Milli Şura tanınmış ictimai-siyasi xadim, hüquq müdafiəçisi Oqtay Gülallyevin övladı ilə bağlı məhkəmə hökmü ilə əlaqədar olaraq etiraz bəyannaməsi yayıb. Moderator.az-a daxil olan bəyannamədə deyilir:
“09 oktyabr 2013- cü ildə
keçirilmiş prezident seçkilərini total saxtalaşdıraraq hakimiyyəti növbəti dəfə
qanunsuz olaraq zəbt etmiş Əliyev rejimi demokratik müxalifəti susdurmaq və
sıradan çıxartmaq üçün bütün cizgiləri aşmaqdadır. Təkcə ölkə konstitusiyasını
deyil, yerli və beynəlxalq hüquq normalarını və xalqımızın əsrlərdən bəri
formalaşan adət- ənələrini, milli dəyərlərini də ayaqlar altına atan hakimiyyət
müxalifət fəallarının özləri ilə yanaşı onların ailə üzvlərini də təzyiq və təhdid
edir.
2013- cü ilin prezident
seçkiləri ərəfəsində prezidentliyə keçmiş namizəd Cəmil Həsənlinin və Milli
Şuranın Mətbuat katibi, hüquq müdafiəçisi Oqtay Gülalıyevin az yaşlı övladı
Əlgüşad Gülalıyev naməlum şəkildə bir qrup tərəfindən döyülərək bıçaqlanmışdır.
Hadisədən bir ildən çox vaxt keçməsinə baxmayaraq cinayətkarların tapılaraq məhkəmə
qarşısına çıxarılıb cəzalandırılması əvəzinə zərərçəkənin özü təqsirləndirilən
şəxs qismində məhkəmə önünə çıxarılır və absurd şəkildə cəzalandırılır. Belə
ki, Bakı şəhər Baş Polis İdarəsinin Ağır Cinayətlər şöbəsi tərəfindən Cinayət Məcəlləsinin
221.1- ci maddəsi ilə haqqında cinayət işi açılan Əlgüşad Gülalıyevin avqust
ayından Xətai rayon məhkəməsində başlayan məhkəmə prosesi bir neçə gün öncə adı
çəkilən şəxsin 6 ay müddətinə islah işlərinə cəlb olunması, hər ay 15% əmək
haqqından tutulması və haqqında olan qəti- imkan tədbirinin qüvvədə
saxlanılması ilə yekunlaşıb. Hökmün yetkinlik yaşına çatmayan, ali məktəbin əyanı
kursunda oxuyan və heç yerdə işləməyən tələbəyə nə dərəcədə şamil olunmasını
hüquqi tərəflərini bir tərəfə qoyaraq qeyd etmək lazımdır ki, məhkəmə ilk gündən
sonadək heç bir araşdırma aparmadan, ortaya hər hansı dəlil, sübut qoymadan
absurd qərar çıxarıb. Belə ki, məhkəmədə
ifadə verən bütün şahidlər belə bir olayın baş vermədiyini, Əlgüşadın kiminləsə
dalaşdığını görmədiklərini, istintaqa ifadənin polisin təzyiqi altında, az
yaşlı olmalarına baxmayaraq valideynlərinin iştirakı olmadan verdiklərini, eyni
zamanda cinayət işinə əlavə edilmiş
video diskdə ümumiyyətlə Əlinin kiminləsə dalaşması və vurmasına dair hər
hansı görüntünün olmadığı, ən nəhayət məhkəmə proseslərində iştirak etməyən
şikayətçinin sonda öz şikayətindən imtina etməsinə baxmayaraq məhkəmə ədalətsiz
və əsassız siyasi qərar çıxarmışdır.
Milli Şura Əlgüşad
Gülalıyevlə bağlı Xətai rayon məhkəməsinin çıxardığı qərarı absurd və siyasi
sifarişlə çıxarılmış qərar hesab edir. Bu qərarı onun atası Oqtay Gülalıyevin
ictimai siyasi fəaliyyəti ilə bir başa bağlı olduğunu bildirir.
Milli Şura Xətai rayon məhkəməsinin
Əlgüşad Gülalıyev haqqında çıxardığı qanunsuz hökmü pisləyir, yuxarı məhkəmə
instansiyalarının həmin qərarı ləğv etməyə çağırır.
Milli Şura eyni zamanda bəyan
edir ki, Kür daşqınları ilə bağlı hüquq müdafiə fəaliyyətinə görə 08 aprel
2012- ci ildə həbs olunmuş Oqtay Gülalıyev haqqında açılmış qondarma cinayət
işinə qanunvericiliyə zidd olaraq bu günə qədər xitam verilməyib. Onun haqqında
olan cinayət təqibi, polis nəzarətinə verilmə barədə qəti imkan tədbiri qüvvədədir,
ölkədən çıxışı yasaqdır.
Milli Şura bir daha bəyan
edir ki, hakimiyyətin öz oppenentlərinə, demokratik müxalifət fəallarına,
onların ailə üzvlərinə qarşı sərgilədiyi qanunlara və milli dəyərlərə zidd
münasibəti yol verilməzdir. Milli Şura hakimiyyət tərəfindən sərgilənən bu
münasibətin durdurulmasını, qanunsuzluqlara son verilməsini, ictimai- siyasi fəalların
fəaliyyətinə normal şərait yaradılmasını tələb edir”.
































































































