Moderator.az-a açıqlama verən DİN-nin mətbuat xidmətinin rəis müavini, polis polkovniki Ehsan Zahidov tanınmış hüquqşünas Əyyub Kərimovun saytımıza gedən son açıqlamasına (avronews.com/?xeber=53494) münasibət bidlirib:
“Nazir
Ramil Usubovun daxili işlər orqanlarının, eləcə də şəxsi heyətin qanunla
qorunan mənafelərini müdafiə etmək məqsədi ilə Eldəniz Quliyevi məhkəməyə
verməsini şərh edən hüquqşünas Əyyub Kərimovun "Moderator.az"
saytında dərc olunan münasibəti ilə mən də tanış oldum və çox təəcübləndim. Doğrudanmı
bu fikirlər özünü peşəkar, təcrübəli hüquqşünas adlandıran bir şəxsə məxsusdur?
Həqiqətənmi hüquqşünasın mövcud qanunvericilikdən xəbəri yoxdur? Əgər doğrudan
da hörmətli hüquqşünas hüquq mövzusuna belə qeyri-peşəkar münasibət bildiribsə,
onda mən məcburam ki, onun dediklərini qısaca şərh edim və aydınlıq gətirim ki,
qeyri-hüquqşünas oxucular məsələnin mahiyyətini tam anlasınlar.
Əvvəla,
Əyyub müəllim özü etiraf edir ki, Eldəniz Quliyevin polis əməkdaşlarının
ünvanına səsləndirdiyi fikirlərlə tanış deyil və bu barədə informasiyası azdır.
Bu halda mövzu ilə ətraflı tanış olduqdan sonra onu şərh etmək düzgün
olmazdımı?
Eldəniz
Quliyev mətbuat vasitəsi ilə konkret bir polis əməkdaşının deyil, ümumən polis
əməkdaşlarının ünvanına təhqir və böhtan yağdırıb. Hörmətli Əyyub Kərimov da
bir hüquqşünas olaraq yaxşı bilir ki, və ya bilməlidir ki, təhqirə və böhtana
məruz qalan konkret adı və soyadı göstərilən bir və ya bir neçə nəfər olsaydı,
bəli, onda onlar özləri fərdi qaydada məhkəməyə müraciət edərdilər. Lakin o,
təhqir və böhtanı konkret ad və soyad göstərmədən, ümumən Azərbaycan polisinə
ünvanlayıb. Və bununla da əlaqədar respublikanın müxtəlif şəhər və rayonlarının
polis orqanlarında xidmət edən əməkdaşlar, daxili işlər orqanlarının Veteranlar
Şurasının çoxsaylı üzvləri haqlı olaraq DİN-ə
müraciətlər ünvanlayaraq təhqir və böhtanla polisin işgüzar nüfuzuna xələl
gətirməyə çalışan Eldəniz Quliyev barədə hüquqi müstəvidə tədbir görülməsini öz
nazirlərindən xahiş ediblər və onların xahişini nəzərə alan cənab Ramil Usubov
məhkəmə qarşısında iddia qaldırmışdır.
Bu
cür yanaşmanın hüquqi əsası isə Azərbaycan Respublikası Prezidentinin 2001-ci
il 30 iyun tarixli 518 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasının Daxili İşlər Nazirliyi haqqında" Əsasnamənin "Daxili
İşlər Nazirliyinin hüquqları" və "Daxili İşlər Nazirliyinin
fəaliyyətinin təşkili" hissələrində aydın və birmənalı olaraq əksini
tapmışdır. Belə ki, həmin normativ-hüquqi aktda Nazirliyin işini təşkil edən,
təkbaşçılıq prinsipi əsasında daxili işlər orqanlarının və Daxili Qoşunların
fəaliyyətinə rəhbərlik edən, Azərbaycan Respublikasının dövlət hakimiyyəti
orqanları ilə münasibətdə, o cümlədən
məhkəmələrdə Nazirliyi təmsil edən, həvalə olunmuş vəzifələrin yerinə
yetirilməsinə görə məsuliyyət daşıyan şəxsin Azərbaycan Respublikasının daxili
işlər naziri olması barədə müddəa təsbit olunmuşdur. Nazirliyin öz səlahiyyətlərini
və funksiyalarını həyata keçirərkən malik olduğu hüquqlardan biri də aidiyyəti
məsələlərə dair məhkəmələrdə iddia ilə çıxış etməkdir.
O
ki, qaldı haqqımda söylədiyi fikirlərə, deyim ki, mən heç kəsin vəkili deyiləm
və belə bir səlahiyyətim də yoxdur. DİN-in Mətbuat Xidmətinin rəis müavini, həm
də polis zabiti olaraq təmsil etdiyim qurumun və həmkarlarımın ünvanına
mətbuatda gedən böhtan və təhqirlərə biganə qala bilmərəm”.
Seymur
Əliyev
































































































