"İsa Qəmbər başqan olduğu dönəmdə öz xarizması ilə təkcə mənim deyil, mənim kimi müsavatçı olmayan və peşəsindən asılı olmayaraq millətini, dövlətini düşünən minlərlə vətənpərvər insanın rəğbətini qazana bilmişdi. Şəxsən özümə gəldikdə isə son başqan seçkilərinədək onunla yaxın dost münasibətlərimiz olub, hər zaman da ona yüksək hörmət bəslədiyimi ifadə etmişəm. Ancaq başqanlıqdan o cür uğursuz gedişindən sonra rəhbəri olduğum saytda Qubad İbadoğlunun özünə və tərəfdarlarına daha çox meydan verilməsindən bərk incidiyini eşitdim və beləcə həmin soyuqluq bu günədək davam edir. Baxmayaraq ki, dəfələrlə Müsavatdakı bu ikitirəlikdə tərəf olmadığımız, sadəcə Qubad bəyin tərəfdarlarının bizimlə daha sıx əməkdaşlıq etdiyi səbəbindən bu cür mənzərənin yarandığını bəyan etdik. Hətta Qubad bəyə şəxsən müraciət edərək bu mənasız savaşı durdurmağa çağırmışam, xahişdə bulunmuşam. Hər halda Qubad bəy özü də bunu etiraf edər. Məsələ burasındadır ki, İsa bəy bütün nöqsanlarına rəğmən hələ də mənim üçün çox dəyərli siyasi xadim olaraq qalır və ona olan mövqeyimdə kardinal dəyişiklik baş verməyib. Onun Rauf Arifoğlunun Müsavatdan gedişinə bir neçə cümləlik qısa və olduqca mənalı açıqlaması isə mənə ləzzət elədi:
"Rauf Arifoğlunun İlham Əliyevdən mükafat alması (İlham Əliyevin Rauf Arifoğluna mükafat verməsi) bu iki şəxsin barışığı kimi qiymətləndirilə bilər. Şəxslərin barışına bir söz deyilməz, amma İlham Əliyevlə barışmaq rejimlə barışmaq deməkdir. Və bu şəraitdə Rauf Arifoğlunun Müsavatdan çıxması məntiqli addımdır, çünki biz müsavatçılar hesab edirik ki, rejimlə barışmaq vətənimizin, xalqımızın sərvətlərinin oğurlanması ilə, insanlarımızın azadlıqlarının məhdudlaşdırılması ilə, ölkəmizdəki korrupsiya və rüşvətxorluqla, haqsızlıq və ədalətsizliklə, yüzlərlə siyasi məhbusun və girovun olması ilə barışmaq deməkdir. Müsavatçılar üçün bu mümkün deyil".
Bu açıqlamada əslində heç nə deyilməsə də başqan hər şeyi dedi və hər kəsə mesajını çatdırdı. Ona görə də Rauf Arifoğluna yeni görəvində uğurlar arzulamaqla yanaşı İsa Qəmbərə də dimdik ayaqda olduğu üçün təşəkkürlərimi çatdırıram, bu yanaşmasını bu günki əlamətdar gündə məni şəxsən təbrik etməsi kimi qəbul edirəm."































































































