Halbuki, Azərbaycan
hakimiyyətinin bu zamana qədər qeyri-neft sektorunu inkişaf etdirmək üçün çox
gözəl şansı var idi. 22 -23 illik hakimiyyət az zaman deyil. Təəssüf ki, bu
fürsətdən kifayət qədər yararlana bilməmişik. Bundan sonra isə bu işləri görmək
düşünüldüyü qədər də asan olmayacaq. İstənilən bir sektoru yaratmaq üçün uzun
müddət lazım olur. Müəssisələrin infrastrukturu yaradılmalı, bunlar üzərində əsaslı
quruculuq işləri görülməli, məhsullar dünya bazarına çıxarılmalı, qlobal rəqabətə
davam gətirməli və sairə və ilaxır. Sözsüz ki, bütün bu hədəflərə qısa zaman ərzində
çatmaq mümkün deyil. Üstəlik, qarşımızda dayanan bu qədər böyük vəzifələri həyata
keçirmək üçün ciddi kapitala ehtiyac var. Azərbaycanın əsas pul gətirən sahəsi
isə, hələ ki, neft sektorudur. Dünya bazarında isə “qara qızıl”x9dın qiyməti
durmadan aşağı enir. Hətta bəzi az rentabelli neft istehsalçılarının işlərini
dayandıra biləcəyi ehtimalı var. Ola bilər ki, bu “qara taleli”x9dlərdən biri də
biz olarıq. Ən yaxşı ehtimalda belə, neftdən əldə etdiyimiz gəlir büdcə təşkilatlarının
tələbatının 3/1-ni belə ödəməyəcəyi güman olunur. Hökumətin büdcə təşkilatlarında
ciddi ixtisarlara getməsi lazım gələcək. Bu cür ağır şəraitdə istəsə belə,
hökumətin qeyri-neft sektoruna investisiya yatırması asan olmayacaq. Fikrimcə,
iqtidar hakimiyyətə gəldiyi ilk gündən bütün gücünü sənayenin və aqrar sektorun
inkişafına ciddi investisiyalar qoymağa sərf etməli idi.
-Kənd təsərrüfatından tutmuş sənayeyə qədər hər
şey inhisar altındadır. Vətəndaşlar özəl sektorla necə məşğul ola bilərlər?
Bünyamin Qəmbərli:- Bəli, həqiqətən bu
inhisarçılıq, təkəlçilik sadəcə iqtisadiyyatımıza
deyil, bütövlükdə inkişafımıza, millətimizə və dövlətimizə çox böyük zərər
verir. Bu təkəlçiliyin hesabınadır ki,
iqtisadiyyatımız şaxələnə bilmir, kiçik və orta sahibkarlıq inkişaf etmir,
milli burjaziya formalaşmır. Məncə bunun bir neçə səbəbi var. Birinci və səbəb, məncə, bu təkəlşiliklə məşğul
olanların mənəvi cəhətdən şikəst olmasıdır.
Bu adamlarda normal mənəviyyat olsa, ən azından özlərini
arada bir sıxışdırdıqları, iş görməyə imkan vermədikləri insanların yerinə
qoyar, o adamlara necə zülm etdiklərini görüb, iş görmək istəyənləri incitməz,
onlara zərər verməz. İkinci səbəb bu təkəlçilərin
ruhani xəstəlikləri ilə bağlıdır. Quranda belə ayə var. Yaradan deyir ki, “biz onların qəlbini
möhürləmişik. Onların gözü var, amma görməzlər, qulağı var, amma eşitməzlər”x9d. Yəni bu təkəlçilər
Yaradanı dərk etsə, bunlarda Yaradana
inam, sevgi və hesabvermə qorxusu olsa, bu haqsızlıqlara
getməz, bu haram qazanca razı olmazlar. Üçüncü səbəb bu təkəlçilərin əqli
çatışmazlığıdır. Bu insanlar əqli cəhətdən sağlam olsalar, düşünərlər ki,
Süleymana qalmayan dünya onlara qalmayacaq, İsgəndərin bu dünyadan heç bir şey
apara bilmədiyi halda onlar da heç nə apara bilməyəcəklər. Bu adamlar əqli cəhətdən
sağlam olsalar düşünərlər ki, köhnə Bakının yarısını tikən Hacı Zeynalabdın Tağıyevin
qızı acından öldü, Səddam Hüseyn, Qəddafi və başqaları yığdıqlarını yeyə bilmədikləri
kimi bunların da yığdıqlarının onlara xeyir gətirəcəyinə kim zəmanət verə bilər? Dördüncüsü, onların
acgözlüyüdür. Bunlar elə bir aclıq xəstəliyinə tutulub ki, inanın bütün dünyanı
yığıb bunlara versən, yenə doymazlar. Bu
tamahkarlığın hesabınadır ki, bəzən başları dünya malına elə qarışır ki, ailələrini unudurlar və
bunların ailəsi, övladları belə normal olmur. Beşinci səbəb onların iradəsizliyisdir.
Bəlkə də ağılları yerindədir, Yaradana sevgiləri də var, hesab
günündən də qorxurlar, amma iradələri o qədər zəifdir, tamahlarını
qarşısına keçə bilmirlər, gözləri doymur. Kimlərsə bu təkəlçiliyi siyasətə də
bağlaya bilər. Təbii ki, burda siyasi sistemin və idarəetmənin də payı çoxdur.
Amma mən düşünürəm ki, bu daha çox insanların mənəvi, əqli, ruhani səviyyəsi və
dünyagörüşü ilə bağlıdır.
Heydər Oğuz:-Hakimiyyət həqiqətən
də gözümüzü yalnız neftə dikməyimizi istəmirsə və qlobal enerji böhranından
salamat çıxmağı arzulayırsa, ilk işə inhisarçılığı ləğv etməkdən başlamalıdır.
Çünki inhisar olan yerdə azad rəqabətdən, azad rəqabət olmayan yerdə isə
iqtisadi inkişafdan danışmaq mümkün deyil. Bu gün Azərbaycanın kənd təsərrüfatından
tutmuş sənayesinə, ticarətindən tutmuş sənətkarlığına, hətta ən adi xidmət
sektoruna qədər bütün iqtisadiyyatı inhisarçılıq qaydalarıyla işləməyə aludə
olub. Bu aludəçilik o qədər güclüdür ki, inhisarçılar azad rəqabətin nə demək
olduğunu belə bilmirlər. Gömrüklərdə rəqiblərinin qarşısında problem
yaratmaqla, “özgə”x9d hesab etdiklərindən daha artıq vergi və rüşvət istəməklə
onları batırmağa çalışırlar. Nəticədə xidmətin keyfiyyəti və kəmiyyətini yüksəltmək
haqqında fikirləşmirlər. Alternativsizlik vəziyyətində qalan Azərbaycan
istehlakçıları onların zay məhsullarını ən yüksək qiymətlərlə almağa məhkum
olunub. Bu zamana qədər ölkəyə xarici kapital əsasən neft sektorundan gəldiyinə
görə yaranmış bu şəraitin fəsadları gözə görünmürdü. İndi neftin azalan gəlirlərini
Azərbaycan sənayesi kompensasiya etməlidir. Amma necə? Xaricə çıxartdığımız mal
azad bazarın rəqabətinə davam gətirməsə, bu xəyallarımız elə xəyal olaraq da
qalacaq. Məhsullarımızı zorla xarici vətəndaşlara sırıya bilmərik. Təsəvvür
edin, gömrüklərdə xarici malların ölkəyə daşınmasına qoyulan məhdudiyyətlər
aradan qaldırılsa, Azərbaycan istehlakçısı belə öz mallarımızı almaz. Daxili
bazarda ümumxalq məhəbbəti qazanmayan məhsullarımızın ölkə xaricində alıcı
tapacağına, Azərbaycana pul gətirəcəyinə inanmaq sadəlövhlük olardı. Hakimiyyət
monopoliyalara qarşı amansız mübarizə aparmayana qədər hər hansı bir irəliləyişdən
danışmaq əbəsdir.
- Monopoliyalara
qarşı necə mübarizə aparılmasını təklif edirsiniz?
Bünyamin Qəmbərli:- BAXCP ölkədə,
xüsusi ilə iqtisadiyyatdakı bütün neqativ halların qarşısının alınmasını, cəmiyyətin
və dövlətin inkişafını ciddi islahatlar aparılmasında görür. Bu islahatlar
aparılmadan nəyəsə nail olmaq imkansızdır. Digər tərəfdən deyim ki, mən bütün əyintilərin,
qanunsuzluqların və cinayətlərin əsas səbəbini qanunların işləməməsində, verilən
qərarların icra olunmamasında, icrasına nəzarətin olmamasında və cəzasızlıqda
görürəm. Bizdə hər şey kampaniya xarakteri
daşıyır. İstənilən məsələ ilə bağlı bir neçə gün və ya bir neçə həftə hay-küy
salınır, bütün KİV-lər yazır-deyir və bir anda da unudulur. İşin pis tərəfi də
odur ki, camaata xeyri olan qərarlar aylarla yubadılaraq tısbağa yerişi ilə,
qadağalara və yaxud insanların mənafeyinə, istəyinə uyğun olmayan qərarlar isə işıq sürətiylə icra
olunur. Başqa bir səbəb isə bütün milli
və dövlətçi qüvvələri ən çox narahat edən mənəvi aşınmadır. Bayaq da qeyd
etdiyim kimi mənəvi şikəstliyi aradan qaldırmasaq, mənəvi aşınmanın qarşısını
almasaq sabah bugünə şükr edəsi olacıyıq. Bunun üçün də düşünürəm ki, hakimiyyət
mənəvi aşınmanın qarşısının alması, eyni zamanda
sağlam və milli düşüncəli nəslin yetişməsi üçün təcili tədbirlər görməli, kağız
üzərində qalmamaq şərti ilə ciddi proqramlar qəbul edib həyata keçirməlidir.
