Moderator.az
xəbər verir ki, 15 sentyabr “Bilik günü” Mir Cəlal
Paşayev adına Gəncə şəhər 39 nömrəli tam orta məktəbin kollektivi üçün ikiqat
bayram olub. Belə ki, məktəbin binası əsaslı şəkildə yenidənqurmadan sonra
istifadəyə verilib.
Məktəbin açılışında Gəncə şəhər İcra Hakimiyyətinin
başçısı Elmar Vəliyev, təhsil işçiləri, məktəbin müəllim və tələbə kontingenti
iştirak edib. Açılış mərasimində çıxış edən məktəbin direktoru Nizami Rzayev
bildirib ki, 2014-2015-ci tədris ilində 39 nömrəli tam orta məktəbdə 2.070 nəfər
şagird təhsil alacaq. Onlara 185 nəfər müəllim elm-bilik öyrədəcək.
Gəncə şəhər Təhsil İdarəsinin müdiri Zakir Hüseynov
çıxışında vurğulayıb ki, məktəb binasının yenidən qurulması, yüksək səviyyədə tərtibat,
kitabxana, idman zalı, akt zalı və fənn kabinetləri, laboratoriyalar şagirdlərin
biliyinin artırılmasına xidmət edir. Açılış mərasimində çıxış edən müəllimlər,
şagird və valideynlər yaradılan şəraitə görə ölkə başçısına və şəhər rəhbərliyinə
minnətdarlıq bildiriblər.
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev
vurğulayıb ki, dövlət proqramına uyğun olaraq 2015-ci ilin sonuna kimi Gəncədə
bütün məktəblər əsaslı şəkildə qurularaq yenidən istifadəyə veriləcək. Gəncə şəhərində
aparılan abadlıq və yenidənqurma işlərindən danışan Elmar Vəliyev daha sonra
qeyd edib ki, hazırda Gəncənin bir çox məktəblərində əsaslı təmir işləri
aparılır.
Dövlət Proqramına uyğun olaraq 4 nömrəli məktəb üçün
1000 yerlik, 39 nömrəli məktəb üçün 1.200 yerlik yeni tədris korpusunda inşaat
işləri davam edir. 3 peşə liseyi yeni görkəmə salınır. İcra başçısı bildirib
ki, hazırda 3 uşaq baxçası yenidən qurulur. 12 uşaq baxçasının isə əsaslı təmiri
gələcəkdə həyata keçiriləcək.
Rəmzi qırmızı lent kəsildikdən sonra Elmar Vəliyev və
qonaqlar sinif otaqları, fənn kabinetləri, loboratoriyalar, kitabxana,
idman zalı, psixoloq və tibb otağı, həmçinin bufetlə tanış olublar. Məktəbdə
yaradılan şərait şəhər rəhbəri tərəfindən yüksək qiymətləndirilib.
İlk dərslərin gedişatını işləyən icra başçısı şagirdlərlərin
biliklərini də sınağa çəkib. Onlarla sual cavab edib və şagirdlərə məsləhətlərini
verib.



























































































