Keçmiş baş prokuror İxtiyar Şirinin Moderator.az-a geniş müsahibəsinin üçüncü hissəsini təqdim edirik:
Əvvəli burada: moderator.az/?xeber=52302
-Heç üzləşdiyiniz haqsızlıqlarla bağlı prezidentə müraciət etmək fikriniz olubmu?
-Bununla nəyəsə nail olmaq mümkündürsə elə sizin vasitənizlə belə bir müraciəti edirəm.
-Ən azından bu imkandan da istifadə edə bilərsiniz. Sabah kimsə deməsin ki, xəbərimiz olmayıb...
-Hesab edirəm ki, məni bu vəziyyətdə saxlamaq lazım olduğuna görə saxlayıblar.
-Bəlkə səmimi şəkildə prezidentin Sizinlə bağlı baş verənlərdən xəbəri yoxdur?
-İnanmıram ki, mənimlə bağlı məsələdə prezident İlham Əliyevin təşəbbüsü var. Ola bilsin ki, nə vaxtsa hansısa məsələlərin içində bir formada dilucu ona deyə bilərlər ki, iş çətində düşəndə desinlər ki, cənab prezident, vaxtilə sizə məruzə etmişdik. Mən heç cür inanmıram ki, İlham Əliyev mənim barəmdə belə bir qərar qəbul edilməsinə göstəriş və yaxud razılıq verə. Azərbaycanda həm hakimiyyətin, həm də müxalifətin içərisində məsələləri dolaşığa salmaq istəyən, hamını bir-birinə düşmən etmək istəyən adamlar var.
-Belələri cəmiyyətdəki milli barışığa, iqtidar-müxalifət münasibətlərinin nizama düşməsinə hər vəchlə mane olmağa çalışırlar...
-Bəli, tamamilə doğrudur. Həm də mənim kimi vəziyyətdə və daha ağır vəziyyətdə çox adamlar olduğunu da bildiyimdən açığı istəmirəm ki, cənab prezidentə tək özümə edilən qanunsuzluqlar barədə müraciət edəm. Bəlkə də mənim yanaşmam doğru deyil. Amma mənim məsələyə münasibətim belədir.
-Bu gün cəmiyyətin bir nömrəli müzakirə mövzusu Qarabağ münaqişəsidir. Bir illik AXC iqtidarı Dağlıq Qarabağın az qala yarısını almışdı. Əgər 4 iyun hadisələri olmasaydı, məsələni birdəfəlik həll etmək mümkün idimi?
-Mən bu mövzu ətrafında mətbuatda xeyli fikirlər səsləndirmişəm. Kəlbəcər 1993-cü ilin mart ayının sonlarında-aprelin ilk günlərində işğal olunanda Kəlbəcəri yaxından tanıyan bir adam kimi vəziyyətin ağırlığını gördüm. Ordu yox idi və demək olar ki, ermənilərlə döyüşə göndərilənlər ordan-burdan toplanmış dəstələr idi. Ölkənin müdafiəsinin əsas ağırlığı isə özünümüdafiə qüvvələrinin üzərinə düşürdü. Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, o zaman Azərbaycanın qorunmasında, düşmənə layiqli cavab verilməsində özünümüdafiə batalyonlarının çox böyük rolu olub. Onlar çoxlu şəhidlər verib və çox böyük qəhrəmanlıqlar göstəriblər. Mən düşündüm ki, gerçəkdən də alınmaz qala olan bir rayonu əldə saxlaya bilmədiksə, digər rayonları qorumaq da asan olmayacaq. Durub getdim prezident Elçibəyin yanına. Fikrimi ona bildirdim ki, bu cür davam edə bilməz, təcili tədbirlər görmək lazımdır. Məndən soruşdu ki, nə təklif edirsən? Dedim ki, Türkiyə ilə danışmışam, artıq adamlar da göndərmişəm ki, qardaş ölkə bizim hansı durumda olduğumuzu və bizi hansı faciəni gözlədiyini bilib çıxış yolu göstərsinlər. Ona bildirdim ki, artıq Süleyman Dəmirələ məruzə olunub və o məni dəvət edib. Beləliklə, Əbülfəz bəyin razılığını aldım və onun adından danışmaq səlahiyyətini mənə verdikdən sonra Türkiyəyə getdim. O vaxta qədər heç Süleyman Dəmirəli tanımırdım. Təbii ki, mən prezidentin adından gedirdim və ona deyiləcək sözlər də Azərbaycanın adından deyilirdi. Aprelin 3-də getdim və elə həmin gün də Süleyman Dəmirəllə görüşdüm. Söhbətdən