Elşad Paşasoy niyə Qubad İbadoğlunu seçdiyini açıqladı...

Hazırda oxunan: Elşad Paşasoy niyə Qubad İbadoğlunu seçdiyini açıqladı...

56189
Moderator.az "Yeni Müsavat" qəzetinin yazarı, Müsavat Partiyasının Məclis Üzvü Elşad Paşasoyun dünən 35 nəfər partiya funksioneri ilə birlikdə başqanlığa namizəd Qubad İbadoğlunun dəstəklənməsi bəyanatına imza atması səbəbi ilə maraqlanıb və ondan aşağıdakı cavabı alıb:

"Sualınıza cavab olaraq mən başqanlıq uğrunda mübarizənin ilk günlərində “Yeni Müsavat” qəzetinə verdiyim açıqlamanı diqqətinizə çatdırmaq istəyirəm. Orda da qeyd etmişdim ki, İsa Qəmbərdən sonra başqan statusunu daşımaq elə də asan olmayacaq: 

“İddialıların hər birinə uğurlar arzulayıram. Görünən budur ki, əsas mübarizə Arif Hacılı ilə Qubad İbadoğlunun arasında gedəcək. Hər ikisinin başqan olmağa haqqı çatır və son qərarı qurultay verəcək”. 

Eyni zamanda qeyd etmişdim ki, Arif bəyin Müsavat Partiyasında heç bir fəaliyyəti olmasaydı belə, 23 il öncə Azərbaycanın istiqlalına səs verdiyinə görə Müsavata başqan olmağa mənəvi haqqı çatırdı: “Ancaq insafən deməliyik ki, Arif Hacılı yüksək təşkilatçılıq qabiliyyətinə, oratorluğuna, siyasi savadına və sair müsbət keyfiyyətlərinə görə başqan olmağı tamamilə haqq edib”. Paralel şəkildə Qubad İbadoğlu haqqında da fikrimi aşağıdakı kimi ifadə etmişdim: “Qubad bəyin isə ölkənin hüdudlarından kənarda da kifayət qədər tanınması, yüksək səviyyəli iqtisadçı alim, gözəl ziyalı, barışdırıcılıq keyfiyyətlərinə malik olması onun şansını artırır. Bu mənada qurultay iştirakçılarının necə çətin seçim qarşısında qaldığını təsəvvür edirəm. Məncə, partiya daxilində hansısa problemlərin yaşanmaması üçün ən şanslı namizədlərin arasında centlemen razılaşma əldə olunmalıdır. Bəlkə də partiyaya yeni nəfəs gəlməsi, təşkilatın xarici aləmlə əlaqələrinin gücləndirilməsi baxımından Qubad İbadoğlunun başqan seçilməsi daha məntiqli olardı. Artıq reallıqlar ənənəvi baxışlar sistemində müəyyən korrektlər etmək tələbini qoyur. Son illər hətta ölkələrin rəhbərliyinə iqtisadçıların, biznesmenlərin gəlməsi şəraitində Müsavatın rəhbərliyinə də bu sferanı təmsil edən şəxsin gətirilməsi, fikrimcə, daha faydalı olardı”.

Göründüyü kimi, mən digər iki namizədin, Tural bəy və Səxavət bəyin də uğurlarına hər hansı kölgə salmamaq şərtilə, adlarını çəkdiyim sonrakı iki iddialının şanslarına subyektiv baxışımı ifadə etmişəm. Proseslər göstərdi ki, doğrudan da mübarizə əsas iki şəxsin arasında getdi və mən haqlıyammış. Bir daha o fikirdəyəm ki, son qərar qurultayın olacaq, mən isə Müsavat Məclisinə yenidən namizəd olmaqdan imtina etdiyim üçün qurultayın işinə qatılmayacağam. Deməli, yeni başqanı partiyadaşlarımız seçəcək. Bu mənada başqanlıq yarışmasında demokratik ənənə sərgiləyən partiyadaşlarımın hansısa mövqeni sərt qarşılaması, qaba reaksiya verməsi yalnız təəssüf doğurur. Hesab edirəm ki, bu, bir mübarizədir və sivil mübarizəni qaydalar çərçivəsində aparmaq, anlayışlı, dözümlü olmaq yeganə çıxış yoludur. Açığı, bu mübarizədə hay-küylü bəyanatları, bəlağətli dəstək çıxışlarını da bir o qədər məqbul saymıram. Hesab edirəm ki, prosesin sakit formada aparılması şəraitində Müsavat və Azərbaycan cəmiyyəti daha çox qazanar, nəinki əksi baş verəndə. Biz bir sıra hallarda iqtidarı siyasi münasibətlərdə sərgilədiyi münasibətlərə görə tənqid ediriksə, gərək daxili seçkilərdə və mübarizədə ortaya nümunə qoyaq. Hər kəs bilsin ki, seçkidə halal yolla kim qalib gələcəksə, onu da başqan kimi tanıyacağıq, çünki ortada qurultay nümayəndələrinin, Müsavat üzvlərinin iradəsi olacaq. Bu iradəyə qarşı çıxmaq isə həm nizamnaməyə, həm də dəyərlərimizə qarşı çıxılması kimi qəbul olunmalıdır. Mən nəinki Müsavat daxilində, hətta iqtidar-müxalifət münasibətlərində də barış, qarşılıqlı anlaşma və güzəşt tərəfdarı olduğum üçün emosiyaların azaldılmasını, kin-küdurətə meydan verilməməsini zəruri sayıram. Ona da əminəm ki, qurultaydan sonra rəqiblər bir-birinin əlini sıxmağı bacaracaq və Azərbaycanın seçki tarixində bir ilkin şahidi olacağıq."

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin