İsa Qəmbər: “Bu 21 ildə mən hakimiyyəti, o da məni dəyişməyə çalışdı”

Hazırda oxunan: İsa Qəmbər: “Bu 21 ildə mən hakimiyyəti, o da məni dəyişməyə çalışdı”

56468
İsa Qəmbər başqan kimi sonuncu mətbuat konfransı keçirdi
Müsavat Partiyasının başqanı İsa Qəmbər sentyabrın 26-da başqan kimi son mətbuat konfransını keçirdi. İsa Qəmbər öncə dedi ki, qurultay ərəfəsində ona media qurumlarından çoxsaylı suallar olub. Ona görə də qərara gəlib ki, qurultaydan bir gün öncə mətbuat konfransında bütün suallara aydınlıq gətirsin. 

İ.Qəmbər dedi ki, 27 sentyabr qurultayı Müsavat üçün çox önəmli hadisədir: “Bu, partiyamızın tarixində 8-ci qurultaydır. Qurultayda partiyanın ötən ali tədbirindən bu günə qədər olan  dövr haqqında fəaliyyətimiz müzakirə ediləcək, qiymətləndiriləcək. Nizamnamə və proqramda müəyyən dəqiqləşdirmələr, dəyişikliklər nəzərdə tutulub, partiyanın yaxın dövr üçün fəaliyyət istiqamətlərinə bir daha baxılacaq və qərarlar veriləcək, ölkədəki vəziyyətə və ölkənin bu günü və sabahı ilə bağlı müsavatçıların iradəsi ortaya qoyulacaq. Eyni zamanda açıq-aydın görünür ki, qurultayı cəmiyyətin maraq dairəsinə gətirən, önəmli bir hadisəyə çevirən əsas hadisələrdən biri də keçiriləcək seçkilərdir. Müsavatda hər zaman azad və ədalətli seçkilər keçirilib. Bəlkə də Azərbaycanda nadir partiyalardandır ki, Müsavatda bütün seçkilər gizli səsvermə yolu ilə keçirilir. Son illərdə ümumiyyətlə bu sahədə ciddi yeniliklərə getdik. Başqa təşkilatlarda olduğu kimi namizədlər iclasların, qurultayların gedişində irəli sürülmür. Namizədlər üçün öncədən zaman müəyyənləşdirilir. Ölkənin prezident və parlament seçkilərində olduğu kimi namizədlərin mövqelərini, platformalarını seçicilərə çatdırması, təbliğatlarını qurması üçün zaman tanınır və həqiqi bir seçki mühiti yaradılır. Bu, Müsavatın ənənəsidir. Amma növbəti qurultayda daha önəmli bir addım atılacaq. Bu başqanın dəyişməsi ilə bağlı seçkilərdir”.

İ.Qəmbər qeyd edib ki, bu, iki istiqamətdə ciddi hadisədir: “Birincisi, ölkədə avtoritar rejim formalaşıb. Bu rejim hakimiyyətdən ayrılmağı özü üçün faciə hesab edir, hər hansı başqa siyasətçinin hakimiyyətə gəlmək iddiasına az qala vətənə xəyanət, dövlət çevrilişi səviyyəsində bir məsələ kimi yanaşır. Bu rejim artıq bu sistemi daşlaşmış bir hala gətirmək istəyir. 2009-cu ildə saxta referendum keçirildi və bir şəxsin iki dəfədən artıq prezident seçilməsinə qadağanı konstitusiyadan çıxardılar. Daha sonra digər vəzifəli şəxslərin də faktiki olaraq ömürlük öz vəzifələrində qala bilmələri üçün-bəzilərində qanun vasitələri ilə, bəzilərində başqa gerçəklikdə addımlar atmaqla-ömürlük vəzifələr müəyyənləşməyə başladı. Prokurorluqda, ombudsman vəzifələrində, digər sahələrdə, hətta Şeyxülislamın da ömürlük olması razılaşdırılıb. Son illərdə hətta deputatlar da deputat kürsüsünü öz ömürlük mülkiyyətlərinə çevirirlər, üstəlik də hansısa deputat ya çox yaşlananda, ya hansısa səbəbdən parlamentdən saxlanması nəzərdə tutulanda çox rahat şəkildə həmin deputatın yerinə onun oğlunun və ya nəvəsinin gəlməsi məsələsi müzakirə olunur. Yəni yüz il əvvəl Məhəmməd Əmin Rəsulzadə tərəfindən dövrünün ən inkişaf etmiş dəyərlərinə uyğun şəkildə qurulan cümhuriyyətin bu günündə hakimiyyətdə olan rejim bir feodal sistem qurmağa başlayıb. Belə bir mərhələdə Müsavat Partiyası özünün hələ 2001-ci ildə qəbul edilmiş Nizamnamə dəyişikliyinə əsasən, başqan seçkisi keçirir və başqan dəyişir. Bu, Azərbaycana Müsavat Partiyası tərəfindən növbəti bir demokratiya nümunəsidir. 

