Moderator.az-a Sumqayıt bələdiyyəsinin sədr müavini Sultan (soyad yazılmayıb) müəllimdən şikayətçi olan bir şəhid ailəsi tərəfindən məktub gəlib.
Sumqayıt şəhəri 5-ci mikrorayon, 26/4 mənzil 33-də
yaşayan şəhid ailəsi İsmayılova Aygün Səmər qızı məktubunda yazır ki, çox böyük
çətinliklər və çoxsaylı məktublar, teleqramlardan sonra “Yaşıl dərə” adlanan ərazidə
ona 6 sot yer göstəriblər və sənədləşmə üçün də 1000 manat pul istəyiblər. O da
bankdan kredit götürərək həmin pulu ödəyib. Üstündən bir müddət keçəndən sonra
həmin ərazini daşa hasara almaq istəyərkən yerin başqa bir sahibi peyda olub
ki, biz də pul verib Sultan müəllimdən bu yeri almışıq. Beləcə, Aygün xanım 2
ildir qapılarda qalıb və hər dəfə bələdiyyə sədrinin müavini müxətlif bəhanələrlə
nə torpağı verir, nə pulu geri qaytarır. Ümidi hər yerdən üzülən şikayətçi
deyir ki, bəlkə Moderator.az onun başına gətirilənləri ictimailəşdirərək
korrupsioner səlahiyyətliləri haqq yoluna döndərsin.
Aygün xanımın
məktubundakı çox maraqlı bir epizodu da oxucuların diqqətinə çatdırmaq istəyirik:
“Görünür, Sultan müəllim məni kimsəsisz görüb bir
qadını 2 ildir süründürür. Amma o yanılır. Mən kimsəsiz deyiləm və arxamda
İlham Əliyev kimi prezident dayanır. Mən başqa şəhid ailələri kimi özümüm
yandırmağa cəhd etməyəcəm. Çünki hələ də ümidliyəm ki, prezident İlham Əliyev
pozulmuş hüquqlarımın bərpası üçün səlahiyyətlərindən istifadə edəcək.”































































