dərhal sonra Azərbaycana yardımlarla bağlı ciddi işlər görülməyə başlanıldı. İlkin olaraq Süleyman Dəmirəl bəyanatla çıxış edərək Ermənistanın işğal etdiyi əraziləri dərhal azad etməsini tələb etdi və Türkiyənin Ermənistanla bütün quru və hava sərhədləri bağlandığını elan etdi. Bu məhz bizim gördüyümüz işlərin nəticəsi idi. Bundan başqa Türkiyə Silahlı Qüvvələri Ermənistanla sərhəddə irimiqyaslı hərbi təlimlərə başladı, hərbi rəhbərlik bəyanatlar verdi. Bu da Türkiyə silahlı qüvvvələrinin Ermənistana Azərbaycana yardıma gələcəyi ilə bağlı mesajı idi. Müzakirələrdə Azərbaycana ediləcək yardımlarla bağlı məsələlər tam aydın olduqdan sonra ölkən rəhmətlik prezident Əbülfəz Elçibəyə zəng edərək qısa məlumat verdim və bildirdim ki, baş nazir Pənah Hüseynin də hökumətin adından gəlib sənədləri imzalaması lazımdır. Xahiş etdim ki, onu Pənah Hüseynov Türkiyəyə gəlsin. Pənah bəy də gəldi, Terkiyənin müdafiə naziri və başqa vəzifəli şəxslərlə görüşlər keçirildi, hərbi yardım haqqında hazırlanmış sənədlər imzalandı və bir neçə gündən sonra Azərbaycana ordumuzun hərbi hazırlığını təşkil etmək üçün 175 yüksək hazırlıqlı türk zabiti gətirdik. Bu o dövr üçün də, elə indiki dövr üçün də böyük çox böyük yardım idi. 175 təlimçi zabit 15 min əsgərin təlim keçməsi üçün 175 zabit kifayət etdiyinə görə zabitlərin sayı bu qədər müəyyən edilmişdi. Azərbaycan da hər üç aydan bir cəmi 15-16 min çağırışçı orduya çağrıla bilərdi. Bundan əlavə xeyli hərbi və tibbi ləvazimat və s. dalbadal təyyarələrlə Azərbaycana çatdırıldı. Bundan sonra Türkiyə diplomatiyası da səngər diplomatiyasına keçərək Ermənistanın təcavüzünə qarşı çox böyük həmlələr etməyə başladı. Məhz bu dəstəyin nəticəsi idi ki, aprelin 28-də BMT Təhlükəsizlik Şurasında Kəlbəcərin işğalıyla bağlı 822 saylı qətnamə qəbul olundu. Türk zabitləri də Azərbaycana gələn kimi dərhal bütün rayonlarda hərbi çağırış həyata keçirib, 15 min sağlam, hərbiyə yararlı gənci türk zabitlərinin sərəncamına verdik. Onlara çox güclü təlimlər keçməyə başlanıldı. Qərar belə idi ki, hər üç aydan bir həmin türk zabitləri Azərbaycan ordusunun sərəncamına əlavə olaraq 15 min döyüşə tam hazır, hərbi təlimlərdə sınaqdan çıxmış döyüşçü verməliydi.
-Amma 4 iyun hadisələri bunu əngəllədi...
-Bəli. Danışmışdıq ki, ilkin olaraq 15 minlik həmin qüvvələri oktyabr ayında təhvil alaq. Özü də sizə deyim ki, tamam fərqli tələblər və standartlara cavab verən ordu hazırlanacaqdı ki, bir gündə həmin hərbi qüvvələr 30-40 kilometr piyada döyüşərək irəliləməyə qadir olsunlar. Bu, əsgər üçün elə-belə məsələ deyildi. Bu cür nəfəsə və gücə malik olmaq, düşmənlə təkcə silahla deyil, əlbəyaxa döyüş növündə də peşəkarlıq sərgiləmək Azərbaycan ordusunu regionun bir nömrəli ordusuna çevirəcəkdi. Deyim ki, Ermənistan və Rusiya də bizim hazırlıqlarımızdan təlaşa düşmüşdülər və 822 saylı qətnamədən sonra Ermənistan Kəlbəcərin sentyabrda azad edilməsinə razılıq verdilər. Ancaq Rusiyanın, Ermənistanın və onların burdakı agentlərinin birgə hazırlayıb həyata keçirdikləri 4 iyun Gəncə qiyamı bütün planları pozdu, Azərbaycanı demək olar ki, məhv elədi və bu qiyamın nəticəsində altı rayon da işğal olundu. Mənim ümidim çox böyük idi və bütün bunların hamısı olacaqdı, lakin Gəncə qiyamını törədən düşmənlər buna imkan vermədi.
