“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansının koordinatoru, hüquq müdafiəçisi Oqtay Gülalıyev özünün “Facebook” səhifəsində azyaşlı övladı Əli Gülalıyevə Bakı şəhər Baş Polis İdarəsi Ağır Cinayətlər şöbəsi tərəfindən cinayət işinin açılmasından yazıb. Xatırladaq ki, bir neçə gün öncə cinayət işi ilə bağlı Xətai rayon məhkməsində ilkin hazırlıq iclası keçirilib. Moderator.az O.Gülalıyevin məlum statusunu oxuculara təqdim edir:
“”¦Ataları oğullarla sınağa çəkməzlər. Bu qaydasız
“mübarizə”-də sınağa çəkilənlər deyil, həmişə sınağa çəkənlər uduzub və yenə
uduzacaq. Tarixdə yüzlərlə belə misallar var. Mübariz insanları bu metodlarla susdurmaq,
mübarizədən çəkindirmək mümkün deyil. Layiqli oğullar fədakar ataların getdiyi
yolla gedirlər. Onları da ataları kimi çətinliklər, mərhumiyyətlər, həbsxanalar
haqq bildiyi şərəfli yoldan döndərə bilməz.
... Bədəli nə olursa
olsun biz bu sınaqdan da çıxacayıq. Haqq etməsə də, sonucu nə olursa olsun bu
sınağın da bədəlini ödəməyə hazırıq. Ləyaqətlə mübarizə aparıb qaranlıq
zindanları işıqlandıran, ona şərəf və ziynət verən Leyla Yunus, İntiqam Əliyev,
Taleh Bağırzadə, Tofiq Yaqublu və digər onlarla dəyərli məhbus dostlarımızın “qonağı”
olduğu həbsxanalar bizlər və övladlarımız üçün qorxu yuvası deyil, cəsarət məktəbidir.
Bizləri və ailələrimizi repressiyalar, həbslər qorxuda bilməz. Biz bunları
gözardı edib yola çıxmışıq. Mübarizəmizə və yolumuza inanmışıq. Ona da inanırıq
ki, apardığımız mübarizənin qarşılığında üzləşdiyimiz sınaqlar bir imtahandır. Bu
imtahan qarşımızda dayananların iç üzünü açan, onların qəddarlığını, rəzilliyini ifşa edən,
bizləri isə mətinləşdirən və mübarizəmizə daha da sıx bağlayan imtahandır. Biz
inanırıq ki, bu sınaqlardan üzü ağ, alını açıq və qələbə ilə çıxacayıq.
... Bu gün Azərbaycanda müvəqqəti
də olsa şər xeyri üstələyib, zor haqdan qabağa keçib. Amma bir misalda
deyildiyi kimi “Zor haqdan qabağa keçə bilər, lakin həmişəlik onu əvəz edə bilməz”.
Ədalətin bərpa olunacağı, haqqın zoru qabaqlayıb, öz layiqli yerini tutacağı gün uzaqda deyil.
O gün çox yaxındadır.
Buna hər kəs əmin olsun və
inansın!
Biz keçdiyimiz sınaqlarla
və mübarizəmizlə həmin günü yaxınlaşdırırıq!”































































































