“Həmsədr ölkələr “çevir tatı, vur tatı" prinsipi ilə fəaliyyət göstərir”

Hazırda oxunan: “Həmsədr ölkələr “çevir tatı, vur tatı" prinsipi ilə fəaliyyət göstərir”

58153

“Hərbi Jurnalistlər” İctimai Birliyinin rəhbəri, tanınmış hərbi ekspert Üzeyir Cəfərov facebook səhifəsində maraqlı status paylaşıb. Moderator.az həmin statusu oxucuların diqqətinə çatdırır:

“Dəyərli dostlar, hörmətli həmkarlarım!

Açığı bu haqda dəfələrlə mətbuatda çıxış etdiyimə görə, istəmirdim ki, bir daha bu mövzuya toxunam. Amma, görürəm ki, lazımdır və vacibdir. ATƏT-dən, onun bivec hesab etdiyim Minsk Qrupunun, həmçinin Bakıda yerləşən bəzi beynəlxalq qurumların fəaliyyətindən, əslində isə fəaliyyətsizliyindən bir az danışmaq istərdim. Şəxsi qənaətimə görə, bu həmsədrlər dünyanın ən xoşbaxt turistləri və ən hiyləgər diplomatlarıdırlar. Niyəsini və nə üçün belə düşündüyümü bir qədər aşağıda diqqətinizə çatdırmağa çalışacağam. Hələliksə, bu "üç əkizfason"lar yenə gəliblər. Və bu gün onlar, yenə işgüzar bir görüntü yaratmaqla, hansısa "ağıllı" təkliflər vermək adı ilə düşüblər Azərbaycan rəsmilərinin qapılarına. Bizim hörmətli rəhbərlərimiz də, diplomatik etika xatirinə onları ən yüksək səviyyədə qəbul edib dinləyir, münaqişə ilə bağlı dəfələrlə təkrarladıqları məsələləri bir daha onların nəzəri-diqqətinə çatdırırlar. Vallah, sizləri bilmirəm, amma şəxsən mən xəcalət çəkirəm bu Minsk qrupunun həmsədr ölkələrinin həm rəhbərlərinin, həm də diplomatlarının əvəzindən. Özləri də, gözəl anlayırlar ki, 20 ildən artıq müddətdir ki, bunlar "çevir tatı, vur tatı" prinsipi ilə ən xırda bir uğura belə imza atmayıblar. Daha, doğrusu, onlar işğalçı Ermənistana zərrə qədər də olsa təsir göstərə bilməyiblər. Özlərini mötəbər beynəlxalq qurum kimi təqdim edən ATƏT və onun bu münaqişənin həlli ilə məşğul olan Minsk qrupu ərköyün dövlət kimi özünü aparan cılız və cığal Ermənistanı beynəlxalq hüquq və normalara əməl etməyə məcbur edə bilmirlər. Prinsip etibarı ilə biz Azərbaycan xalıq və dövləti olaraq bu məsələnin niyə bu qədər uzanmasının əsl səbəblərini yaxşı anlayır və başa düşürük. Amma, bizim səbr kasamızın daşması ilə faktiki oynayan BMT, ATƏT və digər qurumlar isə hələ də, rəsmi İrəvanın nazı ilə oynayırlar. Hesab edirəm ki, artıq yavaş-yavaş sular da durulmağa başlayır və çox tezliklə Qarabağ münaqişəsi ilə bağlı mütləq mənada bir irəliləyiş olmalıdır. Özü də, bu irəliləyişin ATƏT və digər beynəlxalq qurumlara demək olar ki, heç bir aidiyyatı olmayacaq. Mən indi xırdalıqlara varmaq istəmirəm, amma təxmini hesablarıma görə, yaxınaylarda nə isə olacaq. Qayıdıram ATƏT-in həmsədrlərinin bibec fəaliyyətinə. İş o yerə çatıb ki, bu gün ATƏT-in Minsk Qrupu həmsədrlərini qəbul edən Azərbaycan prezidenti İlham Əliyev də onlarla Qarabağ münaqişəsinin nizamlanması prosesi barədə apardığı söhbət zamanı Kəlbəcərdə girov götürülən iki vətəndaşımız- Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı məsələyə toxunub və ən sərt şəkildə onlardan bunu tələb edib ki, rəsmi İrəvana beynəlxalq öhdəlikləri bir daha xatırltasınlar. Diqqət yetirmisinizsə, son vaxtlar artıq rəsmi Bakı da ATƏT və digər beynəlxalq qurumların fəaliyyəti ilə bağlı çox prinsipial və davamlı şəkildə tələblər irəli sürməkdədir. Hesab edirəm ki, atalar sözü ilə ifadə etsək, artıq "bıçaq sümüyə dirənib". Belə bivec fəaliyət, daha doğrusu fəaliyyətsilik sonsuzluğa kimi davam edə bilməz. Mənasız və məntiqsiz monitorinqlərlə guya hansısa "faydalı iş" görürlər görüntüsü ilə bizim başımızı qatmaq variantı da keçmir. İndi də, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq sabah Qazax rayonu Bala Cəfərli kəndinin yaxınlığındakı qoşunların təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır. Sual olunur: xeyr ola? Orada nə baş verib ki, bizim "qədirbilən ATƏT" orada narahatçılığa son qoymaq istəyir? Harada idilər bu cənablar ki, erməni snayperləri dalbadal bir neçə mülki vətəndaşımızı, həmçinin Azərbaycan Silahlı Qüvvələrinin hərbçilərini hədəfə alıb, onların həyatlarına son qoyanda? İndi də özləri guya hansısa səmərəli və faydalı iş görmüşdülər deyə, özləri ilə dost-tanışlarını da monitorinq adı altında təmas xəttinə gətirib çıxarıblar. İlk dəfədir ki, mən görürəm ki, monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri ilə yanaşı hansısa həmsədrin köməkçisi də həyata keçirir. Diqqət yetirin. Özü də, həmin şəxslər monitorinq zamanı Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan hissəsindən təmas xəttinin qarşı tərəfinə keçməyi planlaşdırırlar. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi və ATƏT-in Minsk qrupunun həmsədirləri ”“ İqor Popov (Rusiya), Pyer Andryu (Fransa), Ceyms Uorlik (ABŞ), elecə də C.Uorlikin koməkçisi David Salvo, İ.Popovun koməkçisi Yelena Kravçenko 16 oktyabr tarixində Müdafiə Nazirliyinin qoruduğu ərazidə olandan sonra İrəvana gedəcəklər... Şəxsən mən bu 20 il ərzində birinci dəfədir ki, görürəm ki, həmsədrlər özlərindən əlavə öz köməkçilərini də bu prosesə cəlb edirlər. Diplomatları başa düşdük, bəs bu mülki şəxslərə kim qarantiya verə bilər ki, onlar hərbi sirr olan təmas xətti ilə bağlı məlumatları öz erməni dost-aşnalarına ötürməyəcəklər? Mən bir sualı səsləndirdim, digər daha ciddi məsələlər var ki, onlara mütləq mənada Azərbaycan tərəfi cavab istəməlidir.

Qeydlərimin əvvəlində demişdim ki, bu həmsədr institutu 20 ildən artıq bir müddətdə özünü qətiyyən doğrultmadı. Bunlar dünyanın xoşbaxt turistləri kimi yer qalmayıb ki, gəzib-dolanmasınlar. Qarabağ ilə bağlı bir dənə də olsun Azərbaycanın xeyrinə ola biləcək addım atmayan qurumdan biz hansısa nəticə gözləməklə də özümüzü aldatmamalıyıq. Vaxt keçdikcə isə, həmən bu bivec qurumlar bizi çətin seçim qarşısında qoya bilərlər. Necə deyərlər, Tanrı bizi o təhlükələrdən qorusun!!!”

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin