Üzeyir Cəfərov PA rəhbərinin ittihamına cavab verdi...

Hazırda oxunan: Üzeyir Cəfərov PA rəhbərinin ittihamına cavab verdi...

53869
"Hərbi Jurnalistlər" İctimai Birliyinjin rəhbəri, polkovnik-leytenant Üzeyir Cəfərov avqustun 29-da Prezident Administrasiyası rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə keçirilən bəzi KİV rəhbərlərinin toplantısında onun adının hallandırılmasına münasibət bildirib:

"Xəbər verildiyi kimi, avqustun 29-da Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin yanında dövlət orqanlarının informasiyanın verilməsinə məsul struktur bölmələrinin və kütləvi informasiya vasitələri rəhbərlərinin müşavirəsi keçirilib. Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi ilə bağlı bir sıra aktual məsələlərin müzakirəsinə həsr olunmuş müşavirədə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev geniş məruzə ilə çıxış edib. PA rəhbəri müşavirədə mənimlə bağlı da bəzi fikirlər səsləndirib və hesab edirəm ki, onun səsləndirdiyi fikirlərə münasibətim olmalıdır və aşağıdakıları bildirməyi vacib sayıram. 
PA-nın rəhbərinin şəxsən mənə aid olan çıxışını da diqqətinizə çatdırıram.

"Bu gün də ayrı-ayrı “ekspertlər” Azərbaycan Silahlı Qüvvələrinin hərbi arsenalının say və texniki göstəricilərini mediada fəal müzakirə edir, KİV-lər ordunun ali komanda heyəti barədə şayiələr yayır, dövlətin hərbi sahədə siyasəti haqqında həqiqətə uyğun olmayan, qərəzli məlumatlar dərc edirlər. Məsələn, özünü “hərbi ekspert” kimi təqdim edən ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov vaxtilə korpus komandiri olmuş, hazırda isə xarici ölkələrdən birində yaşayan İsa Sadıqov qərəzli, heç bir əsası olmayan iddialarla çıxış edir, silahlı qüvvələri, onun rəhbərliyini hədəfə götürür, müstəqillik dövründə milli ordu quruculuğu sahəsində görülmüş işləri gözdən salmağa çalışır və öz açıqlamaları ilə düşmənin maraqlarına xidmət edirlər. “Azadlıq” qəzeti, “Azadlıq” radiosu və bir sıra digər KİV-lər onların qərəzli iddialarına geniş yer verir və bu tipli çirkin, antimilli fəaliyyətin iştirakçısına çevrilirlər.

Mən bugünkü toplantıda konkret ad çəkə bilərəm. Lakin düşünürəm ki, dəfələrlə Prezident Administrasiyasından xəbərdarlıq almış resursların rəhbərləri kimdən söhbət getdiyini başa düşəcəklər. Bəzi media qurumları Milli Orduda döyüş şəraitində həlak olmuş və ya yaralanmış hərbi qulluqçular haqqında məlumatların ictimailəşdirilməsi üzrə “ixtisaslaşıblar”. Son hadisələr zamanı informasiya agentliklərindən biri Müdafiə Nazirliyinin rəsmi açıqlamasını gözləmədən şəhid olmuş hərbi qulluqçular haqqında özəl kanallarla əldə etdiyi, əsasən də yanlış məlumatlar əsasında xəbərlər yayıb. Bəzi saytlar isə bütün mümkün sərhədləri aşaraq həlak olanların sayı barədə fantastik rəqəmlər səsləndiriblər. Belə canfəşanlıq bir çox hallarda yanlış informasiyanın dövriyyəsinə və anlaşılmazlıqların yaranmasına səbəb olur. Digər tərəfdən isə Azərbaycan Ordusunu nüfuzdan salır, cəmiyyətdə ona inamsızlıq yaradır. Biz görməmişik ki, ermənilər bu yolla getsinlər, belə halları geniş yaysınlar. Əksinə, onlar hər vəchlə ordunun nüfuzunu qaldırırlar, hətta itkilərini belə gizlədirlər"

PA-nın rəhbəri hörmətli Ramız Mehdiyevin mənimlə bağlı səsləndirdiyi fikirlərin heç bir əsası yoxdur və hesab edirəm ki, ona bu məlumatları verən şəxs və ya şəxslər yalan və böhtan məlumatlar verdiyinə görə indi də olmasa, nə vaxtsa hüquqi müstəvidə mütləq cəzalandırılacaqlar.

Tam məsuliyyətimlə deyə bilərəm ki, mənim tərəfimdən indiyə kimi 1 dənə də olsun hərbi və ya dövlət sirrini təşkil edən məlumatlar yayılmayıb və bunun olması belə mümkün deyil.Guya mən Azərbaycan Silahlı Qüvvələrinin hərbi arsenalının say və texniki göstəricilərini mediada fəal müzakirə edir, KİV-lərdə ordunun ali komanda heyəti barədə şayiələr yayır, dövlətin hərbi sahədə siyasəti haqqında həqiqətə uyğun olmayan, qərəzli məlumatlar dərc etdirirəm. Bunların da heç biri həqiqətə uyğun deyil və çox istərdim ki, bu fikirləri PA-nın rəhbərinə verən şəxslər ortalığa konkret faktlar qoysunlar. Mən başa düşürəm ki, hörmətli Ramiz Mehdiyevin müavini vəzifəsində olan general-leytenant Vahid Əliyevi artıq uzun illərdir ki, dövləti maraqlarını şəxsi maraqları ilə səhv saldığına görə tənqid etmişəm və bundan sonra da bacardığım qədər bu istiqamətdə fikirlərimi açıqlayacağam. Əgər söylədiklərimin yalan olmasını sübut etmək istəyirlərsə, buyursunlar, məni məhkəməyə verib cəzalandırmağımı tələb edə bilərlər. Mən hər zaman Azərbaycan Silahlı Qüvvələrinin mövqe və mənafelərini istər ölkə daxilində, istərsə də ölkəmizdən xaricdə qorumuşam və bu istiqamətdə öz bilik və bacarığımı bundan sonra da davam etdirəcəyəm. Hörmətli PA-nın rəhbərinin mənimlə bağlı "məsələn, özünü “hərbi ekspert” kimi təqdim edən ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov" ifadəsi ilə bağlı onu qeyd etməyi vacib sayıram ki, mənim ixtisasım sırf hərbi-siyasi jurnalistikadır. Özü də, çəkinmədən bildirirəm ki, bu ixtisas üzrə ilk diplomlu Azərbaycanlı zabit kadrıyam. Heç yerdə, heç vaxt özümü "hərbi ekspert" kimi təqdim etməmişəm və bu sadəcə jurnalist dostlarımızın təqdim etdiyi bir formadır. Bir çoxlarından, o cümlədən hörmətli PA-nın rəhbəri Ramiz Mehdiyevə, həmçinin dövlət rəhbərliyinə yalan məlumat verən general rütbəsini daşıyan şəxslərdən fərqli olaraq Azərbaycan xalqının əzəli düşmənləri olan ermənilərlə döyüşlərin sözdə deyil, birbaşa İŞTRAKÇISIYAM. Və məndən öz xalqına və ordusuna qarşı heç zaman xəyanət ola bilməz və mənimlə bağlı yanlış fikir formalaşdırmağa çalışan şəxslərin də bunu bilməsi çox vacibdir. 
Mən başa düşürəm ki, hələlik PA-da oturan Vahid Əliyev və onun bəzi narahat ətrafı, o cümlədən Müdafiə Nazirliyində oturub tamam başqa işlərlə məşğul olan bəzi şəxslər çox narahatdırlar və belə yanlış məlumatlarla mənim haqqımda düşmən obrazı yaratmağa çalışırlar. Çox səhv və yanlış bir mövqedir. Məni yaxından tanıyanlar və bilənlər çox gözəl bilirlər ki, bu gün ordumuzda aparılan işlərlə bağlı sağlam tənqidi, təhlili fikirlərim, çıxışlarım Azərbaycan cəmiyyəti tərəfindən normal qarşılanır. Dövlət başçısının ordu quruculuğu ilə bağlı apardığı siyasətə tam əks, zidd mövqe sərgiləyən adamlardan olmamışam və çox xahiş edərdim ki, hörmətli Ramiz Mehdiyev ona yanlış məlumatlar verən şəxslərdən konkret faktlar tələb etsin. 

Sonda, bir daha vurğulamaq istərdim ki, mən erməni kimi məkrli düşmənlə müharibənin ağrısını-acısını yaşamış bir insanam. Azdan-çoxdan cəmiyyət tərəfindən hərbi sahədə etdiyim çıxışlarla tanınıram. Hər zaman haqqı-ədaləti qorumuşam və Allahın bizə bəxş etdiyi HAQQ sözə sadiq olmuşam. Başa düşürəm ki, bəzi açıqlamalarım kimlərisə bərk narahat edir. Ancaq çox xahiş edirəm ki, kimliyindən asılı olmayaraq, heç kim mənə şər və ya böhtan atmasın. Onsuz da, ataların çox gözəl bir deyimi var.: "Yalan ayaq tutar, amma yeriməz". İndiki halda, belə başa düşürəm ki, mənim adımı hörmətli PA-nın rəhbərinə verən şəxslər çox böyük haqsızlıq və ədalətsizlik ediblər və onların hərəkətlərini də Ulu Tanrıya və zamanın ixtiyarına buraxıram. 

Allah haqqı heç vaxt, nahaqqa verməyib və verməyəcək, inşəallah!!!!
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin