Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbərin Müsavatda baş verənləri partiya ilə hakimiyyətin savaşı kimi qiymətləndirməsini öz ünvanlarına götürən narazıların nümayəndələri açıqlamalar veriblər. Onlar İ. Qəmbəri yenə tərəf tutaraq başqan Arif Hacılını müdafiə etməkdə günahlandırıblar. Müsavat başqanının müavini Gülağa Aslanlı isə İ. Qəmbərin fikrini yüksək qiymətləndirərək bundan narahat olanların öz niyyətlərini ortaya qoyduğunu bildirib.
O qeyd edib ki, İ. Qəmbərin bircə cümlədən ibarət açıqlaması çox yerində bildirilmiş ifadədir. Bunu kimlərinsə öz üzərinə götürməsi bəzi mətləblərin açılmasına səbəb olur: “Müsavat Partiyasının taleyi həmişə İsa Qəmbəri düşündürüb. Həyatının böyük hissəsini Müsavat Partiyasının qurulmasına, inkişafına həsr edən adamın partiyada baş verən hadisələrə biganə qala bilməməsi təbiidir. Amma Müsavat Partiyasının İsa Qəmbər tərəfindən idarə olunduğu kimi iddiaların səsləndirilməsi bu adamların niyyətlərini ortaya qoyur ki, bunlar da partiyanın yeni seçilmiş strukturlarının fəaliyyətinə kölgə salmağa hesablanmış bir addımdır. Bu iddiaların irəli gedə biləcəyini düşünənlər tamamilə yanlışlığa yol verirlər”x9d.
Müsavat Partiyası Divanının üzvü Vəfa Cümşüdlü isə APA-ya açıqlamasında deyib ki, partiyanın sabiq başqanı İ. Qəmbərin Müsavatdakı prosesləri hakimiyyətlə partiyanın savaşı kimi qiymətləndirməsi reallığın ifadəsidir: “İsa Qəmbər Məclisin toplantısında da Qubad İbadoğlu və onu dəstəkləyən bəzi şəxslərin mətbuatda, sosial şəbəkələrdə həqiqəti əks etdirməyən fikirlərinə münasibət bildirib və hər kəsi baş verənlərdən nəticə çıxarmağa səsləsə də, qarşı tərəf qurultay məsələsini daim gündəmdə saxlamaqda maraqlıdır. Sözsüz ki, bu da partiyanın nüfuzuna xələl gətirir və cəmiyyətdə birmənalı qarşılanmır. Odur ki, İsa Qəmbər baş verənlərə münasibətini bir cümlə ilə ifadə etdi. Müsavat Partiyası Məhəmməd Əmin Rəsulzadənin bizə əmanətidir və onun məsuliyyətini hər bir müsavatçı dərk etməlidir”x9d.
V. Cümşüdlü Müsavatı İsa Qəmbərin idarə etməsi barədə deyilən fikirləri isə absurd adlandırıb: “Partiyanı İsa Qəmbərin idarə etməsi barədə fikrə gəldikdə, bunlar kökündən yanlış məlumatdır. İsa Qəmbər heç vaxt kiminsə fəaliyyətinə müdaxilə etməyib. Partiyanın başqanı, Divanı və Məclisində təmsil olunanlar mübarizə yolunu keçmiş, siyasi təcrübəsi və təşkilatçılıq qabiliyyəti olan insanlardır”x9d.

27 sentyabr qurultayında seçkiləri həyata keçirmək üçün yaradılmış say komissiyasının sədri olmuş, keçmiş Məclis üzvü Mirbaba Babayev isə fraksiya yaradılması məsələsi barədə danışıb. O deyib ki, Müsavat Partiyasının Nizamnaməsində fraksiya yaradılması nəzərdə tutulmayıb. Əgər kimsə fraksiya adında bir qurum yaradarsa, bu, nizamnamədən kənar qurum olacaq.
M. Babayev sonra bildirib ki, əgər fraksiya yaradılması fikri varsa, partiyanın Məclisinə müraciət edilməlidir. Məclis də nizamnaməyə dəyişiklikləri növbəti qurultay üçün hazırlamalıdır: “Nizamnaməyə dəyişiklik qurultayda qəbul edilsə, o halda fraksiya yaratmaq nizamnamə çərçivəsində olacaq. Əks halda, fraksiya adında bir şey yaradılması nizamnamədən kənar qurum yaradılması demək olacaq”x9d.
Bununla yanaşı, M. Babayev hesab edir ki, fraksiya yaradılarsa, orada iştirak edənləri cəzalandırmaq da olmaz: “Bu, tamamilə absurd bir şeydir. Sadəcə, fraksiya adlandırılan həmin qurumun heç bir səlahiyyəti olmayacaq”x9d.
M.Babayev nizamnamədə nəzərdə tutulmadığı halda Müsavat Partiyasında yaradılmış Mərkəzi İcra Aparatının illərdir partiyanı idarə etməsi ilə bağlı iradlara da cavab verib: “Mərkəzi Aparatın nizamnamədə nəzərdə tutulması vacib deyil, bu, başqanın səlahiyyətinə aid olan bir məsələdir. Partiyada Mərkəzi Aparatın yaradılması nizamnaməyə zidd deyil”x9d.
M. Babayev yaşı ilə əlaqədar Məclis üzvlüyünə namizədliyini verməyəcəyini, daha gənc insanların rəhbər orqanlarda təmsilçiliyinin önünü açmaq istədiyini də vurğulayıb.
Bir neçə gün öncə partiya sıralarından xaric edilən başqanlığa sabiq namizəd Səxavət Əilsoy isə bəyan edib ki, yeni partiyanın yaradılması haqqında müzakirələr aparılır. S.Əlisoy bildirib ki, hazırda narazı üzvlər bu və ya digər məsələləri müzakirə edirlər. Konkret qərar isə növbəti həftə veriləcək.

Başqanlığa digər sabiq namizəd Tural Abbaslı isə bildirdi ki, yeni partiya yaratmaq ideyasını dəstəkləmir: “Əgər Səxavət bəy partiya yaratmağı düşünürsə, ona ancaq uğurlar diləyə bilərəm. Lakin mənim hər hansı bir partiya yaratmaq və ya yaradılacaq partiyada iştirak etmək kimi fikrim yoxdur. Biz Müsavat Partiyasının daxilində fəaliyyətimizi davam etdirəcəyik. Çünki Müsavatın bu gücə malik olmasında bizim də əməyimiz böyükdür. Biz bu fəaliyyətimizdən imtina etmək, meydanı boş buraxmaq niyyətində deyilik. Bu baxımdan, bir daha qeyd edirəm ki, bizim partiya yaratmaq kimi fikirmiz yoxdur”x9d.

Müsavat Partiyası başqanının müavini Osman Kazımov isə son vaxtlar bəzi iqtidar təmsilçilərinin və narazıların Müsavat Partiyasında növbədənkənar qurultayın keçirilməsi məsələsini ortaya atmasına münasibət bildirib. Moderator.az-a açıqlamasında O. Kazımov bildirib ki, qurultay keçirilməsə Müsavatın dağılacağı barədə iddiaların əsası yoxdur: “Müsavat Partiyası qurultay keçirib. Biz heç vaxt Yeni Azərbaycan Partiyasının növbədənkənar qurultay keçirməli olmasına dair fikir səsləndirməmiş, işlərinə qarışmamışıq. Müsavat Partiyasına qarşı uzun müddət planlaşdırılaraq hazırlanmış bir ssenari işə düşüb. Qurultayda bu plan alınmadı. İndi növbəti mərhələyə başlayıblar. Müsavat Partiyası üzvlərindən kim bu planda bilərəkdən yer alırsa, özünün siyasi sonluğuna imza atır. Təsadüfi qoşulan-yəni mahiyyətini bilmədən qoşulan müsavatçı dostlarımıza isə düşünməyi tövsiyə edirəm”x9d.
musavat.com






























































































