Prokuror Zakir Qaralovun göndərdiyi adamı təhqir edib

Hazırda oxunan: Prokuror Zakir Qaralovun göndərdiyi adamı təhqir edib

66490
2014-cü il sentyabr ayının 5-də Göygöl rayonunda qətlə yetirilmiş 1985-ci il təvəllüdlü Rüstəmov Kamal Əli oğlunun qohumları tərəfindən redaksiyamıza olunmuş müraciət əsasında hazırlanmış material dərc olunmuşdu.

Materialda qeyd olunmuşdu ki, mərhumun ailə üzvləri və yaxınları Göygöl rayon Prokurorluğu tərəfindən aparılan istintaqın gedişindən ciddi narazılıqlarını ifadə edirlər. Ailə üzvlərinin dediklərinə görə Kamal Rüstəmov 04 sentyabr 2014-cü il saat 16.00 radələrində sabiq qaynı Rzayev Urfan Tapdıq oğlu tərəfindən amansızcasına qətlə yetirilmişdir. Hadisənin təfərrüatlarını danışan ailə üzvləri bildirmişdilər ki, 2007-ci ildə Kamal Rüstəmov Tapdıq Rzayevin (Urfanın atası-red.) qızı ilə evlənib. Tapdıq Rzayevin imkanlı bir şəxs kimi Göygöl rayonu ərazisində çaxır və araq istehsalı üzrə 5 müəssisəsi olub. Tapdıq Rzayevin yeznəsi olan mərhum Kamal Rüstəmov da həmin müəssisənin satış üzrə meneceri işləyib. Qohumların iş birliyi altı il davam edib. 2013-cü ildə qaynata ilə kürəkən arasında müəyyən narazılıq yaranıb. Bundan sonra Kamal Rüstəmov qaynatasının biznesindən uzaqlaşaraq özünə Quşqara kəndində limonad sexi açıb. Kamal Rüstəmovla Tapdıq Rzayevin qızı bu soyuqluğun nəticəsi olaraq bir müddət sonra boşanıblar. Keçmiş qaynatası Kamalın onları tərk edib özünə iş qura bilməsini həzm edə bilməyib və hər vəchlə onun biznes fəaliyyətinə mane olmağa başlayıb. Məsələn, Kamal Rüstəmov limonadları ayrı-ayrı dükanlara 40 qəpiyə təklif edirmişsə, onlar izləyib həmin dükanlara ziyana olsa belə həmin limonadı 25-30 qəpiyə təklif edirmiş. Dükan sahiblərinə də deyirmişlər ki, heç kim Kamaldan mal almasın. Kamal Rüstəmovun işçilərinin dediyinə görə, Tapdıq Rzayev və onun oğlu Ürfan Rzayev tez-tez gəlib onu narahat edirmişlər, hədələyirmişlər ki, neçə ki, biz varıq, sən burdan xeyir götürə bilməzsən. Bundan başqa isə Kamalın xalası Laləzar Bayramova bacısı oğlunun Rzayevlər tərəfindən dəfələrlə ölümlə hədələndiyinin şahidi olduğunu bildirir. Onun sözlərinə görə sentyabrın 4-də Urfanın atası Tapdıq Rzayevin Vaqif və Kamran adlı daha iki şəxslə gecə saatlarında kafedə oturaraq cinayət planı işləyib hazırlamalarının şahidləri də var. Lakin Tapdıq Rzayevdən çəkinən bu insanlar ifadə verməkdən ehtiyat edirlər. Nəhayət hadisə baş verən gün, sentyabr ayının 5-də Kamalın guya ki, onlara borcu olması bəhanəsilə Rzayevlər digər iki şəxslə mərhumun iş yerinə gəliblər. Qohumlarının iddiasına görə gələnlərdən biri əlbəyaxa döyüş növləri üzrə qara kəmər sahibi olan Kamalın başını sənədlərlə qataraq onun fikrini yayındırmış, məhz elə bu məqamda da Urfan Rzayev Kamala bıçaqla bir neçə zərbə endirmişdir. Mərhumun atası Əli Rüstəmov isə bildirir ki, oğlu son nəfəsində onu Urfanın vurduğunu təsdiq edib. Bundan sonra Əli Rüstəmov oğlunu maşına qoyaraq, onu xəstəxanaya aparıb. Lakin Kamal hələ yolda ikən keçinib.Mərhumun qohumlarının dediklərinə görə, cinayət hadisəsinin xarakterini yüngülləşdirmək məqsədilə Göygöl rayon prokurorluğu tərəfindən hadisənin qrup tərəfindən deyil, bir nəfər tərəfindən törədildiyi iddiası ortaya atılıb. Digər tərəfdən isə Tapdıq Rzayevin oğlunun ruhi xəstə olmasına dair müvafiq sənədlər hazırlaması barədə xəbərlər də mərhumun qohumlarını narahat edir. Həmçinin Laləzar Bayramova bacısı oğlunun qətlinə dair onun şahid kimi dindirilməməsindən narazıdır. Bütün bunları nəzərə alaraq Kamal Rüstəmovun valideynləri və qohumları işin Göygöl rayon Prokurorluğundan alınaraq, Respublika Prokurorluğuna verilməsi tələbini irəli sürmüşdülər. Dünən isə Kamal Rüstəmovun qohumları yenidən redaksiyamıza gəlmişdilər. Onlarla söhbətdən məlum oldu ki, ötən ilin noyabr ayının 27-də Tərtər rayon Prokurorluğunun inzibati binasında Baş prokuror Zakir Qaralov tərəfindən keçirilmiş vətəndaşların qəbulu zamanı Rüstəmovlar da öz problemləri ilə həmin qəbulda olmuşlar. Daha sonra məsələ ilə ətraflı tanış olmaq məqsədilə Rüstəmovları Baş prokurorun 1-ci müavini Rüstəm Usubov qəbul etmişdir. Şikayətçilər bildirirlər ki, R.Usubov işi aparan müstəntiq Rövşən Əmrahovu da çağıraraq ona işə dair bəzi iradlarını, xüsusən qara kəmər sahibi olmuş Kamal Rüstəmovun sadəcə bir nəfər tərəfindən qətlə yetirilməsi barədə mülahizənin inandırıcı olmaması barədə fikirlərini bildirmişdir. Bu və digər boşluqlar nəzərə alınaraq, istintaqın vaxtı daha bir ay uzadılmış və müstəntiqə obyektivliyin gözlənilməsinə dair ciddi tövsiyyələr verilmişdir. Lakin qəbuldan az bir müddət sonra Kamal Rüstəmovun qohumları yenidən prokurorluğa çağırılmışlar. Bu dəfə isə onları görüşə dəvət edən Göygöl rayon prokuroru Rauf Məmmədəliyev olub. Olduqca gərgin şəraitdə keçən bu görüş zamanı Rauf Məmmədəliyev zərərçəkmişləri ondan yuxarı instansiyaya şikayət etdiklərinə görə təhdid və təhqirlərə məruz qoyub. Sonda isə prokuror şikayətçilərin “acığına”x9d işi daha yüngül maddə ilə məhkəməyə təqdim edəcəyini bəyan edərək onları otağından qovub. Nəhayət dekabr ayının sonlarında istintaq tamamlanaraq, iş Gəncə Ağır Cinayətlər məhkəməsinə göndərilib.Rüstəmovlar bildirirlər ki, Baş Prokurorluğun tapşırıqlarını nəzərə almayan Göygöl rayon prokuroru cinayət məsuliyyətinin minimuma endirilməsi üçün bütün lazımi tədbirləri görmüşdür.(bizimdovr.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin