ANS PRESS-in məlumatına görə, Xırdalan şəhərinin mərkəzində yerləşən bu mədəniyyət və istirahət parkında yenidənqurma işləri ən yüksək səviyyədə görülüb, parkın ərazisi tamamilə yenidən qurulub.
Dövlət başçısına məlumat verilib ki, ərazisi 12 hektar olan parkda sakinlərin mənalı istirahəti və asudə vaxtlarının səmərəli təşkili üçün hər cür şərait yaradılıb. Yenidənqurma işləri zamanı milli memarlıq üslubu ilə müasirlik tam uzlaşdırılıb, orijinal elementlər və formalarla zənginləşdirilib. Parkın ərazisində çoxlu ağac və dekorativ gül kolları əkilib, çəmənlik salınıb.
Prezident İlham Əliyev Xırdalanda Heydər Əliyev Mərkəzinin açılışında da iştirak edib. Qeyd edilib ki, bu mərkəzdə də vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı və bununla bağlı mərasimlərin təşkili nəzərdə tutulur. 280 yerlik böyük akt zalı istifadəyə verilib ki, burada da rayonla bağlı bir çox tədbirlərin keçirilməsi üçün böyük imkanlar var. Bir sözlə, Ulu Öndərin zəngin siyasi irsinin öyrənilməsi üçün burada hər cür şərait yaradılıb.
Sonra prezident İlham Əliyev Abşeron rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Prezident Masazır qəsəbəsində inşa olunan stadionun açılışında da iştirak edib. Dövlət başçısına məlumat verilib ki, Masazır qəsəbəsindəki stadion beynəlxalq standartlar nəzərə alınaraq inşa olunub və tikinti işləri ən yüksək səviyyədə həyata keçirilib. 13 min tamaşaçı yeri olan bu idman qurğusunda mətbuat, məşqçi, tibb və dopinq-test otaqları var.
Prezident İlham Əliyev Xırdalan şəhərindəki Bayraq Meydanında olub. Dövlət başçısına məlumat verilib ki, bayraq dirəyinin hündürlüyü 65 metrdir. Bayrağın sahəsi isə 200 kvadratmetr təşkil edir. Burada müxtəlif video görüntülərin nümayiş etdirilməsi üçün böyük monitor da quraşdırılıb.
Prezident İlham Əliyev həmçinin, Xırdalan şəhərində yaradılan “Park Abşeron” əyləncə mərkəzinin açılışında iştirak edib. Dövlət başçısına məlumat verilib ki, 1400 kvadratmetr ərazisi olan əyləncə mərkəzində buz meydançası yaradılıb. Bu da həm uşaqlar, həm də gənclər üçün maraqlı istirahət imkanı yaradır. Bundan əlavə, mərkəzdə 3D sinema, kafe, 3D tir otağı, boulinq zalı fəaliyyət göstərir. Yay kafesinin də olduğu mərkəzdə yerli əhalinin və qonaqların istirahətinin təşkili üçün bütün imkanlar var.
Prezident İlham Əliyev Xırdalanda musiqi məktəbi, şahmat məktəbinin açılışında iştirak edib. Dövlət başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsib.































































































