Moderator.az millət vəkili Məlahət İbrahimqızının parlamentin bu günki iclasındakı çıxışını sinxron olaraq təqdim edir:
"Dövlət büdcə zərfinin hazırlanmasında, dövlətimizin güclü iqtisadi strategiyasının formalaşmasında möhtərəm prezidentimizə öz təşəkkürümü bildirirəm. Həqiqətən də bu gün dünyada gedən prosesləri izlədikcə, siyasi, iqtisadi, humanitar sahədə baş verən böhranları gördükcə adam bir anlıq fikirləşir ki, bəlkə biz heç bu dünyada yaşamırıq. Ölkəmizdə həyata keçirilən böyük quruculuq, nəhəng layihələrin uğurla həyata keçirilməsini gördükcə bir azərbaycanlı kimi, bu ölkənin vətəndaşı kimi fəxr edirik. Bu yaxınlarda Avstraliyanın Bristo şəhərində 20-lərin sammitində də Böyük Britaniyanın, eləcə də Almaniyanın və bir çox ölkələrin baş nazirləri öz çıxışlarında bir daha qeyd etdilər ki, qarşıda daha bir iqtisadi böhran gözlənilir. Dünən çox hörmətli maliyyə nazirinin, iqtisadiyyat və sənaye nazirinin müavinin və Mərkəzi Bankın rəhbərinin, Ziyad Səmədzadənin və digər çıxışçıların da təqdimatından bir daha gördük ki, qarşıdan gələn 2015-ci il nə inflyasiyada, nə sərmayə qoyuluşunda heç bir problem gözlənilmir. Eləcə də bu gün davam edən və gələcəkdə başlayacağımız layihələrin həyata keçirilməsində də böyük uğurlar gözlənilir. Hər bir Azərbaycan vətəndaşı da fəxr edə bilər ki, tarixdə ilk dəfə Azərbaycan Avropa Oyunlarına ev sahibliyi edəcək. 2017-ci ildə islam ölkələrinin olimpiya oyunlarına bərabər idman yarışlarına ev sahibliyi edəcəyik. Bu kimi bir çox qlobal miqyaslı tədbirlər həyata keçirilir ki, bu hər birimizin baş ucalığımızdır. Burada Siyavuş müəllim çox gözəl vurğuladı, biz Azərbaycanı heç bir halda Ermənistanla müqayisə edə bilmərik. Bu gün Azərbaycan Avropa Birliyinə daxil olan ölkələr, xüsusilə də Mərkəzi Avropa və Baltikyanı ölkələrlə müqayisədə də ən öndə gedən ölkələrdəndir. Mütləq biz bunu deməliyik ki, Azərbaycan yalnız müdafiə xərclərinə ayırdığı büdcəylə fəxr etməməlidir, bizim bütün sahələrdə tarazlı inkişaf gedir. İngiltərədən tutmuş Yaponiyayadək ölkələr səbrsizliklə gözləyir ki, Azərbaycanın təşəbbüsü ilə həyata vəsiqə almış İpək Yolu marşurutu ilə yekdaşımalar həyata keçirilsin. Azərbaycanın infrastruktur layihələrinə qoyduğu vəsait heç də hərbi xərclərə ayrılan pullardan az deyil. Yəni Azərbaycan bütün sahələrdə çox böyük uğurlara imza atıb və bütün bunların hamısı göz qabağındadır. Keçən ilki prezident seçkiləri zamanı bizim şüarımız "Güclü dövlət, güclü lider" idi. Bu gün güclü liderimizin gecəsini gündüzünüə qataraq demək olar ki, bir gün Bakıda, bir gün bölgələrdə olmasının nəticəsidir ki, hər sahədə davamlı inkişaf özünü göstərir. Dünyada çox az dövlət başçıları ola bilər ki, bu qədər çox bölgələrə səfər etsin, xalqın içərisində olsun. Şəxsən mən Şəmkirdən seçilmişəm, Şəmkir artıq Avropanın paytaxtları ilə yarışa çıxa biləcək səviyyədədir. Eləcə də Lənkəran, Qəbələ, Xaçmaz olsun, digər bölgələr olsun. Bütün bunlar bu günkü büdcə zərfiylə bağlı nikbin əhval-ruhiyyədə olmağı diktə edir.
Çox xahiş edərdim ki, ən azı hökumət üzvləri tərəfindən 2015-ci ilin büdcə zərfinin təqdimat hissəsi televiziyada səsləndirilsin. Çünki televiziyada bu barədə çox qısa bir xülasə verildiyindən insanlar bunu yetərincə izləyə bilmir. Özü də çox populyar bir təqdimat oldu və hər kəsin başa düşəcəyi, sadə bir kəndlinin də anlaya biləcəyi səviyyədə təqdimat oldu.
Fürsətdən istifadə edib bəzi təkliflərimi də səsləndirmək istəyirəm. İlk olaraq Azərbaycanın ən ağrılı problemi olan Qarabağdan bəhs etmək istəyirəm. Qarabağ problemi ilə bağlı da istər dövlətimizin başçısı, istərsə də Heydər Əliyev Fondunun prezidenti möhtərəm birinci xanımımız bütün bütün qüvvəsiylə gecə-gündüz çalışır ki, haqlı işimizi tezliklə həll edək və işğalda olan torpaqlarımızı işğalçıdan azad edək. Qarabağın ən yaralı yeri də Xocalı faciəsidir ki, bu faciənin dünyada tanıdılmasıyla bağlı da xeyli işlər görmüşük. Xocalıdan 25 gənc var ki, onlar hər iki valideynini Xocalı faciəsi zamanı itirib. Bu gün televiziyada Xocalıyla bağlı hansı film, hansı fraqment, süjet göstərilsə, həmin o 25 uşağı görmək olar. Bu günədək onların 9-u mənzillə təmin olunub. Amma yerdə qalanlar hələ də mənzillə təmin olunmayıb. Onlar kiçik yaşlarında onun-bunun yanında qaldıqlarına görə dövlətimizin şəhid ailələrindən olan uşaqlar üçün imtiyazlarından yetərincə yararlanmayıb. Burda çox hörmətli Səlim Müslümovun iştirakından istifadə edərək səsləndirmək istərdim ki, qarşıda şəhid ailələri və Qarabağ veterenaları üçün nəzərdə tutulan mənzillərin ilk açılış mərasimlərində Xocalıdan olan bu 15-16 nəfərin mənzil problemi həll olunsun.
Seçildiyim Şəmkir rayonunun da bir neçə problemi var və əminəm ki, bunlar da yaxın zamanlarda öz həllini tapacaq. Biz gözləyirik ki, tezliklə Şəmkir rayon xəstəxanasının tikintisi başlanılsın. Nəzərə alsaq ki, Şəmkirin ucqar kəndlərində yaşayanların əksəriyyəti Ermənistandan və Qarabağın müxtəlif rayonlarından didərgin düşmüş soydaşlarımızdır, onların yol problemləri çox acınacaqlı vəziyyətdədir. Hesab edirəm ki, ən birinci sərhəd bölgələrində və mərkəzdən uzaq olan kənd yollarının təmiri vacibdir. Bankomatlarla bağlı da problemə toxunmaq istərdim. Seçildiyim rayonda 22 ucqar dağ kəndi var. Təbii ki, hər bir kənddə bankomat qoyulması mümkünsüzdür, amma heç olmasa rayon mərkəzindən çox uzaqda olan dağ kəndlərində bunu həayata keçirmək lazımdır."
































































































