Asəf Quliyev keçmiş əqidədaşlarına səsləndi...

Hazırda oxunan: Asəf Quliyev keçmiş əqidədaşlarına səsləndi...

58847
Xalq Arzusu Hərəkatının lideri Asəf Quliyev Moderator.az  vasitəsilə bir-birini didən Müsavat və AXCP funksionerlərinə xitab edib:

"88 -ci ildən xalqın vahid bir təşkilatın- AXC-nin ətrafinda birləşməsi və sonradan bütün partiyaların AXC şinelindən çıxması, cəmiyyətin bu gün də müxalif düşərgəyə cəbhəçi kimi baxması təsadüfi deyil. Hər hansı bir partiyanın yanlış bir hərəkəti bütün müxalifət üçün zərbə sayılır. Məhz bunun nəticəsidir ki, son illər geniş xalq kütləsi müxalifətdən kənar dayanır, müxalifətin aksiyalarında istirak etmir.Təəssüf ki, son zamanlar ölkədə iki aparıcı partiyanın- AXCP və Müsavatın arasında gedən qarşıdurma bəzən təhqirlər cəmiyyətin müxalif düşərgəyə olan inamsızlığını daha da artırır. Bir el misalı var: çomağın iki başı var, qarşındakına nə qədər zərbə vursanız da özünüz də zərbə alırsınız. Eyni zamanda o zərbə təkcə münaqişədə olan tərəflərə deyil, bütün müxalifətə dəyir. Ola bilər bu gün eyni blokda siyasi fəaliyyət  göstərmək mümkün deyil, ancaq gələcəkdə milli məsələdə bir sırada dayanmağa yer qoymaq lazımdır. Bu gün ölkəmizin ətrafında baş verən hadisələr bizləri düşünməyə, dövlətin təhlükəsizliyi üçün birgə addımlar atmağa vadar edir. Düşünürəm ki, yenə də əvvəlki dönəmlərdə olduğu kimi hər iki partiyanın rəhbəri tərəfdarlarına emosiyalarını cilovlamaq, təhqir və atmacalardan, tikanlı ifadələrdən imtina etmək  çağırışında bulunmalıdır. Enerjini bu cür mənasız münaqişələrə sərf etmək və əsas hədəflərdən bir az da aralanmaq kimsəyə xeyir gətirməyəcək. Hesab edirəm ki, uzunmüddətli uğursuzluq labirintində var-gəl etmək bu iki müttəfiq və əslində bir-birindən ayrı fəaliyyət göstərmələri mümkünsüz olan iki təşkilatı bir-birinə nəinki düşmən, hətta rəqib etməməlidir. Çünki onlar ayrı-ayrılıqda fəaliyyət göstərsələr də bir yerdə olmağa məhkumdurlar. Bu məhkumluğu anlayan hər kəs tikanlı açıqlamalarla könül bulandırmaz. Görünür, hələ bizlər bu qədər ağır, əzablı yol gəlməyimizə baxmayaraq hələ də siyasi baxımdan yetkinləşə bilməmişik. Bu isə bütün dönəmlərdə müxalifətin mübarizə ovqatına ölümcül zərbə vurub. Nəhayət, anlamaq lazımdır ki, bu savaş təkcə münaqişə tərəflərinin deyil, həm də millətin daxili və xarici təhdidlərə qarşı müqavimət əmsalına sarsıdıcı zərbə vurur."

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin