Quba rayon sakinlərini Milli Məclisdə təmsil edən Vahid Əhmədov Quba şəhərindəki ofisində yerli sakinlərlə görüşərək onların problemlərini dinləyib.
Deputatın köməkçi Arif Orucov Moderator.az-a bildirib ki, qəbula hazırlıq bir neçə gün əvvəldən başlanılmış, deputatla görüşmək istəyən bütün seçicilərə görüş üçün müvafiq şərait yaradılmışdır. Qəbula yazılmış 27 sakindən biri istisna olmaqla qalanları deputat tərəfindən təkbətək qəbul edilərək dinlənilmişdir. Qaldırılan məsələlər sırasında işlə təmin olunma, yaşayış evlərinin tikinti və təmirinə köməkliyin göstərilməsi, müxtəlif yönümlü ailə və təsərrüfat qayğıları və s. problemlər olmuşdur.
Əvvəlki qəbullarda olmuş və deputatın müdaxiləsindən sonra qaldırdıqları problemləri həll olunduğu üçün öz minnətdarlığını bildirməyə gələn şəxslər də bu dəfəki qəbulda az olmamışdır. Qəbul zamanı çalışılmışdır ki, əhalini narahat edən problemlər elə yerindəcə operativ öz həllini tapsın. Həlli vaxt tələb edən bəzi suallar öyrənilib tədbir görülməsi üçün nəzarətə götürülmüşdür.
Məlum olduğu kimi yayın ilk ayları Quba meyvəçiləri üçün ilk məhsulların yetişməsi və yığıma hazırlıq qayğıları ilə əlamətdardır. Bunu da nəzərə alan millət vəkili yolüstü bir neçə sahibkar ilə söhbət edərək, onların yay qayğıları ilə yaxından maraqlanmışdır.
Əvvələr də olduğu kimi əhalini narahat edən məsələlər rayon İcra Hakimiyyətinin rəhbər işçilərinin nəzərinə çatdırılmış, birgə təbdirlər istiqaməti müəyyənləşdirilmişdir.































































































