Yanan binanın təmirini aparacaq şirkəti kim seçib?
Son bir həftə ərzində baş verən hadisələr bir-birini elə izləyir ki, elə bil ipə-sapa düzülüb, əvvəlcədən planlaşdırılıb, ssenariləşdirilib. Faciəvi yanğının ardınca kütləvi söküntülərin başlanması və bu ajiotaj fonunda məmurlarımızın davranışları heç cür cəmiyyətin və medianın nəzərindən qaça bilməzdi. Məmurlarımızın davranışları bu fonda daha çox poza göstərmək təsiri bağışlayırdı. Qeyri-səmimi ifadələr, özünə aid olmayan məqamlara münasibət və s. çılpaqlığı ilə göstərdi ki, Azərbaycan hökumətinin məmurlarının heç biri öz yerində deyil, hamı öz işindən başqa nə ilə desən məşğuldur, bircə öz işinin öhtəsindən gələ bilmir, qalan hər şeyin "as"ıdır.
Mən hələ ötən həftə Abid Şərifov media qarşısında ilk kobud səhvini buraxanda özümə söz verdim ki, bu barədə yazmayacağam, onsuz da hamı yazır və yazacaq. Belə də oldu, hətta Mətbuat Şurasının sədri Əflatun Amaşov da çox düzgün addım ataraq Abid Şərifova açıq məktub yazdı. Lakin bütün bunlar Abid Şərifovu durdurmaq üçün kifayət etmədi, bu adam jurnalistləri uşaq saydığını israr edərək dediyini dəfələrlə təkrar edir və dediklərini elə "müdrik" tonda ifadə edir ki, guya o, hamıdan çox bilir.
Amma belə deyil Abid müəllim, birincisi, ağıl yaşda deyil, başdadı. Ola bilər ki, jurnalist sizin uşaqlarınız və ya nəvələriniz yaşda olsun, amma bu o demək deyil ki, onlar mütləq sizdən az bilir. Hazırda ölkəmizdə elə jurnalistlər var ki, yaşının az olmasını baxmayaraq, ən yüksək çinli məmurlarımızdan belə qat-qat savadlı və hazırlıqlıdır. İkincisi, jurnalistin məmura sual vermək, ondan ciddi cavab almaq hüququ var. Amma Abid Şərifov jurnalistlərin bu hüququnu pozaraq, jurnalistin sualını əhəmiyyətsiz söz kimi lağa qoyur. Bəllidir ki, 19 may faciəsinin səbəbi səmərəsiz idarəetmənin, hesablanmamış təhlükəsizliyin nəticəsidir. Bakıda binaları kütləvi şəkildə üzləməyə başlayanda cəmiyyətin rəyi öyrənilmənib, nə də bu işi görən şirkətlərin hansı tenderlə seçildiyi bəyan edilməyib, nəticə göz qabağındadır - onlarla ailə Bakının göbəyində ciddi zərər çəkdi, insan tələfatı baş verdi. Abid müəllimin dediyindən belə məlum olur ki, yenə həmin proses təkrarlanır - cəmiyyətdən və mediadan gizli şəkildə yanan binanın təmirini hansısa şirkətə həvali edirlər. Bəlkə də, elə əvvəlcə binaya üzlük çəkən şirkət yenidən həmin binanı təmr etməyə hazırlaşır. Özünü çoxbilmiş hesab edən yüksək çinli dövlət məmuru etiraf edir ki, belə işlərdə kimlərsə məsləhətləşərək hansısa şirkəti seçir, çünki onlar hansı şirkətin daha keyfiyyətli iş gördüyünü bilir. Məsləhətləşənlər tendersiz-filansız podratçı şirkət seçməkdə belə ustadırsa, indi nə üçün butun ölkə üzrə üzlənmiş binaların fasadların sökürsünüz, Abid müəllim? Bu onu göstərir ki, sizin ənənəvi, ibtidai icma qurluşundan qalma "məsləhətləşmə" üsulu ilə seçim etmək metodunuz artıq özünü doğrultmur. Ona-buna, hətta jurnalistə ağıl öyrətməkdən macal tapsanız bir az düşünün, Azərbaycan Respublikasının qanunları var, onlara da bir nəzər yetirin. O qanunlar içərisində birbaşa bu məsələni tənzimləyən Azərbaycan Respublikasının "Dövlət satınalmaları haqqında" Qanun da mövcuddur. Həmin qanuna əsasən dəyəri 50 min manatdan çox olan (Maliyyə Nazirliyi Kollegiyasının 12 saylı, 20 may 2013-cü il tarixli qərarına əsasən), dövlət sifarişi ilə görülən bütün işləri icra edən şirkətlər və sahibkarlar müxtəlif növ tenderlər vasitəsi ilə seçilməlidir. Amma baş nazirin "çoxbilmiş" müavini Abid Şərifov etiraf edir ki, bunu kimlərsə öz aralarında məsləhətləşərək seçirlər. Elə isə nə üçün ölkə qanunlarını ayaqlar altında taptalayırsınız, cənab baş nazirin müavini, bütün fövqaladə vəziyyətlər zamanı yaradılan komissiyaların sədri?!
Bununla yanaşı, elə həmin qanunun 5-ci maddəsinin 3-cü bəndində yazılır: "Tender nəticəsində bağlanmış satınalma müqaviləsi barədə məlumat 5 bank günü ərzində tender haqqında elanın verildiyi mətbuat orqanında dərc etdirilir və rəsmi internet saytında yerləşdirilir". Başqa işləri qoyaq bir kənara, 19 may 2015-ci il tarixdə yanan binanın təmirini aparacaq şirkətin seçilməsi barədə tender nə vaxt elan edilib və nəticələr harada dərc edilib? Bu barədə cəmiyyətin həm mənəvi baxımdan, həm də qanunvericilik baxımından məlumat almaq haqqı var. Çox təəssuf ki, bu haqqı Abid Şərifovun şəxsində Azərbaycan məmurları tanımır...
Akif Nəsirli, iqtisadçı ekspert


























































































