Bugünlərdə ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Viktoriya Nuland Rusiyaya qarşı tətbiq olunan sanksiyaların bumeranq effekti verməsi ilə bağlı açıqlama səsləndirib. V.Nulandın sözlərinə görə, Rusiyaya qarşı tətbiq edilən sanksiyalardan Avropa ölkələri də ciddi əziyyət çəkməkdədir.
ABŞ
rəsmisinin məlum açıqlaması bəzi politoloqlar tərəfindən Qərbin Rusiya önündəki
acizliyinin açıq etirafı kimi dəyərləndirilib. Moderator.az-a açıqlama verən Şərq-Qərb
Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu isə bu qənaəti bölüşmədiyini vurğuladı:
“Mən bu açıqlamanı Qərbin Rusiyaya məğlubiyyətinin
etirafı kimi dəyərləndirmirəm. Siyasətçilərin bəyanatına ehtiyatlı yanaşmaq
lazımdır. Çünki onlar müxtəlif məqsədlərə xidmət edə bilər. O cümlədən
Rusiyanın özündə bir arxayınlıq yaratmaq üçün də bu cür fikirlər ortaya atıla
bilər. Lakin mən baş verənlərlə bağlı tam əksini düşünürəm. Bu sanksiyalar
Rusiyanın iqtisadiyyatına ciddi zərbə vurdu və bu gün də vurmaqda davam edir. Rusiya
iqtisadiyyatının önəmli fiqurları çox pessimist açıqlamalar verməkdədir. Son 10
gün ərzində bu yöndə səslənən bəyanatlara baxsanız vəziyyətin Rusiya üçün nə dərəcədə
acınacaqlı olduğunu görərsiniz. Bir sözlə, mən Qərbin geri çəkiləcəyini düşünmürəm.
V.Nulandın açıqlaması ola bilsin ki, diplomatik tryukdur”.
Seymur Əliyev




























































































