Moderator.az xəbər verir ki, avqustun 19-da Gəncə şəhərində "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin "Regional Təlim İnkişaf Proqramı-1" çərçivəsində Qərb zonası üzrə "Kompleks Təlim Proqramı"nın rəsmi açılışı olub. Açılış mərasimində “Azərsu” ASC-nin, Gəncə Şəhər İcra Hakimiyyətinin, Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsinin, ali təhsil müəssisələrinin əməkdaşları, ziyalılar və KİV nümayəndələri iştirak edib. Tədbir iştirakçıları əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Gəncə şəhərində ucaldılmış abidəsini ziyarət edib.
Tədbirdə Azərbaycan
Respublikasının dövlət himni səsləndirildikdən sonra Gəncə şəhərində yeni inşa edilmiş "Heydər
Əliyev Mərkəzi və Park Kompleksi", və "Azərsu" ASC-nin fəaliyyəti
ilə bağlı videoçarxlar nümayiş etdirilmişdir.
Açılış mərasimində çıxış edən Gəncə şəhər icra hakimiyyətinin
başçısının birinci müavini Mikayıl Zeynalov bölgələrdə həyata
keçirilən içməli su və kanalizasiya infrastrukturlarının yenidən
qurulması layihələrinin əhalinin sosial rifahının yaxşılaşdırılmasına xidmət
etdiyini bildirmişdir. O, Gəncə şəhərində içməli su və kanalizasiya sistemlərinin
yenidən qurulması istiqamətində layihənin icra olunduğunu xatırladaraq
tikinti-quraşdırma işlərinin intensiv şəkildə həyata keçirildiyini
vurğulamışdır.
"Azərsu" ASC-nin sədrinin istismar üzrə müavini Köçərli Həsənov
bildirmişdir ki, Səhmdar Cəmiyyətinin fəaliyyətində beynəlxalq təcrübə,
qabaqcıl texnologiyalar, müasir innovativ idarəetmə, informasiya resurslarından
səmərəli istifadə prioritet təşkil edir. “Bütün bunlar nəzərə alınaraq Cəmiyyətin
mütəxəssisləri mütəmadi olaraq ölkə daxilində və xaricdə təşkil olunan təlimlərə
cəlb edilir. Bu prosesin davamı olaraq "Azərsu" ASC "Regional Təlim
İnkişaf Proqramı-1" çərçivəsində respublikanın regionlarında fəaliyyət göstərən
idarə və müəssisələrin işçilərinin peşəkarlığının artırılması məqsədilə kompleks
təlim proqramları həyata keçirir. Kadr hazırlığı işinin yüksək səviyyədə təşkil
edilməsi üçün hazırda Bakı şəhərində
yeni Təlim Mərkəzi inşa edilir və cari ilin sonuna qədər mərkəz fəaliyyətə
başlayacaq”.
“Azərsu” ASC-nin “Birləşmiş
Sukanal” MMC-nin direktoru Etibar Məmmədov qeyd etmişdir ki, Prezident
İlham Əliyevin hər bir şəhər və kəndin 24 saat fasiləsiz və keyfiyyətli içməli
su ilə təmin edilməsi barədə tapşırıqlarına uyğun olaraq bölgələrdə
genişmiqyaslı işlər həyata keçirilir: “Möhtərəm Prezidentin tapşırığına uyğun olaraq
istehlakçıların 24 saat fasiləsiz və keyfiyyətli içməli su ilə təmin edilməsi
istiqamətində layihələr həyata keçirilir. Bu layihələrin icrası zamanı yeni laboratoriyalar yaradılır, müasir
texnoloji avadanlıqlar quraşdırılır. Yeni infrastrukturu idarə etmək
üçün peşəkar kadrların hazırlanması prioritet kimi müəyyənləşdirilmişdir. Həyata
keçirilən təlim proqramları yerli sukanal idarələrində çalışan işçilərin bilik
və bacarıqlarının artırılmasına xidmət edəcəkdir”.
"Azərsu" ASC-nin İşlər İdarəsinin rəis müavini Rahid Fətəlizadə
isə bildirmişdir ki, "Regional
Təlim-İnkişaf Proqramı-1” çərçivəsində 7 regionda təlimlərin
keçirilməsi planlaşdırılır: “Ümumilikdə 1500 işçinin 9 istiqamət üzrə təlimlərdə
iştirakı nəzərdə tutulub. İndiyə qədər Quba, Lənkəran və Şamaxıda belə təlimlər
keçirilmişdir. Növbəti təlimlər respublikanın qərb bölgəsini əhatə etməklə Gəncə
şəhərində keçirilir. Bu təlimlərdə 11 rayondan 263 işçinin iştirakı nəzərdə
tutulmuşdur.”
Cari ilin sentyabr ayının ortalarınadək davam edəcək təlimlər seminar
və praktiki məşğələlər formasında keçirilir. Təlimləri müvəffəqiyyətlə başa
vurmuş işçilər "Azərsu"
ASC-nin "Daxili təlimçilərin təlimi" layihəsi üzrə namizədlərin
seçilməsi və hazırlanması layihəsinə daxil ediləcəklər.
Təlim müddətində iştirakçıların asudə vaxtlarının səmərəli təşkili
üçün müxtəlif sosial proqramlar həyata keçiriləcəkdir.































































