-Belə çıxdı ki, Ermənistanla Türkiyə sərhədlərinin bağlanmasının müəlliflərindən biri Sizsiniz.
-Belə də demək olar. Ancaq 2004-cü ildə Amerikanın təkidi ilə Türkiyənin Ermənistanla hava sərhədi açıldı. Bunun da nəticəsində Ermənistan bir qədər rahay nəfəs almağa başladı. Əgər vəziyyətdə ciddi bir dəyişiklik olmasa Ermənistanla hava sərhəddinin təkrar bağlanması barədə prezident İlham Əliyev Türkiyə rəhbərliyinə müraciət etməlidir. Çünki hava sərhəddinin açılmasının şərtlərindən biri Ermənistanın işğal etdiyi torpaqları azad edəcəyi ilə bağlı təşəbbüskar dövlətin verdiyi vədlər idi. Bundan biz də əziyyət çəkəcəyik. Naxçıvana hava yolu bir qədər uzanacaq. Ancaq Naxçıvana başqa qısa yolları tapmaq mümkündür. Azərbaycanın buna gücü çatar.
-Əslində bu heç baş prokurorun da işi deyildi, bunu AXC hakimiyyətinin siyasi rəhbərliyi etməliydi, ancaq Siz bu təhlükəni hamıdan öncə görərək təxirəsalınmaz tədbirlər görülməsi üçün Elçibəyi demək olar ki, tələsdirmisiniz...
-Bunu dediniz, indi də məni vəzifə səlahiyyətlərimi aşmaqda ittiham edə bilərlər...(gülüşürük)
-Son zamanlar cəmiyyətdə belə bir hakim mövqe var və biz jurnalistlər də bunu qabartmağı sevirik ki, məmləkətin məmə deyənindən pəpə yeyəninədək hamı müsəlləh əsgər kimi müharibəyə köklənib və Ali Baş Komandanın bircə himinə bəndik ki, Xankəndini ayaqlar altında qoyub keçək. Bəs Sizin müşahidələriniz nə deyir, cəmiyyət olaraq ikinci Qarabağ Savaşına hazırıqmı?
-Mən həmişə belə hesab etmişəm və bu gün də o fikirdəyəm ki, Azərbaycan xalqı Qarabağın ermənilər tərəfindən işğalda qalmasını heç vaxt həzm edə bilməz. Xalqımızın ürəyində bu gün bir Qarabağ dərdinin qübar elədiyini hiss edirəm. Yeni nəsil yarandıqca bizim gücümüz də getdikcə artır. Çünki yeni nəsil məsələlərə daha radikal yanaşır və ermənilərlə haqq-hesab çəkilməsinə can atır. Son dövrlərdə yaşanan olaylarda da ordumuzun ermənilərə dərs verməsi belə bir əminlik yaradır ki, Azərbaycan xalqı torpaqlarını geri almaq üçün döyüşə də, qalib gəlməyə də, şəhid verməyə də hazırdı. Dövlət sadəcə bu işi elə təşkil etməlidir ki, doğru qərarlar qəbul olunsun, ordu döyüşə tam hazırlıqlı vəziyyətdə olsun və gücümüz düşmənin gücündən ən azı üç-dörd dəfə çox olsun.
-Düşmən deyəndə Siz təkcə Ermənistanı nəzərdə tutursunuz?
-Rusiya və Ermənistanı bir yerdə nəzərdə tuturam.
-Biz nə zaman Rusiyadan güclü ola blərik ki?
-Bilirsiniz necədir, biz bu müqəddəs savaşı Ermənistanla və onun müttəfiqləriylə aparacağımıza görə digər tərəfdə də biz və bizim müttəfiqlərimiz açıq şəkildə iştirak etməlidir. Hamı görməlidir ki, bizim yanımızda Türkiyə var, Pakistan və başqa qardaş ölkələr-Qazaxıstan və Qırğızıstan var.
