Yezidi kürdlərin Dünyada və Ermənistandakı İttifaqı Qarabağda İraqın şimalından gətirilmiş 200 yezidi kürd ailəsini məskunlaşdırmağa hazırlaşır. Axar.az “Tert.am” saytına istinadən xəbər verir ki, bu açıqlama ilə təşkilatın sədri Əziz Tamoyan çıxış edib. O, qondarma Dağlıq Qarabağ qurumunun separatçı rəhbərliyinin bu köçürülməyə razılıq verdiyini və kürd ailələrə kömək edəcəyini bildirib. Tamoyan həmçinin kürdlərin Ermənistanda yaşadığı müxtəlif bölgələrdən pul toplandığını, onların əhalinin məskunlaşdırılması üçün istifadə ediləcəyini söyləyib.
Məlumat
üçün qeyd edək ki, bundan öncə də Ermənistanın Qarabağa Suriya və İraqdan
gətirilən kürd əsilli ailələr məskunlaşdırdığı ilə bağlı xəbərlər yer alsa da,
bu informasiyaların səhihliyini təsdiq edən mənbələrin azlığı cəmiyyətin məlum
informasiyaların ciddiliyinə olan inamını o qədər də təmin etmirdi. Halbuki, həmin
vaxtda da bu məzmunlu informasiyaların həqiqət ola biləcəyi ölkənin tanınmış
hərbi-siyasi ekspertləri tərəfindən istisna edilmirdi. Ə.Tamoyanın yezidi
kürdlərin Qarabağa köçürülməsi planı haqqında səsləndirdiyi fikirlər məlum
layihənin bu gün də kifayət qədər aktual olduğunu göstərir.
Moderator.az-a
açıqlama verən politoloq Fərhad Mehdiyev də hesab edir ki, ermənilər yezidi
kürdlərin Qarabağda məskunlaşdırılmasını həyata keçirməklə ilk növbədə 1949-cu
ilin Cenevrə konvensiyasının tələblərini pozurlar ki, bu da beynəlxalq hüquqla
yolverilməzdir:
“İşğal
edilmiş ərazilərdə mülki əhalinin yerləşdirilməsi 1949-cu ilin Cenevrə konvensiyasının
tələblərini pozur. Çünki həmin konvensiya bunu qadağan edir. Bu baxımdan da
ermənilərin məlum addımı ilk öncə beynəlxalq hüququn pozulması kimi
qiymətləndirilməlidir”.
F.Mehdiyevin
qənaətincə, Qarabağa köçürülən xalqın təmsilçilərinin etnik baxımdan
Azərbaycana yaxın olmaması gələcəkdə ölkəmiz üçün müəyyən problemlərin yarana
biləcəyini istisna etmir:
“Şübhəsiz
yezidi kürdlərin Qarabağa yerləşdirilməsi bizim üçün lüzumsuz başağrısıdır.
Onların əcnəbi olduqlarını və etnik baxımdan bizə yaxın olmadıqlarını nəzərə
alsaq, o zaman baş verənlərin ölkəmizə yaxşı heç nə vəd etmədiyi aydın olar”.
Seymur Əliyev






























































































