Parlamentin ötən iclaslarının birində BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev sahibkarlıq fəaliyyətinə mane olan əngəllərin aradan qaldırılması üçün qanunda edilən dəyişikliklərin müzakirəsi zamanı çıxış edərək səhiyyə sistemindəki nöqsanlar barədə fikir bildirmişdi.
Moderator.az mövzunun aktuallığını nəzərə alaraq millət vəkilindən bu barədə daha ətraflı məlumat verməsini xahiş edib:
“Sahibkarların qorunmasıyla bağlı qanuna dəyişiklik qəbul olundu. Mən Milli Məclisin həmin iclasında çıxış edib təklif etdim ki, səhiyyə sistemində sahibkarlara verilən lisenziyaların müddətiylə bağlı yaranmış anormal vəziyyəti aradan qaldırmaq üçün tədbirlər görülsün. Sahibkarlara lisenziyalar 5 il müddətinə verirlir. Bir sahibkar mənə müraciət edib ki, mənim hal-hazırda anbarımda 280 min manatlıq dərman preparatları və dərman ləvazimatları var. Amma lisenziyamın vaxtı qurtarıb. Lisenziyanın vaxtının uzadılması üçün Səhiyyə Nazirliyinə müraciət edirəm ki, baxın, Standartlaşma Komitəsi gəlib arayış verib ki, hər şey, yəni bina və anbar standartlara cavab verir, dərmanların saxlanılması üçün hər şey qaydasındadır. Amma Səhiyyə Nazirliyində lisenziyalara baxan müvafiq şöbə bu sahibkara deyir ki, gərək bizə yuxarıdan deyilsin ki, biz icazə verək. Soruşulur ki, bəs biz neynəyək ki, yuxarıdan sizə desinlər, cavab verilir ki, bu artıq bizim yox, sizin probleminizdir. Nazirin də qəbuluna düşmək mümkün deyil. Heç deputatlar da ona zəng də bilmir. Şəxsən mən dəfələrlə cəhd etsəm də danışa bilməmişəm. İndi təsəvvür edin ki, adi vətəndaş gedib onunla necə danışa bilər? Yəni əgər söhbət sahibkarlara yaradılan süni maneələrin aradan qaldırılmasından gedirsə, o zaman bu cür məsələləri qanunla elə tənzimləməliyik ki, müvafiq icra strukturları onları heç nədən bu qədər incitməsinlər. Yəni tutaq ki, lisenziyanın vaxtı bitəndə onun vaxtını uzatmaq üçün məmurların əlində sahibkarı çıxılmaz duruma sürükləmək üçün belə bəhanələr olmasın. Sahibkarların fəaliyyəti, lisenziyanın verilməsi məsələləri də yalnız məhkəmə qaydasında dayandırıla və ya məhdudlaşıdırıla bilsin."




































































