-Onlar nə zaman bizim yanımızda oldular ki?
-Olacaqlar. Bu gün Qazaxıstanda gedən prosesləri izləsəniz görərsiniz ki, 10-20 il bundan qabaqkından fərqli olaraq Qazaxıstan cəmiyyətində Qarabağla bağlı Azərbaycanı çox böyük ürəklə müdafiə edən nəsil formalaşıb. Orada güclənən türkçülük və islamlaşma, xüsusilə də prezident Nursultan Nazarbayevin mövqeyi Qazağıstanda Qarabağın işğaldan azad edilməsi ilə bağlı tələblərin güclənməsinə səbəb olmuşdur. Qırğızıstanın yeni rəhbərliyinin fəaliyyəti də bu işdə Azərbaycanın gücünü artırmaqdadır. Prezident İlham Əliyevin ümumtürk birliyinin güclənməsi istiqamətində apardığı siyasətin bizə çox şeylər qazandıracağına ümid edirəm. Bu işlər getdikcə genişlənəcəkdir.
-Birinci Qarabağ savaşının iştirakçıları belə hesab edir ki, nə qədər yüksək hazırlıq keçmiş nizami ordu yaradılsa da torpaqları almaq üçün keçmiş döyüşçülərdən istifadə edilməsə qələbə qazanmaq çətin olacaq. Siz Türkiyədə müalicə alan 40 kiloluq əsgərləri gördünüzmü? Axı onlarla müharibə etmək nə dərəcədə doğru və ədalətlidir? Bayaq bir gündə 30-40 kilomter irəliləyə bilən əsgərlərdən bəhs etdiniz. Axı bu günki əsgərlərin heç 3-4 kilometr irəliləməyə də nəfəsi çatmaz.
-Ona görə də Azərbaycanın indiki ordusu mükəmməl hazırlanmalıdır. Bizim bunu həll etmək imkanımız çoxdur. Özümüzün təcrübəli zabitlərimizi, əgər lazım olarsa o cümlədən müharibə görmüş və ehtiyatda olan zabitlərimizi bu işə cəlb etməklə yanaşı, min illik hərbi təcrübəyə sahob olan Türkiyə Silahlı Qüvvələrinin zabitlərinin ordumuzun hazırlanmasına cəlb edilməsi çox vacibdir. Müdafiə Nazirimizin Türkiyənin hərbi rəhbərliyi ilə onun hələ Daxili Qoşunların komandanı olduğu vaxtdan yüksık səviyyədə olub və bu işi çox rahat görmək imkanımız var. Azərbaycanın Türkiyə ilə həm 1993-cü il aprel ayında, və sonrakı illərdə qarşılıqlı hərbi yardımlaşmalar barədə olan dövlətlərarası müqavilələr də bu işin həllini asanlaşdırır. Buna görə də hesab edirəm ki, müdafiə nazirinin belə bir təklifi ölkə prezidenti tərəfindən müdafiə edilər.
-Biz hər zaman Türkiyənin qardaşlığından danışmağı xoşlayırıq, ancaq həlledici məqamda Türkiyəni axtarsaq da yanımızda görə bilmirik...
-Türkiyə həlledici məqamlarda həmişə Azərbaycanın yanında olub. !993-cü ildə də, sonralar da, indiki dövrdə də. Son illərdə münasibətlər və imkanlar daha da güclənibdir. Hər şey Azərbaycan dövlətindən asılıdır. Bizə nələrin lazım olduğunu biz özümüz deməliyik.Rəhmətlik prezident Heydər Əliyevin Türkiyə-Azərbaycan münasibətlərinin «Bir millət iki dövlət» prinsipi əsasında möhkəmləndirilməsi siyasəti də bizim birliyimizi daha da qüvvətləndirdi. İnanıram ki, Türkiyə Azərbaycanı heç vaxt darda qoymaz. Azərbaycan da həmçinin Türkiyəni heç vaxt darda qoymaz.

































































































