Qarabağ savaşına vurulan yamaq

Hazırda oxunan: Qarabağ savaşına vurulan yamaq

60711

Azərbaycanda orta məktəb dərsliklərindəki qüsur və çatışmazlıqlar haqqında zaman-zaman tənqidi fikirlər səsləndirilib. Bu çatışmalıqlardan biri də Qarabağ müharibəsi ilə bağlı məqalələrdə bəzən oğurluq qəhrəmanlıq epizodlarının yer almasıdır. Nə qədər məyusedici və acınacaqlı da olsa, bu gün bəzi orta məktəb dərsliklərində Qarabağ savaşına aidiyyatı olmayan bu cür qəhrəmanlıq epizodları var ki, həmin epiodları sözün həqiqi mənasında Qarabağ savaşına vurulan yamaq kimi xarakterizə etmək olar. Bu cür “yamaqlardan” biri də orta məktəbin 5-ci sinif şagirdləri üçün nəzərdə tutulan Azərbaycan dili kitabındakı “Bilirdim ki, gələcəksən” məqaləsidir. Adıçəkilən dərsliyin 80-ci səhifəsində yer alan bu məqalədə Türkiyənin istiqlal savaşında baş verən dünyaca məşhur bir olay təsvir olunub. Hekayənin qısa məğzi aşağıdakı kimidir. Döyüşlərin birində bir türk əsgəri öz əsgər dostunun düşmən gülləsindən yaralandığı və yerə yıxıldığını görür. Əsgər dostuna kömək etmək üçün sipərdən çıxmağa cəhd etsə də, komandiri onu dayandırır və bildirir ki, düşmən güllə-baranının davam etdiyi bu dəqiqələrdə sipərdən çıxmaq aşkar intihar demək olacaq. Habelə, komandir əsgəri inandırır ki, artıq güllə yarası alan dostunu xilas etmək üçün çox gecdir və onun həyatını xilas etmək üçün mənasız risk etmək məntiqli deyil. Lakin əsgər komandirin bu çağırışına əhəmiyyət vermir və israrla dostuna kömək etmək üçün icazə istəyir. Əsgərin israrlı çağırışlarından sonra komandir hirs və qəzəb qarışıq razılıq hissi illə əsgərə getməyə icazə verir. Əsgər anidən özünü sipərdən çölə atır. Güllə yağışı altında yaralı əsgər yoldaşına yetişən əsgər onu çiyninə alaraq yenidən sipərə qayıdır. Lakin səngərə yetişəndə yaralı əsgərin öldüyü məlum olur. Gördüyü mənzərədən daha da qəzəblənən komandir üzünü əmri dinləməyən əsgərə tutaraq “sənə dəyməz demişdim, gör getməyinin bir xeyri oldu” deyə səslənir. Birdən göz yaşlarını tuta bilməyən əsgər deyir: “Dəydi, komandir, dəydi. Mən ona yetişəndə o hələ sağ idi. Onun son sözlərini eşitmək mənim üçün dünyaya dəyərdi. Onun son sözləri bu oldu: “gələcəyini bilirdim”.
Məlumat üçün qeyd edək ki, Çanakqala savaşı zamanı baş verən bu tarixi olay Türkiyədə yüzlərlə əsər, audio və video materialarda türk hərb tarixinin örnək nümunələrindın biri kimi istifadə olunub. Məlum haqdisə Nazlı Saraç Orak (//www.izlesene.com/video/nazli-sarac-orak-gelecegini-biliyordum/7431683 ), Ömər Koroğlu //www.zapkolik.com/video/omer-koroglu-gelecegini-biliyordum-783102 və digər onlarla məşhur tərəfindən səsləndirilib.
Bir sözlə, türk hərb tarixinin çoxsaylı unudulmaz epizodlarındna olan bu hadisə Türkiyənin ədəbi-mədəni və tarixi əsərlərində, hekayə və məqalələrində, hərb musiqisində özünə yer tutub. Bütün bunlar bir daha göstərir ki, qəlibləşən və türk milli kimliyinin, türk mübarizliyinin, türk qəhrəmanlığının simvoluna çevrilən bu olayın birdən-birə dərsliklərdə Qarabağ savaşında baş verən bir hadisə kimi təqdim edilməsi ən azından əxlaqi-mənəvi baxımdan düzgün hesab edilə bilməz. Əksinə, məsələyə daha sərt və obyektiv yanaşsaq, baş verənləri plagiatlıq kimi də dəyərləndirmək mümkündür. Halbuki, Azərbaycanın kifayət qədər zəngin hərb tarixi var ki, dərsliklərdə bu hərb tarixinin, onun ayrı-ayrı qəhrəmanlarının təbliği mümkündür. Istər I, istər II Dünya müharibələrində, Qarabağ savaşında azərbaycanlı sərkərdələrin iştirakı ilə baş verən kifayət qədər qəhrəmanlıq epizodları var ki, bu epizodlar xalqımızın cəsarət və döyüş qüdrəti haqqında heç də az şey demir. Lakin təəssüflər olsun ki, bu gün bəzi dərsliklərdə xalqımızın hərb tarixində həqiqətən də baş verən qəhrəmanlıq epizodları deyil, Azərbaycan hərb tarixi ilə heç bir əlaqəsi olmayan epizodlar yer tutur ki, bu da arzuedilən deyil.
Moderator.az saytı və "Hüriyyət" qəzetinə açıqlama verən Azərbaycan xalqının tanınmış ziyalısı, tarixçi alim, professor Cəmil Həsənli Azərbaycan tarixinin qəhrəmanlıq baxımındna zəngin olduğunu vurğuladı. C.Həsənlinin qənaətincə, bu zənginliyin dərsliklərdə yer almaması dərsliklərin qeyri-peşəkarlar tərəfindən ahzırlanması ilə bağlıdır:

 “Azərbaycanın hərb tarixi, qəhrəmanlıq tarixi bərbad deyil. Dərsliklər bərbaddır. O dərslilərin böyük bir hissəsi yararlı deyil. Hətta bəzi hallarda ziyanlı xarakter daşıyır. Dərslik hazırlamaq xüsusi bir istedad və qabiliyyət tələb edir. Bunun üçün çox böyük təcrübə lazımdır. Təəssüflər olsun ki, bir çox hallarda lazımi parametrlərə cavab vermir. Sovet dövründə dərsliklər, xüsusilə də humanitar elmlərlə bağlı dərsliklər Moskvada hazırlanır, daha sonra tərcümə olunurdu. Ideoloji məqamları çıxmaq şərtilə, o dərsliklər yüksək keyfiyyətli dərsliklər idi. Lakin indi o dərslikləri bizlər, Azərbaycanın öz mütəxəssisləri hazırlamalıdır. Burada uşağın yaş xüsusiyyətləri, mövzunun təqdimat forması, tarixi ardıcıllıq və s. nəzərə alınmalıdır. Azərbaycanda isə nəzərə alınmır. Bəzən tarixi, dili yaxşı bilməyən adamlar tərəfindən hazırlanır. Buna görə də kobud səhvləyə yol verilir”.

Seymur Əliyev

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin