DİN-nin mətbuat xidmətinin rəis müavini, polis polkovniki Ehsan Zahidov Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyevin Moderator.az saytında yol polisləri ilə bağlı getmiş yazısına etirazını bildirib. E.Zahidovun saytımıza göndərdiyi cavab yazısını olduğu kimi oxucuların diqqətinə çatdırırıq.
YENƏ
YOL POLİSİNƏ BÖHTAN ATIRLAR
Bu
dəfə kimlər və nə üçün?
Etiraf
etmək lazımdır ki, bu gün Azərbaycan mətbuatının ən çox müraciət etdiyi
mövzulardan biri də daxili işlər orqanlarının fəaliyyəti ilə bağlı olan məsələlərdir.
Mətbuatımızda gedən bu səpkili yazılarda polisin işini təqdir edənlər də olur,
tənqid edənlər də. DİN-in Mətbuat Xidməti kimi gündəlik olaraq polisin fəaliyyətinə
aid olan belə yazıları, əsasən də tənqidi
yazıları, xəbərləri, müraciətləri izləyir, əgər orada varsa, haqlı tənqid və
iradları müvafiq instansiyalara məruzə edirik, araşdırırırq və sonda həmin KİV-ə
cavab veririk. Bu, bizim gündəlik işimizin bir hissəsidir. Lakin polisin fəaliyyəti
ilə bağlı son günlər mətbuatda gedən iki yazı - bir müraciət, bir müxbir yazısı
üzərində xüsusi dayanıb, bəzi fikirlərimi
oxucularla da bölüşməyi vacib bildim.
Avqustun
20-də "Moderator.az" saytında özünü Azərbaycan Ziyalılar Birliyinin sədri
kimi təqdim edən Eldəniz Quliyevin ölkənin daxili işlər nazirinə müraciəti dərc
edilmişdi. Özünün iddiasına görə, Ziyalılar Birliyinə rəhbərlik edən şəxsin
nazirə müraciəti sizcə necə olmalıdır? Sözsüz ki, müəllifi buna vadar edən səbəb
çox ciddi, həm də cəmiyyəti bərk narahat edən bir məsələ olmalı və ziyalıcasına
yazılmalıdır. Çox təəssüflər olsun ki, bu vətəndaşın müraciətini oxuyanda müəllifi
ilə "titulları" arasında dərin bir uçurum görünür. Və göz önünə nəinki kəmsvad,
hətta ibtidai təhsilin, kitab-dəftərin belə nə olduğundan xəbərsiz birisi gəlir.
Guya polis adının, qanunlarımızın və dövlətçiliyimizin təəssübünü çəkən bu
dırnaqarası ziyalı Dövlət Yol Polisinin fəaliyyətindən narazılığını bildirir.
Yayın cırhacır istisində, qışın şaxtasında gecə-gündüz yollarda insanların, nəqliyyatın
hərəkət təhlükəsizliyini təmin edən, cinayətkarlıqla mübarizə aparan Dövlət Yol
Polisinə - böyük bir kollektivin ünvanına təhqir və həqarətlər yağdıran bu adam,
mundirində dövlətimizin müqəddəs atributlarını daşıyan insanların qarasına "mal
oğrusunu xatırladan polis formalı gədələr", "ova çıxmış tülkü kimi
şöngüyüb gizlənən" kimi küçə söyüşləri yağdırır. Ziyalı adına ləkə yaxan,
bu ada xələl gətirən, bu adın arxasında gizlənərək başqalarına çirkab atan Eldəniz
Quliyev yəqin onu da bilmir ki, daxili işlər orqanlarının işgüzar nüfuzunu gözdən
salmağa, polis əməkdaşlarının şərəf və ləyaqətinin təhqirinə yönəlmiş cızmaqarasına
görə qanun qarşısında məsuliyyət daşıyır. Hətta olmuş olsa belə, bir nəfərin
neqativ hərəkətinə görə onun təmsil etdiyi quruma qarşı əsassız ittihamlar irəli
sürmək, onların ünvanına KİV vasitəsilə təhqirlər yağdırmaq birbaşa cinayətdir.
Hiddətlənən DYP əməkdaşları yığılıb onu
məhkəməyə versələr, başçılıq etdiyi o birliyin özü kimi 500 şəriki də gəlsə,
onu məsuliyyətdən qurtara bilməz. Ayıbdır, E.Quliyev! Heç nəyinə də olmasa, öz
saç- saqqalına hörmət elə...
Barəsində
danışmaq istədiyim ikinci məsələ isə adlarını çəkib reklam etmək istəmədiyim
bir qəzet və onun dəmtutan saytında dərc edilmiş "Nuşirəvan Səfəriovun
oxuması vacibdir" adlı yazıdır. Bakı Şəhər DYPİ-nin bir əməkdaşının guya
qanunsuz hərəkətlərinə həsr olunmuş bu söz yığını niyə məhz N.Səfərova
ünvanlanıb? “Mənim səndən-sənə şikayətim var”ın əsl niyyəti nədir? Çoxsaylı vətəndaşların
müraciəti əsasında uzun müddət Azərbaycan Mətbuat Şurasının "Qara
siyahı"sında yer alan bu qəzeti hazırlayanlar yaxşı bilirlər ki, DYPİ Daxili
İşlər Nazirliyinin vacib bir xidmət sahəsi olmaqla, dövlət orqanıdır. Oranın əməkdaşları da başda
Nuşirəvan Səfərov olmaqla dövlətin müəyyən etdiyi vəzifələri nazirliyin rəhbərliyi
altında icra edirlər. Elə buna görə də həmin idarənin əməkdaşları haqqındakı
ictimai rəyi də onların rəislərindən min dəfə çox DİN-in və ən əsası da dövlətimizin,
xalqımızın bilməsi vacibdir.