Bu, hakimiyyətə xəbərdarlıqdır ki, Müsavat Partiyası digər demokratik qüvvələrlə birlikdə imkan verməyəcək ki, hakimiyyət Azərbaycanı bir feodal ölkəsinə çevirsin. Bu seçki bunun mesajıdır. Digər tərəfdən, başqan seçkisi azad və ədalətli  seçki ilə həyata keçiriləcək. Bu, texniki bir dəyişikliklə, təyinatla olmayacaq, həqiqi bir seçki yarışı ilə olacaq. Müsavatın bu qurultayı, başqan seçkiləri Azərbaycanda medianın, gündəmin əsas mövzularından birinə çevrilibdir. Bu, özü-özlüyündə çox önəmli bir nəticədir. Çünki Müsavat Partiyası bir daha cəmiyyətə azad və ədalətli seçkinin mümkünlüyünün mesajını verir. Biz dövlətimizə, xalqımıza xidmətimizi davam etdiririk və etdirəcəyik. Müsavatın bu qurultayı Müsavat Partiyasının daha da güclənməsinə, daha güclü siyasi təşkilat halına də kömək edəcək, eyni zamanda cəmiyyətdə də müsbət dəyişikliklərin, düzgün istiqamətdə addımların atılması önəmli bir siqnal olacaq”.  
 
Mətbuat konfransında Türkiyədən qurultayda iştirak üçün gəlmiş qonaqlar, Azərbaycan Kültür Dərnəyinin rəhbərləri Cəmil Ünal və İsa Yaşar Tezel də iştirak edirdilər. 
Cəmil Ünal və İsa Yaşar Tezəl də çıxış edərək müsavatçılara uğur arzulayıblar.
C.Ünal bildirib ki, İsa Qəmbərin başqanlıq kürsüsü uğrunda növbəti dəfə seçkilərə qatılmaması böyük fədakarlıqdır, demokratiya nümunəsidir: “Bu, fədakarlıqdır. Ən çox ehtiyac duyulan bir zamanda İsa bəy çoxlarına örnək olacaq bir hərəkət edir. Bu bölgədə kürsüsündən asanlıqla əl çəkən partiya lideri görmədim. Amma İsa bəyin bu hərəkəti örnəkdir. Müsavat bu millətin həm taleyidir, həm tarixidir.  22 il ərzində İsa Qəmbər Müsavat Partiyasına ləkə gətirmədən idarə etdi. Müsavatçılar bundan sonra İsa bəyə daha çox sahib çıxacaqlar, çıxmalıdırlar. Çünki belə insanlar asan yetişmir. Partiyada seçim bir etapın başlanğıcıdır. Müsavatdakı seçkidə bir nəfər qalib gələcək, amma digərləri də uduzmayacaqlar. Qazanın yanında onu qucaqlayaraq, onunla müsavatçılıq yolunda birləşərək Müsavat ideyalarına, xalqa xidmət edəcək. Hər kəsin gözü bu qurultaydadır. Müsavatçılara müraciət edirəm ki, Müsavatı sevməyənlər bu partiyanın içində çalxalanmaların olmasını istəyirlər onların sevinməsinə imkan verməyin. Namizədlərin hansı seçilir seçilsin onun Məhəmməd Əmin Rəsulzadə yolunda Müsavata xidmət edəcəyini umuruq və gözləyirik. İsa bəyə can sağlığı arzu etməklə yanaşı bundan sonra da Müsavatın onun kölgəsində siyasətinə davam edəcəyinə inandığımızı bildirirəm”.

İsa Yaşar Tezel də çıxışında Müsavatçılara qurultayda və sonrakı fəaliyyətində uğurlar arzuladığını bildirdi. İsa Qəmbəri böyük dostu adlandırdı.

Daha sonra İsa Qəmbər jurnalistlərin suallarını cavablandırdı.

“Başqanlığa namizədlərdən Arif Hacılı istisna olmaqla digər üçünün bu mətbuat konfransında iştirak etməməsini necə qiymətləndirirsiniz” sualına İsa Qəmbər belə cavab verdi: “Namizədlərin mətbuat konfransında iştirak etmək kimi nə öhdəlikləri, nə məsuliyyətləri yoxdur. Arif bəyə təşəkkür edirəm ki, zaman tapıb gəlib iştirak edir. Digər namizədlər də qərargahda olsaydılar yəqin ki, onlar da iştirak edərdilər”. 

“Yeni seçiləcək başqanın müddəti başa çatandan sonra başqanlığa yenidən namizədliyiniz verə bilərsinizmi” sualını isə İsa Qəmbər belə cavablandırdı: “Nizamnamə bunu qadağan eləmir. Nizamnamədə yazılıb ki, iki dəfədən artıq ardıcıl olaraq eyni adam seçilə bilməz. O baxımdan nəzəri cəhətdən mənim də, məndən sonra iki müddət başqanlıq edən şəxslərin də Nizamnamə dəyişməsə hüququ olacaq yenidən başqanlıq yarışına qatılmağa. Ancaq düşünürəm ki, məndən sonra seçiləcək başqan elə yüksək idarəçilik aparacaq ki, biz də ona tam dəstək verəcəyik və bizim yenidən Müsavat başqanlığına iddia eləməyimizə ehtiyac qalmayacaq. Bizim fikrimiz odur ki, başqanlıqdan çəkilməyim mənim daha sərbəst, daha rahat şəkildə ümumi proseslərlə məşğul olmağıma imkan yaradacaq. Biz inanırıq ki, növbəti prezident seçkilərində Müsavatın namizədi hakimiyyətə gələcək”.

Partiyada hansı vəzifəyə iddiasının olduğu haqda suala cavabında İsa Qəmbər dedi ki, heç bir vəzifəyə iddiası yoxdur: “Müsavat Partiyasının sıravi üzvü olmaq da məsuliyyətli və şərəflidir. Mən də arzu edirdim ki, Müsavatın sıravi üzvü olmaq şərəfini, zövqünü yaşayım. Partiya yoldaşlarımdan bir sıra təkliflər var. O təkliflərin hansı Müsavatın Nizamnaməsinin məntiqinə, təməl prinsiplərinə uyğun gəlirsə, onları dəyərləndiririk. Hansında başqa qüvvələrdə olduğu kimi, lider statusu və sair söhbətlər olursa, onları biz qəbul eləmirik. Biz hesab edirik ki, vəzifələr insanlara üstünlük gətirmir, insanlar vəzifələrə üstünlük gətirir. O baxımdan bizim heç bir vəzifəyə iddiamız yoxdur. Müsavatın əsgəri kimi xidmət eləməkdə davam edəcəyik. Əgər Müsavat Partiyası məqsədəuyğun saysa Məclis üzvü kimi fəaliyyət göstərə bilərik. Müsavat üzvləri prezident seçkilərində mənim namizədliyimi irəli sürməyi məqsədəuyğun saysalar mənim buna etirazım olmayacaq”.

