Müsavat Partiyası Qadınlar Birliyinin sədri Ellada Məmmədli Moderator.az-a açıqlamasında partiyadakı istefalara münasibət bildirib. Qadınlar Birliyində hər hansı istefanın müşahidə edilmədiyini bildirən E.Məmmədli, yaxın gələcəkdə də bu cür istefaların baş verməsini istisna etdiyini vurğuladı:
“Qadınlar
Birliyində təmsil olunan xanımların hamısı Müsavat ideologiyasına sadiq
insanlardır. Şura üzvlərimiz var ki, məsələn, Vəfa Cümşüdlü Məclis üzvü
seçilib. Sevinc Hüseynova MTK üzvü seçilib. V.Cümşüdlü Qadınlar Birliyinin
keçmiş sədri olub. Məğlub olandan sonra Şura üzvü seçilməyinə baxmayaraq bizim
iclaslarımızım heç birində iştirak etməyib. Lakin Qadınlar Birliyindən heç kim
istefa verməyib. Biz seçkiyə getməmişdən öncə də namizədlərə eyni münasibət bəsləyirdik.
Əgər mən Qubad İbadoğlunu dəstəkləyirəmsə, bu o demək deyil ki, bu dəstək
Qadınlar Birliyinə şamil edilməlidir. Mən sədr olaraq deyil, adi bir müsavatçı
olaraq Q.İbadoğlunu dəstəkləmişəm. Qadınlar Birliyi daxilində Q.İbadoğlunu da,
Arif bəyi də, Tural bəyi də dəstəkləyən insanlar var. Biz seçki prosesini
xanımlara şamil etməmişik. Kimsə bizimlə görüş keçirmək istəyibsə, biz öz
qapımızı məmnuniyyətlə onların üzünə açmışıq. Onları dinləməyə hazır olmuşuq. Seçkidən
öncə Şura iclasımız var idi. Bizim belə bir qərarımız oldu. Qərara aldıq ki, seçkidə
kimin qalib gəlməsindən və ya məğlub olmasından asılı olmayaraq, Qadınlar
Birliyi üzvləri olaraq Müsavat Partiyasının tərkibində qalacayıq və fəaliyyət
göstərəcəyik. Istefa və ya aralanma kimi nümunələr bizdə yoxdur və olmayacaq da”.
Seymur
Əliyev


























































































