Dünyanın bir çox yerlərində məzarların hamısı eyni standart ölçüdə olsa da, Azərbaycanda bəzi məzarlıqlar və qəbiristanlıqlar qaraçı köçünə oxşayır.
Bunu Moderator.az-a açıqlamasında Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədr müavini, professor Rafael Hüseynov səsləndirib və "Ziyarətgahlar, ibadət yerləri və məzarlıqlar haqqında" qanunun qəbul edilməsinə ciddi ehtiyacın olduğunu deyib.
Onun sözlərinə görə, Azərbaycanda təkcə yas mərasilərinin tənzimlənməsinə yox, eyni zamanda məzarlıqlar və qəbiristanlıqlarda da səliqə-sahman yaratmağın vaxtıdır: “ Ona görə də hələ iki il öncə "Ziyarətgahlar, ibadət yerləri və məzarlıqlar haqqında" qanunun qəbul edilməsi təklifi ilə çıxış etdim
və hətta müvafiq qanun layihəsi də hazırlamışdım. İndi belə hesab edirəm ki, ziyarətgahlar, ibadət yerləri və məzarlıqılar haqqında qanunun qəbuluna çox ciddi və çox böyük ehtiyac var. Bu yöndə qanun layihəsi nəhayət, komitəmizin iclasına çıxarılmalı və parlamentin plenar iclasına tövsiyə edilərək qəbul olunmalıdır.”
R. Hüseynov deyib ki, bu gün əksər ölkələrdə məzarlıqlar, qəbiristanlıqlar xüsusi qanunlarla idarə olunur və tənzimlənir:
"Mən bir neçə il öncə Azərbaycan xalqının böyük şəxsiyyətlərindən olan Əlimərdanbəy Topçubaşovun Paris şəhəri yaxınlığındakı qəbiristanlıqdakı məzarını ziyarət edərkən gördüm ki, orada hər bir məzarın, qəbirin sənədi, şəxsi vərəqəsi var, onlar qanunla tənzimlənir. Eyni zamanda, dünyanın bir çox yerlərində də görürürk ki, məzarlıqlar hamısı eyni vəziyyətdədir, məzarlar, qəbirlər eyni standart ölçüdədir. Amma üzr istəyirəm, bizdə bəzi məzarlıqlar, qəbristanlıqlar var ki, qaraçı köçünə oxşayır.
R. Hüseynovun bildirdiyinə görə, ziyarətgahlar, ibadət yerləri, məzarlıqlar xalqın inanc yeri, müqəddəs məkanlarıdır: “Qəbirlərin biri böyük, biri balaca, biri ordan çıxır, biri burdan. Bu, olduqca yoloverilməzdir. Eyni zamanda, bəzən görürsən ki, kimsə valideyninin qəbri üzərində 4-5 metr hündürlüyündə abidə ucaldıb. Ancaq xaricdə bu, belə deyil, sadəcə, tarixdə yeri, xidməti olan şəxslərin qəbirləri üzərində abidənin ucaldılmasına icazə verilir. Elə bilirəm ki, nəhayət, bizdə də belə olmalıdır.
Həmçinin, bizdə ziyarətgahlar, ibadət yerləri var ki, onlar bəzən inanclıqdan, inanc yerlərindən çıxıb siyasi hadisəyə, siyasi məkana çevrilirlər. Bəzi radikal-dini qruplar var da ki, onlar həmin ziyarətgahlardan, ibadət yerlərindən öz şəxsi məqsədləri üçün istifadə etməyə çalışırlar. Onların bu cür yolverilməz , çirkin məqsədlərinin qarşısının alınması, gələcəkdə hay-küy qaldırmalarına əsas olmaması üçün də məhz bu yerlər qanunla tənzimlənməlidir.
Bu baxımdan bir daha belə hesab edirəm ki, "Ziyarətgahlar, ibadət yerləri və məzarlıqlar haqqında" qanun layihəsi əvvəlcə komitəmizin, sonra isə plenar iclasın müzakirəklərinə çıxarılaraq qəbul olunmalıdır".




































































