İsa Qəmbər onu da dedi ki, Milli Strateji Düşüncə Mərkəzinin sədri olaraq da cəmiyyətə, demokratik dəyərlərə xidmət eləyə biləcək.

Özünün 22 illik başqan kimi fəaliyyətini necə qiymətləndirməsi ilə bağlı suala isə İsa Qəmbər belə cavab verdi: “1980-ci illərin sonlarından ictimai-siyasi proseslərdə iştirak edirəm. 1980-ci illərin sonları, 1990-cı illərin əvvəllərində Cəmil Ünal, rəhmətlik Mehmet Kəngərli, Əhməd Qaraca kimi böyüklərimizlə, ağsaqqallarımızla görüşlərimizdən, məsləhətləşmələrdən sonra faktiki olaraq 1992-ci ilin martından Müsavatın bərpa mərkəzinə rəhbərlik etməyə başlamışam. 1992-ci ilin noyabrında isə başqan seçilmişəm. 22 ildən artıq müddətdir ki,  bu partiyaya rəhbərlik edirəm. 

Bu dövrə qiymət vermək elə də sadə deyil. Yaxşı olardı ki, bunu cəmiyyət, başqaları etsin. Mən bəlkə də nə zamansa bu dövrü qiymətləndirmək üçün müəyyən yazılar yazacağam. İndi isə qısaca bir şey deyə bilərəm. Bu 21 ildə mən Azərbaycanda hakimiyyəti, Əliyev rejimini dəyişməyə çalışdım. Əliyev rejimi də məni dəyişməyə çalışdı. Heç birimiz qələbə çala bilmədik. Meydan, hakimiyyət onların əlində olduğu üçün mən hesab edirəm ki, mənim baxımımdan rəqib meydançasında heç-heçədir hələlik. Ancaq proses davam edir. Biz mübarizəni davam etdirəcəyik. Bu, şəxs mübarizəsi deyil. Bu, dəyərlərin mübarizəsidir. Yüz ildir Azərbaycanda bu dəyərlərin mübarizəsi açıq şəkildə gedir...” 

Başqanlığa namizədlərin seçki kampaniyasını necə qiymətləndirdiyi haqda suala da İsa Qəmbər cavab verdi: “Namizədlərin seçki kampaniyasını maraqla izləyirəm, kampaniya çox yaxşı gedir. Arif bəy, görkəmli siyasətçi olmaqla yanaşı, çox təcrübəli seçki mütəxəssisidir. Qubad bəy QHT sektorunda bir sıra uğurlu seçki kampaniyaları apardığını təqdim edib. Tural bəy də çox iddialı, mübariz, əzmli bir gəncimizdir. Səxavət Əlisoy da orijinal şəkildə seçki kampaniyasını aparır. Gərginliklər var, həqiqi seçki gərgin olmalıdır. Hesab edirəm ki, seçki bitdikdən sonra hamımız  seçilən növbəti başqanı başqanımız kimi qəbul edəcəyik və onun fəaliyyətinin uğurlu olması üçün əlimizdən gələni edəcəyik”. 
“Namizədlərdən hansının başqan seçilməsini istədiyiniz nə üçün digər müsavatçılar kimi açıqlamırsınız” sualını İsa Qəmbər bu cür cavablandırdı: “Bu, ciddi və mənim özümü də düşündürən bir sualdır. 

Çünki bir tərəfdən mən də qurultay nümayəndəsiyəm və mənim də bir səsim var. Mən də bir səsimi dörd namizəddən birinə verəcəyəm və səsimi kimə verəcəyimi bilirəm. Amma dostlarımızın bəziləri xahiş edirlər ki, bunu mən açıqlamayım. Hesab edirlər ki, mən hansı namizədi dəstəklədiyimi bildirsəm bu artıq seçki prosesini bitirər. Çünki müsavatçıların böyük əksəriyyəti dostlarımızın dediyinə görə, mənim fikrimi başqan olaraq yüksək dəyərləndirir və mənim fikrim onların mövqeyinə əhəmiyyətli dərəcədə təsir eləyə bilər. Mən də bu iki məntiqli yanaşmanın hansına üstünlük verəcəyimlə bağlı hələ son qərarımı qəbul eləməmişəm. Ən azı qurultaya qədər bu şəkildə davam edəcək. Qurultayın gedişində yenə də bir dəyərləndirmə yapıb şəxsən öz qərarımı qəbul edəcəyəm. Çünki hamının mövqeyini başa düşürəm, amma hamı da mənim də mövqeyimi dərk eləməlidir ki, mən də müsavatçıyam, mən də Müsavat Partiyasının qurultay nümayəndəsiyəm və kimə səs verəcəyimi açıqlayıb açıqlamamaq müstəsna olaraq mənim hüququmdur. Xüsusən də nəzərə alsaq ki, qurultay başlayandan sonra artıq mənim başqan statusum bitəcək və mən də bütün qurultay nümayəndələri kimi bərabər səviyyədə prosesdə iştirak edəcəyəm”.

İsa Qəmbər Müsavatın qurultayına hansı partiyaların dəvət olunacağından da danışdı. O bildirdi ki, qurultaya heç bir partiya dəvət olunmayacaq: “Əgər Azərbaycanın tanınmış ekspert və ya ictimai xadimləri qurultayda qonaq kimi iştirak etmək istəyəcəksə,  buyurub gələ bilərlər. Yer kiçik olduğu və danışılası məsələlər bol olduğu üçün digər partiyaları konfransa dəvət etməmək qərarına gəlmişik”.

İsa Qəmbər ona verilən daha bir suala cavab olaraq bildirdi ki, qurultaydan sonra partiyadan bir  neçə nəfərin gedişi ola bilər, bu cür hallar həmişə qurultaylarda müşahidə olunandır: “Amma ciddi bir sarsıntının yaşanacağını gözləmirəm”

Başqan daha sonra bildirdi ki, hələ ki memuar yazmaq fikrində deyil: “Bunu pensionerlər edir. Pensiya yaşı kişilər üçün 63-dür, mənim isə 57 yaşım var. Yazmaq istədiyim vaxt memuar yazacağam. 22 illik kapitan kimi hakimiyyətin qapısına qol vurmamaqla bağlı suala gəldikdə isə Müsavat 2000-ci ildə parlament seçkilərinin qalibi olub. Bundan ciddi qol ola bilərmi, Bəndəniz isə 2003-cü ildə prezident seçkilərini udub. Əgər hakim vurulmuş bu qolları saymırsa, başqa nə üsul var ki. Biz müstəsna olaraq dinc mübarizə aparırıq. Biz başqa mübarizə üsulunu Müsavat olaraq qəbul eləmirik”.
İsa Qəmbər qurultaydan sonra özünün siyasi çəkisi ilə partiyanın işinə necə təsir edəcəyi barədə də danışdı. İsa Qəmbər bildirdi ki, partiyaya müdaxilə üçün xüsusi iddiası yoxdur: “Bu ya çox çətin, ya da çox asan sualdır. Məni də düşünməyə məcbur edir. Mənim Müsavat üzərində məsuliyyətim var. Təklif olunur ki, Məclis üzvü olum. Sizə bir sirr açım. Məclis üzvü elə rahat postdur ki, istəsən partiyanın qərarlarına təsir edə bilərsən, istəsən heç iclaslara da gəlmirsən. Əgər hər şey qaydasında olsa, müdaxilə etməyimə ehtiyac olmayacaq. Ümid edirəm ki, qaydasında olacaq”.

Sonda İsa Qəmbər media nümayəndələri ilə onların xahişi ilə xatirə şəkli çəkdirdi.(musavat.com)












© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin