9 May - faşizm üzərində Qələbə Günü kimi yaddaşımda böyük iz buraxıb. Çünki həm uşaq vaxtı mən bu bayram haqqında eşidəndə, həm də orta məktəbdə hər il mayın 9-nu Qələbə Günü kimi qeyd edəndə bunun əhəmiyyətini kəsb etdim. Hər il məktəbimizdə şənliklər təşkil olunar, müxtəlif səhnəciklər keçirilərdi. Məktəbin həyətində dövlət himnimizi oxuyar, yürüş edərdik. Musiqi səsi ətrafı bürüyərdi. Hamının əlində bayraq olardı. Vətənpərvərlik ruhunda mahnılar oxunardı. Şəhidlərin əziz xatirəsi yad edildikdən sonra bizə müharibə illərindən məlumat verilərdi. Biz də şeirlər söyləyər, Qələbə Gününə həsr olunmuş rəsm əsərləri çəkərdik. Düzü, mən yaxşı rəsm çəkə bilməsəm də, ucadan şeirlər söyləyərdim. Özü də şeirləri əzbərdən deyərdim. Bir sözlə, məktəbimizdə 9 May Qələbə Günü çox maraqlı, yaddaqalan keçirilərdi. Həmin gün məktəbdən xoş ovqatla ayrılardıq. O vaxt rəhmətlik nənəm hər bayram sinifimiz üçün tort - zebra hazırlayardı. Səhər tamaşası üçün sinif rəhbəri hər valideynə nə isə tapşırardı. Mənim nənəmin öhdəsinə isə tort hazırlamaq və onu bizim tədbirdə nümayiş etdirmək düşərdi. Nənəmin hazırladığı tortlar çox dadlı olardı. Ona görə də ondan tez-tez tort bişirməsini xahiş edərdim. 9 May Qələbə Günü həm də yaddaşımda geyindiyim qırmızı kostyumla qalıb. Bayram şənliyinə ağ köynək, qara ətəklə gəlməli idim, amma mən qırmızı kostyumla gəldim. Düzü, mənə hansı geyimdə gəlməyimi deməmişdilər. Desəydilər, bəlkə də sözlərindən çıxmazdım. Sadəcə, bilmirdim. Ancaq qırmızı kostyumum, nədənsə, hamını diqqətini çəkirdi. Mənə dedilər: “Ay qız, get, əynini dəyiş, bu nə paltar, bu nə rəngdir geyinmisən?”x9d Hətta bir az qəzəb və qısqanclıqla mənə baxdılar ki, yəqin düşünürdülər ki, niyə bu qırmızı kostyumda biz isə ağ kofta, qara ətəkdə olmalıyıq. Bu halımdan sinif rəhbərimin üzünün rəngi də kostyumumun rəngi kimi qıpqırmızı olmuşdu. Narazılığını da bildirdi. Dedim: “Axı mən nə edim, anam geyindirib göndərib, mən necə gedib əynimi dəyişim, yox, elə qırmızı rəng yaxşıdı. Bu kostyumda qalacam”x9d. Bilmirdim 10 yaşlı uşaqdan nə istəyirdilər. Fikirləşirdim ki, bayramdı, kim nə istəsə, geyinə bilər, amma görünür, yanılmışdım. Evimiz məktəbə yaxın olmasıma baxmayaraq, getmədim. Bəlkə qəsdən, bəlkə də uşaqlıqdan qırmızı rəngin qələbə günü ilə həmahəng olduğunu zənn etdiyimdən. Çünki o vaxt mən qələbəni qırmızı rəngdə təsəvvür edirdim. Düşünürdüm ki, qələbə məhz qırmızı rəngdə olur. Səhər tamaşasında da qısa nitqimdə dedim ki, qırmızı qələbəniz mübarək, əziz veteranlar! Bu təbrikimə görə mənə heç nə demədilər. Yəni kimsə yaxşı ki, sözümü paltarım kimi dəyişdirməyə səy göstərmədi. Bəli, 9 May - faşizm üzərində Qələbə Günü yaddaşımda həqiqətən qırmızı Qələbə Bayramı kimi həkk olunub. Hal-hazırda da müharibə veteranlarını, onların yaxalarında sıralanmış orden və medalları görəndə adamın gözləri dolur. Amma bu göz yaşları fəxr, qürur yaşlarıdır. Amma nə yazıqlar ki, müharibə veteranlarımızın sırası çox seyrəlib. Hər il bu Bayram günü onlar sevinir və diqqət gözləyir. 9 May ”“ Qələbə, həm də Veteranlar Günüdür. Hər il veteranlar məhz bu günü səbirsizliklə gözləyirlər. Qətiyyətlə demək olar ki, İkinci Dünya müharibəsi Azərbaycan xalqının fədakar, qəhrəman, cəsarətli olmasını bir daha sübut etdi. Bu müharibə Azərbaycan xalqının kütləvi qəhrəmanlığını və fədakarlığını nümayiş etdirdi.
Leyla Namazova




































































































