Saatlı Rayon Qazanbatan kənd
sakini Cavadov Cavad Valeh oğlu Moderator.az-a şikayət məktubu göndərib. Məktubda deyilir:
"Hörmətli Redaksiya!
Səhiyyə müəssisələrində bəzi rüşvətxor, savadsız, cəllad rolunu oynayan həkimlər biz sıravi vətəndaşlara əməlli-başlı qənim kəsiliblər. 09. 10. 2014 ”“ cü il tarixdə həyat yoldaşım Cavadova Könül Tacəddin qızı hamiləliklə əlaqədar Sabirabad mərkəzi rayon xəstəxanasına aparılır. Qarşımıza ilk çıxan Doğum şöbəsinin müdiri Kübra adında həkim çıxır və bizə bildirir ki, əgər pulunu verməsək içəri buraxmayacaq. Biz də ona 30 manat pul verdikdən sonra həyat yoldaşımı şöbədə yerləşdirdilər. Qadın həkimi olan Ofeliya xəstəni müayinə etmədən, qəti şəkildə dedi ki, doğuş ancaq qeysəriyyə üsulu ilə həyata keçrilməlidi. Bunun da 450 manat xərci var. Biz də məcburiyyət qarşısında qalıb həmin bu məbləği tapıb 400 manat cərrah Nizami həkimə verdik, hansı ki, əməliyyatı o apardı, qalan 50 manatı isə Ofeliya həkimə verdik. Onu da qeyd edim ki, yoldaşımın hamiləlik dövründə onu bir neçə yerə müayinəyə aparmışıq, hamısı da müsbət rəy verib doğuşun adi qaydada keçəcəyini bildiriblər. Sabirabad Mərkəzi rayon xəstəxanasının doğum şöbəsində çalışan həkimləri heç cür başa düşə bilmirəm yəni bu qədər vicdansızlıq olar? Həm adamın pulunu alırlar, həm də canını. Uşaq götürüldükdən sonra həkimlər və tibb bacıları bizə xəbər göndərdilər ki, uşağın və ananın səhhətində heç bir problem yoxdur. Tək bir iynənin vurulmasına görə Ofeliya həkim bizdən 200 manat pul aldı. Ona dedik ki, resepti yaz özümüz alaq, lakin o bundan imtina etdi. İynənin nədən ötrü vurulacağını da demədən gizli saxladı. 4 - gün həyat yoldaşım xəstəxanada tam baxımsız şəraitdə qaldı. Bu müddət ərzində hardasa 300 manatdan çox xərcimiz çıxıb. Dördüncü gün saat 12-00 da həyat yoldaşım evə buraxılır. Lakin bir saatdan sonra uşaq ölür. Məni ağrıdan odur ki, əgər uşaqda hansısa bir qüsur olubsa nəyə görə müalicəsi aparılmayıb? Gücləri çatmayıbsa heç olmasa əvvəlcədən bizə xəbər verəydilər, biz də bir çıxış yolu tapardıq.
Hörmətli redaksiya, xahiş edirəm üzləşdiyim bu özbaşınalığı səhiyyə naziri Oqtay Şirləliyevin və baş prokuror Zakir Qaralovun diqqətinə çatdırmaqda mənə köməklik göstərəsiniz."

































































































