Moderator.az millət vəkili Fazil Mustafanın ictimai müzakirəyə təqdim etdiyi daha bir mövzuyla bağlı fikirlərini təqdim edir:
"İllərdir kriminal xəbərlərin ardı-arxası kəsilmir və qulağımızı açıb informasiya məkanında hər gün eşitdiyimiz dəhşətli xəbərlərin pis ovqatını yaşamalı oluruq. Azərbaycan insanının həyatının ən əhəmiyyətli hissəsi qida və əyləncədən ibarət olduğuna görə, başqa sferalarda daha dəhşətli və faciəli sayılacaq xəbərləri qulaqardına vuraraq beynimizə deyil, bağırsaqlarımıza ötürürük. O məlumatlardan birinə Azərbaycanda erməni məsləsinin dəyərli tədqiqatçısı, bilgə dostumuz Hatəm Cabbarlının statusunda rast gəldim və həqiqətən dəhşətə gəldim. Həmin statusu olduğu kimi yazıram: "Axundov adina kitabxanada təxminən 10 il evvel ermenice kitablarla maraqlandim. Dili bilmedikleri uchun meni apardilar ashagi. Menzere dehshetdi. 1 kamaz kitabi ele bil tokubsen ortaliga. 5-6 refde de kitab duzulmushdu. Demeli nadir nusxe ermenice kitablar kif tutmushdu. 150-200 illik yuksek keyfiyyetli kitablar churuyurdu. Ermeni tarixine aid gozel kitablar vardi. Resmilere bu kitablari tesnif edib refe duzmek istediyimi bildirdim...izin vermediler. O zaman butun kitablari mene vermelerini istedim...vermediler. Gozume satashan deyerli kitablari bir kenara seliqeli duzdum. Indi de yaxshi gunde olfugunu zenn etmirem. Eslinde o kitablari seve seve tesnif edib refe duzerdim...veya mene versinler hamisini..." İndi o kitablar hansı vəziyyətdədir, təbii ki, bilgimiz yox. Ancaq kitaba münasibətin dəyişmədiyindən əminəm. Erməni ilə düşmənik, ancaq düşmənin hər bir kitabı, hər bir çap mediası bizim üçün zəruri tədqiqat vasitəsidir. Bunları qorumadığımıza görə, sonradan başqa ölkələrin kitabxanalarında özümüzə aid bir fakt tapanda sevincimizdən uçuruq. Müstəqillik dövrümüzdən başlayaraq hansı yazıçıya siyasi və ya ictimai münasibət dəyişibsə, çoxumuzun ağlına gələn ilk təklif bu olub ki, "gəlin kitablarını yandıraq!" Babalarımız da biz ağılda olduqlarına görə, "Kitabi Dədə Qorqud" kimi unikal sənət abidəsinin bir nüsxəsini Vatikandan, digərini də Drezdendən tapıb çıxara bimişik. Avropalının özünə dəxli olmayan kitaba münasibətinin hesabına tariximizin və dilimizin bu əsrarəngiz abidəsini tədqiq edə bilmişik. Doğrudur, Avropada Faşıst Almaniyasında da, SSRİ-də Sovet Rusiyasında da yandırılan və ya həbs olunan kitabların tarixi də yaddaşımızdadır, ancaq modern cəmiyyətdə, həm də bir kababxanada deyil, kitabxanada kitaba belə bir münasibət ciddi bir kriminal hadisə sayılmalıdır."


































































