Heydər Oğuz:-Monopoliyalara
qarşı mübarizənin bir çox yolları var. Təəssüf ki, Azərbaycanda bu yollardan
heç birinə baş vurulmur. Bu haqda
uzun-uzadı danışmaq istəmirəm. Sadəcə, tezislər halında bir neçə fikir söyləməyi
daha uyğun görürəm. Əvvəla, monopoliyaları yaradan səbəbləri aradan qaldırmaq
lazımdır. Bunun üçün ilk növbədə məmurların mülkiyyəti haqqında deklorasiya tələb
olunmalıdır, böyük biznes sahələri olan məmurdan bunu necə qazandıqları
soruşulmalıdır. Qanunlara görə, məmur bizneslə məşğul ola bilməz. Onlara ya “gedin
iqtisadi işlə məşğul olun, ya da məmurluq edin”x9d deyilməlidir. Nazirlər bu qədər varidatı necə topladıqlarının hesabatını verməlidirlər.
Gündəlik çörək puluna çatan maaşlarla bu möcüzələrin yaradıla bilməyəcəyi
ortadadır. Belə çıxır ki, nazirlərdən tutmuş ən adi JEK müdirinə qədər bütün məmurlar
korrupsiya ilə məşğul olub. Onların göz yaşlarına baxmadan hamısının əmlakı
müsadirə olunmalı, dövlət malını taladıqları üçün istinasız olaraq hamısı cəzalandırımalıdır.
Azərbaycan həbsxanaları məmur və nazirlərlə aşıb daşmadıqca ölkədə
korrupsiyanın, monopoliyaların qarşısı alınmayacaq. Qeyri-qanuni yollarla əldə
olunan bütün əmlaklar milliləşdirilməli, fabriklər dövlət əmlakına çevrildikdən
sonra özəlləşdirilməlidir. Yəni əvvəl milliləşdirmə, sonra milliləşdirilmiş müəssisələrin
özəlləşdirilməsi prosesi başladılmalıdır. Əksər müəssislər onu işlətməyi
bacaranlara həvalə edilməlidir. Bilirsinizmi, bu müəssisələrin, demək olar ki,
hamısı xalqdan oğurlanmış pulla ərsəyə gətirilib. Ədalət də onları öz sahibinə qaytarılmasını tələb
edir.
-Son zamanlar
tez-tez məmur-oliqarx söz birləşməsinə rast gəlirik. Sizcə, məmur oliqarx ola
bilərmi?
Bünyamin Qəmbərli:- Təbii ki, ölkədə
baş verən bütün neqativ hallarda hakimiyyətin günah payı var və bu pay bəzi məsələlərdə
daha böyükdür. Amma bütün günayhları hakimiyyətdə görmək yanlışdır və bizim hər
hansı məsələnin düzgün həll yolunu tapmağımızda mane olar. Əgər insanların mütləq
əksəriyyəti ayağı sürüşkəndirsə, çox ucuz qiymətə alınıb-satılırsa, bütün müqəddəsliklər
onun şəxsi marağının yanında küfürdüsə, bunu görməzdən gəlmək,
buna göz yummaq, yaxud da buna haqq qazandırmaq üçün bəhanələr axtarmaq ədalətli
deyil. Mən bu fikirdəyəm ki, qanun işləməyən, qəhrəmanı əsirliyi,
lideri köləliyi, aydını qaranlığı, alimi buqəlləmunluğu qəbul edən, dindarı
riyakar, yazarı saxtakar, siyasətçisi yalançı, sənətçisi yaltaq olan, bir sözlə
rəhmətlik Yusif Səmədoğlu demişkən “şairi şairinin
başın istəyən”x9d məmləkətdə məmur oliqarx
da olar, o yana da keçər. Hələ üstəlik, dünənki düşmən
bugünkü qəhrəman, dünənki qəhrəman isə bugünkü düşmən də olar, necəki son
zamanlar buna daha çox rast gəlirik.
Heydər Oğuz:- Hesab edirəm ki,
bu sualın cavabını az əvvəl verdim. Məmur-oliqarx anlayışı uydurmadır.
Qanunlara görə, məmurlar heç bir zaman oliqarx ola bilməzlər. Çünki qanunlar
dövlət məmurlarına iqtisadi işlə məşğul olmağa icazə vermir. Əgər bizim məmurlar
oliqarx olublarsa deməli, xalqın əmlakını talayıblar. Onların adını da mahiyyətlərinə
uyğun qoymalıyıq. Mahiyyətə uyğun adlandırma isə oğru, talançı məmurdur. Qısası
məmur-oliqarx yoxdur. Məmur-oğru vardır. Hesab edirəm ki, oğrular öz
oğurluqlarını gizlətmək üçün adlarını oliqarx qoyublar.




































































