Yol
hərəkət qaydasını kobud şəkildə pozan, polisin qanuni tələbinə məhəl qoymayaraq
söyüşlə, təhqirlə cavab verən sürücünü müdafiə edərək qanun keşikçisini əsassız
ağır ittihamlarla suçlayan belə bir cızmzqaranı da, onu dərc edən qəzet və sayt,
əslində, bu yolla öz dar düşüncələrinə görə ən çox işləri düşən DYPİ-yə
"xox gəlirlər”. Yəni, istəyirsənsə, belə yazmayaq, onda bizimlə
hesablaşmalısan, başqa sözlə, tez-tez
pozduğumuz YHQ-na görə yazılan protokollar üzrə ödəməli olduğumuz cəriməni bizdən
soruşmayın, işıqforun qırmızı işığına məhəl qoymamağımıza, avtomobili sənədsiz,
yaxud da sərxoş vəziyyətdə idarə etməyimizə göz yumun,bizdən “qorxun” və “çəkinin”.
Ancaq unudurlar ki, onlar çox təhlükəli
bir yoldadırlar və bu yolla çox da uzağa gedib çıxa bilməyəcəklər. Çünki, əlahəzrət
Qanun hamı üçün eynidir. “Ziyalı”, “müxbir” üçün də, həkim, çoban üçün də. Qanunun tələblərinə hamı riayət etməlidir.
O
ki, qaldı adıçəkilən yazıda qeyd olunan Dövlət Yol Polisinə yönəli əsassız
iddialara, onları ətraflı şəkildə təkrarlamağa lüzum görmürəm. Mahiyyəti ondan
ibarətdir ki, avqustun 18-də saat 24 radələrində "BMW-X6" markalı
avtomobil qayda pozuntusuna yol verdiyi üçün ərazidə xidmətdə olan YPX əməkdaşları
tərəfindən saxlanılıb. Xanım sürücü polisin sənəd təqdim etmək tələbini
aqressiv formada qarşılayaraq maşını hərəkətə gətirib. Polisdən qaçmağa çalışan
sürücü tezliklə saxlanılıb. Elə əsl mərəkə də bundan sonra başlanıb. Polis əməkdaşlarını
nalayiq sözlərlə təhqir edən sürücü xanım, ən nəhayətdə heç bir sənədinin
olmadığını etiraf edib. Belə olan halda şəxsiyyətini müəyyənləşdirmək və barəsində
inzibati protokol tərtib edilməsi üçün sürücü aidiyyatı üzrə polis bölməsinə dəvət
olunub. Burada da o, öz aqressiv hərəkətlərini davam etdirib.
Bölməyə gələn sürücünün bacısı onun sənədlərini təhqiqatçıya
təqdim edib. Məlum olub ki, gecə yarısı heç bir sənədi olmadan
"BMW-X6" markalı avtomobil idarə edən, yol hərəkət qaydalarını kobud
şəkildə pozan, xidməti vəzifələrini
yerinə yetirən polis əməkdaşlarına müqavimət göstərən bu şəxs Bakı şəhər sakini
Samidə Rəhimovadır. Yaxınlarının və özünün üzrxahlığı, eləcə də qadın olması nəzərə
alınaraq S.Rəhimova ilə bağlı yalnız törətdiyi qayda pozuntusuna görə inzibati
protokol tıərtib edilib. O da öz növbəsində sənəddə qeyd edilənləri imzası ilə
təsdiqləyib, heç bir şikayətinin olmadığınlı bildirib.
Yeri
gəlmişkən, Yol Polisləri ilə sürücü arasında olan bütün söhbətlər və hərəkətlər
YPX avtomobilinə quraşdırılmış kamera və səsötürücülər vasitəsi ilə qeydə
alınıb. O ki, qaldı guya polis əməkdaşlarının bu zaman onun paltarını cırmasına
və sifətinə xəsarət yetirmələrinə, bu da açıqca iftiradır. Azca vicdanı olan hər
bir vətəndaşımız etiraf edər ki, hətta, belə deyək, ən kobud yol polisi əməkdaşı
da qadınlara güzəştə gedir, bəzi xırda qüsurlarına göz yumurlar. Qadının
paltarını cırmaq, onun sifətinə xəsarət yetirmək, belə zərif məxluqa qarşı bir
neçə polisin güc tətbiq etməsi iddiası gülünc olduğu qədər də iyrənc şər və
böhtandır.
Fikir
verdinizmi, yol hərəkəti qaydasını pozan, polisin qanuni tələblərinə riayət etməyənləri
bəzi üzdəniraq yazarlar necə cani-dildən müdfafiə edirlər? Çünki onları bir məqsəd,
bir hədəf birləşdirir-vəzifə borcunu fədakarcasına, qanunun tələbləri çərçivəsində
həyata keçirən polis. Qanuna hörmət edən şəxs onu həyata keçirən dövlət nümayəndəsinə
hörmət və sayğı göstərməlidir. Bizim yüzminlərlə belə həmvətənimiz, soydaşımız
var. Amma nə edəsən ki, atalar sözündə deyildiyi kimi, meşə...( Gerisini
yazmağı özümüzə rəva bilmədik).
Sonda
onu da xıtırladım ki, öz şəxsi mənafeləri üçün Azərbaycan mətbuatı adına xələl
gətirən, jurnalist etikasından xəbərsiz olan belə şəxslər haqqında, onların
gündəlik fəaliyyətləri barədə bizdə - DİO-da xeyli "xoruz səsi eşitməyən"
faktlar var ki, açıb ictimaiyyətə təqdim etsək, gərək onlar ölkədən baş götürüb
qaçalar...
DİN
Mətbuat Xidmətinin rəis müavini,
polis
polkovniki Ehsan Zahidov































































































